Mədəniyyət Nazirliyindən korrupsioner kimi qovulmuş Azad Cəfərli Kənd Təsərrüfatı Nazirliyinə Aparat rəhbəri necə təyin olunub?

Mədəniyyət Nazirliyindən korrupsioner kimi qovulmuş Azad Cəfərli Kənd Təsərrüfatı Nazirliyinə Aparat rəhbəri necə təyin olunub?
 

Bütün islahat və yenilənməyə dair bəyanatlara baxmayaraq, Azərbaycanda hələ də kadr siyasəti sahəsində ciddi boşluqlar və kadr seçimi zamanı tətbiq olunan anlaşılmaz “prinsiplər” qalmaqdadır. Buraya milyonlarla dövlət vəsaitini mənimsəmiş və buna görə real həbs cəzası almış şəxslərin qısa müddətdə həbsdən azad edilməsindən tutmuş, bir çox məmurların fəaliyyətilə bağlı cinayət işlərinin açılmasına baxmayaraq, həbs edilməməsi, bəzən isə bir nazirlikdən, dövlət qurumundan digərinə adladılmasına qədər bir çox faktlar daxildir.

Məsələn, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Azad Cəfərlinin Kənd Təsərrüfatı Nazirliyində Aparat rəhbəri vəzifəsinə təyin edilməsini nümunə göstərmək olar.

Qeyd edək ki, A.Cəfərli 2004-2008-ci illərdə Azərbaycanın BMT-nin Cenevrə bölməsi yanındakı Daimi Nümayəndəliyində, 2012-ci ildən başlayaraq, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi - “ASAN”-da müxtəlif vəzifələr tutub. 2020-ci ildə isə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin olunub. O, həmin vəzifədə korrupsiyaya görə həbs edilən Zakir Sultanovu əvəz edib. 

Lakin belə görünür ki, yeni rəisin də fəaliyyəti əvvəlkindən ciddi fərqlənməyib. Belə ki, Hesablama Palatası sözügedən qurumun 2020-2022-ci illər üzrə, yəni Cəfərlinin rəhbər olduğu dövrə aid fəaliyyətinin auditi zamanı ciddi pozuntular və korrupsiya faktları aşkarlayıb. 

Audit dövlət büdcəsindən Xidmətə yönəldilən 22 milyon 214,1 min manat vəsaiti əhatə edib. Məlum olub ki, həmin dövrdə Xidmətin nəzarət sahəsinə aid edilən 4331 ədəd daşınmaz tarix və mədəniyyət abidələrinin 87,9 %-nin (3809 abidə) pasportlaşması təşkil edilməyib, 94,7 %-nin (4102 abidə) mühafizə zonaları təyin olunmayıb, 86,1 %-nin (3730 abidə) balans mənsubiyyəti müəyyən edilməyib, abidələrin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə 17 halda cərimə tətbiq olunmayıb, bir sıra hallarda isə tətbiq edilmiş cərimə məbləğlərinin dövlət büdcəsinə ödənilməsi təmin olunmayıb.

Xidmət tərəfindən podratçılar və digər icraçılarla bağlanılmış müqavilələrin şərtlərinə tam əməl edilməyib, satınalma müqaviləsinin müddətində işlərin başa çatdırılmaması fonunda 3 halda podratçıya artıq vəsait ödənilib: “Auditlə əhatə olunan obyektlər üzrə layihə-smeta sənədlərinin və yerinə yetirilmiş işlərin qəbulu aktlarının tikinti norma və qaydalarına uyğunluğu təmin edilməmiş, əsaslı təmir və yenidən qurma işləri üzrə yerinə yetirilmiş işlərin dəyərinin, həmçinin binaların sökülməsi və mədəniyyət obyektlərində ilkin təmir-bərpa işləri yerinə yetirilmiş iş həcmlərinin qəbul aktlarında əhəmiyyətli dərəcədə artıq göstərildiyi müəyyən edilib. Xidmətin fəaliyyətindəki nöqsanların bir qismi də dövlət satınalmaları ilə bağlı olub, yerinə yetirilməyən iş və xidmətlər üzrə vəsait ödənilməsi, həmçinin bir sıra satınalma prosedurlarının pozulması halları olub. Aparılmış inventarizasiya nəticəsində əsas vəsaitlər üzrə çatışmazlıqların müəyyən edilməsi, yaranmış debitor borc məbləğinin uçotdan yayındırılaraq maliyyə hesabatlarında əks etdirilməməsi, yaranan öhdəliyə görə kreditor borc məbləğinin uçotda artırılması və bu kimi halların xarakterik olması, ümumilikdə Xidmət üzrə nəzarət mexanizmlərinin tətbiq edilməməsi, aktivlərin uçotunun aparılması prinsiplərinin pozulması maliyyə hesabatlarında fərqlərə və təhriflərə yol açmaqla maliyyə vəziyyətinin düzgün qiymətləndirilməsində əsaslı risk amillərini formalaşdırıb.

Xidmətdə dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsi və idarə olunmasının auditi üzrə aşkar edilib hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunması nəzərə alınaraq auditin nəticələrinə dair müvafiq materiallar Baş Prokurorluğa göndərilib”. Yəni, Azad Cəfərlinin fəaliyyəti dövründə konkret korrupsiya cinayətlərinə dair aşkarlanan faktlar o qədər qabarıq olub ki, sənədlər prokurorluğa göndərilib. Bundan bir müddət sonra, cari ilin mart ayında Azad Cəfərli Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib.

Yaxşı, görəsən bütün bunlardan sonra hansı “prinsiplər” əsas götürülərək, Prezidentin vəzifədən azad etdiyi və Hesablama Palatasının işində korrupsiya faktları aşkarladığı bu məmur Kənd Təsərrüfatı Nazirliyində aparat rəhbəri kimi mühüm vəzifəyə təyin edilib?

Məlum olduğu kimi, nazirliklərdə aparat rəhbəri vəzifəsinə təyinatlar qanunla nazirin özünə həvalə olunub...

Burada məsələ yalnız ayrıca götürülmüş bir şəxsin yol verdiyi ciddi nöqsanlara, fəaliyyətində aşkarlanan korrupsiya faktlarına rəğmən cəzalandırılmaması, əksinə, bir qurumdan digərinə, yüksək vəzifəyə keçirilməsi deyil. Məsələ ümumilikdə kadr siyasətində hansı prinsiplərin əsas götürülməsi, necə seçim aparılmasındadır. 

Bəzi yeni, cavan icra başçılarının fəaliyyəti və ayrı-ayrı nazirliklərdə vəzifə alan “Avropa təhsilli” kadrların hansı oyunlardan çıxdığı da göstərir ki, hər şey heç də elan olunduğu kimi rəvan deyil. Yerində olmayan bu kadrlar həm əhaliyə, həm də dövlətə ciddi problemlər yaradırlar.

Belə görünür ki, bəzi kadrlar hansı əməli törətməsindən asılı olmayaraq, xüsusi imtiyazlara malikdirlər. Bir dövlət qurumu belələri barədə cinayət araşdırması apardığı halda, başqa bir qurumda asanlıqla onlara yüksək vəzifə verilə bilir. Deməli, ya, məsələn, Hesablama Palatası və hüquq-mühafizə orqanları qərəzlidir, ya belə kadrlara yüksək vəzifə verənlər heç kimlə hesablaşmır, ya da belələrinin “toxunulmazlıq immuniteti” var.

Belə anlaşılmaz və hansı prinsiplərə söykəndiyi qaranlıq qalan kadr siyasəti nəticə etibarilə layiqli, dürüst, savadlı kadrların özünə yer tapmamasına, onların tutmalı olduğu yerlərdə “boz karyeraya” malik şəxslərin oturmasına gətirib çıxarır. Bütün bunlardan sonra da gənc, istedadlı, bacarıqlı kadrların ölkədən getməsindən, “beyin axını”nın baş verməsindən gileylənirik... (“AzPolitika.info”)

Rasim Əliyev

0.012118101119995