Bakı yenə oyunları pozdu: Qranada görüşü niyə ləğv olundu?

Bakı yenə oyunları pozdu: Qranada görüşü niyə ləğv olundu?
 

Bakının Qranada görüşündən imtina etməsi gözlənilən idi və bu da baş verdi. Bakının belə bir görüşdən imtina etməsi üçün ciddi əsasları var.

Birincisi, görüşdə iştirak edəcək tərəflərin İrəvanla Bakıya eyni qaydada tərəfsiz deyil, tərəfli mövqe sərgiləməsi oldu. Aİ məsələdə öz obyektivliyini deyil, qərəzini ortaya qoydu. Belə ki, görüşün keçirilməsinin təşəbbüskarı kimi Avropa Şurasının rəhbəri Şarl Mişel çıxış etsə də, son dövrlərdə ermənilərdən daha çox erməniçilik mövqeyi sərgiləməkdədir. Şarl Mişel açıq formada beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirib. Belə ki, Azərbaycan beynəlxalq hüququn ona verdiyi imkanlardan istifadə edərək, o cümlədən mülki insanlara və onların əmlakların heç bir ziyan vurmadan antiterror tədbiri həyata keçirib, amma Mişel Bakının öz suveren hüquqlarını təmin etməsinə qarşı çıxıb və bununla bağlı sərt bəyanatlar verib. Bu da belə bir görüşün baş tutmasını qeyri-mümkün edirdi.

İkincisi, Fransanın məsələ ilə bağlı sərgilədiyi mövqedir ki, bu barədə danışmağa artıq lüzum yoxdur. Fransanın bölgədə sülhə əngəl yaratması istiqamətindəki pozucu fəaliyyəti hamıya bəllidir.

Üçüncüsü, Azərbaycan tərəfi görüşdə Türkiyənin də iştirakını təklif etsə də, Fransa, Almaniya buna qarşı çıxıb.

Dördüncüsü, Aİ-yə üzv ölkələrin son günlərdə Cənubi Qafqazda sülhə xidmət etməyən mövqe sərgiləməsi və Azərbaycana qarşı qeyri-səmimi və təzyiq mexanizmindən istifadə etməsi.

Bütün bu və digər amillər görüşdə sülh danışıqları üçün yaxşı bir atmosfer yaratmadığından  Bakı bu danışıqlardan imtina etmək qərarına gəlib və bununla da doğru addım atıb. Bir çoxları hesab edir ki, gərək Bakı görüşdə iştirak edəydi. Bakı görüşdə necə iştirak edəydi ki, əvvəlcədən görüşün hansı şəraitdə və atmosferdə keçəcəyi hamıya bəllidir. İştirak olsaydı digər iştirakçıların hamısı Azərbaycana qarşı təzyiq tonunda danışmağa üstünlük verəcəkdi. 

Digər bir məqam isə ondan ibarətdir ki, görüşdən öncə Prezidentin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsseldə lidelərin görüşünü müzakirə ediblər. Yəqin ki, həmin görüşdə də Bakının sülhlə bağlı şərtləri nəzərə alınmayıb. Bakı da sülhdə maraqlı olduğundan İrəvandan fərqli olaraq danışıqlardan spekulyasiya etmək üçün yox, konkret nəticələrə xidmət edən görüşlərdə iştirakda maraqlıdır. Bu görüşdən Paşinyan daha çox Ermənistanda daxili siyasi məqsədləri naminə spekulyasiya edəcəkdi. Amma Paşinyan və onun havadarlarının növbəti hiyləgər planları Bakı tərəfindən iflasa uğradı.

   
Mürtəza
Ölkə.Az

 

0.016510009765625