Qarabağ münaqişəsi bitdi: Rusiya regionu tərk edir? 

Qarabağ münaqişəsi bitdi: Rusiya regionu tərk edir? 
 

“Rusiyanın Azərbaycana qarşı ən böyük təhdid elementi keçmiş Dağlıq Qarabağ münaqişəsi idi”.

Bu sözləri Globalinfo.az-a politoloq Elxan Şahinoğlu keçmiş Dağlıq Qarabağ münaqişəsinin bitməsindən sonra Rusiyanın Azərbaycana ehtimal təzyiq elementləri haqda danışarkən deyib.

O bildirib ki, 90-cı illərdə Qarabağ münaqişəsinin alovlanması, erməni işğallarının geniş vüsət alması Rusiyanın Azərbaycana təzyiqlərini artırdı:

“Rəsmi Moskva 30 illik işğal dövründə prosesi süni şəkildə uzadaraq bundan təzyiq elementi kimi istifadə etdi. Ermənistan və Gürcüstan da məlum münaqişələrə görə Kremlin təzyiqlərinə məruz qaldı.

Lakin xoşbəxtlikdən bu gün Qarabağ münaqişəsi deyə bir şey yoxdur. Ordumuzun keçirdiyi lokal antiterror tədbirləri ilə münaqişənin sonuncu elementləri də aradan qaldırıldı. Bu isə Rusiyanın əsas təzyiq vasitəsinin sıradan çıxması deməkdir.

Hesab edirəm, bütün bunlara baxmayaraq, Rusiya ilə ehtiyatlı olmalı, münasibətləri gərginləşdirməməliyik. Bizim qarşımızda duran əsas məsələ sülhməramlıların ölkədən gedişini təmin etməkdir.

Bu gün Kremlin Ermənistanda hərbi bazaları var. Abxaziya, Osetiya kimi münaqişələr qalır. Belə olan təqdirdə Rusiyanın Cənubi Qafqazdan getməsi real deyil. Azərbaycan bu proseslərdə çox diqqətli olmalı, Ermənistan-Rusiya gərginliyindən istifadə etməlidir”.

Tofiq Zülfüqarov isə bəzi ekspertlərin Rusiyanın Qarabağ siyasəti ilə bağlı səsləndirdiyi fikirlərlə razılaşmayıb: 

“Azərbaycan ictimaiyyətində belə baxışlar formalaşıb ki, guya Rusiya Azərbaycanın Qarabağda son addımlarını dəstəkləyib, guya bölgədə siyasi vəziyyət Moskva ilə bərabər tənzimlənib. Əslində  belə deyil. Reallığa baxanda görərik ki, Qarabağda vəziyyətin dəyişməsi Moskvanın ürəyincə deyildi. Çünki son hadisələr nəticəsində rus sülhməramlıları bölgəni tərk edəcəklər. Bu, həmçinin Ermənistanın Gümrü şəhərində rus hərbi bazasının ləğv olunmasına da şərait yarada bilər.

Əslinə baxanda Qarabağda yeni siyasi proseslər Qərbin xeyrinə olacaq. Ona görə ki, Cənubi Qafqaz üzərində nəzarət Qərbə Mərkəzi Asiyada öz siyasi və iqtisadi təsirinin artmasına imkan yaradacaq. Ancaq Azərbaycan və Türkiyənin ciddi dəstəyi olmasa, nə ABŞ, nə də Avropa ölkələri Mərkəzi Asiyada fəaliyyət göstərə biləcəklər”.

“İlkin olaraq qeyd edim ki, ABŞ, Fransa və bəzi Qərb ölkələrinin qanunvericilik orqanlarının bir sıra nümayəndələri birbaşa erməni seçicilərindən asılıdırlar. Bu baxımdan həmin millət vəkilləri öz siyasi maraqlarını təmin etmək üçün erməni lobbi təşkilatları ilə təmaslar qururlar, habelə onlara lobbi tərəfindən xüsusi imtiyazlar, hədiyyələr və vəsaitlər verilir. Qərbdə siyasi sistem məhz bu cürdür. ABŞ konqresmenləri və Fransanın millət vəkilləri onsuz da öz istədiklərini həyata keçirirlər”. 

T.Zülfüqarov hesab edir ki, onların ölkəmizə qarşı addımları heç bir nəticə verməyəcək: 

“Çünki 90-ci illərdən bu yana ABŞ Konqresində Azərbaycana qarşı 907-ci düzəliş aktı və digər sanksiya tipli aktlar qüvvədə saxlanılır. Otuz il ərzində Azərbaycanın torpaqları Ermənistanın işğalı altında qala-qala bu aktı qüvvədə saxlayırdılar. Ona görə də ölkəmiz öz ərazisində hansı addımları atsa belə, ABŞ Konqresində bir çoxları öz qərəzli münasibətindən əl çəkməyəcək. Onların məqsədi regionda xeyrini güdmək və istəklərinə nail olmaqdır”. 

0.032226085662842