Zaur Əliyevin adından pul alan şəxs həbs edildi32 min manatlıq dələduzluq

Zaur Əliyevin adından pul alan şəxs həbs edildi – 32 min manatlıq dələduzluq
 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyevin adından istifadə edib, qonşusunu TƏBİB-də işə düzəldəcəyini deyən şəxs həbs edilib.

Qaynarinfo-nun məlumatına görə, 1994-cü ildə Bakı şəhərində anadan olmuş İlkin Əsədov (soyad şərti) özünü vəzifəli şəxs kimi təqdim edib, qonşusu Hicran Camalovanı (soyad-şərti) İcbari Tibbi Sığortaya işə düzəldəcəyinə söz verib. O, bunun müqabilində Hicrandan ümumilikdə 40 min manat pul tələb edib.

Zərərçəkən şəxs İcbari Tibbi Sığortaya bir neçə dəfə “CV” versə də, işə düzələ bilməyib. Sonda 32 min manat pul verərək, İlkin Əsədovdan onu sözügedən quruma işə düzələməsini istəyib.

İlkin Hicrana narahat olmamasını, 17500 manat pul agentliyin direktoru Zaur Əliyevə çatandan sonra işin həll olunacağını bildirib.

Üzərindən bir neçə ay keçdikdən sonra işinin düzəlmədiyini görən Hicran İlkinlə əlaqə saxlayıb. Sonuncu tanışı Məhəmmədəlinin vasitəsi ilə Hicranı İcbari Tibbi Sığortanın rəhbəri Zaur Əliyevin qəbuluna yazdırdığını deyib.

Lakin bu da baş verməyib. İlkinin tanışı Məhəmmədəli Hicranı İcbari Tibbi Sığortanın kadrlar şöbəsinin rəhbəri Fəridə adlı xanımla görüşdürməyə söz verib.

İlkinin dələduz olduğunu anlayan Hicran bu barədə hüquq mühafizə orqanlarına məlumat verib. İş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə İlkin Əsədova 4 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Paralel.az

0.015637159347534