"Hər şey sadə və aydındır - Rusiya yoxdur" - Zbiqnev Boniek
UEFA-nın vitse-prezidenti Zbiqnev Boniek bir il yarımdır ki, rusiyalı futbolçuların beynəlxalq turnirlərə buraxılması ilə bağlı mövqeyini dəyişmədiyini etiraf edib.
Paralel.az bu barədə sport.pl-ya istinadən xəbər verir.
"Artıq il yarımdır ki, fikrimi dəyişməmişəm. Hər şey sadə və aydındır - Rusiya yoxdur. İnanıram ki, Ukraynadakı müharibə başa çatmalıdır və yalnız bundan sonra rusların meydana qayıtması barədə danışmaq olar. Mən bunu UEFA İcraiyyə Komitəsinin iclasında açıq şəkildə bildirdim və təbii ki, Rusiyanın 17 yaşadək futbolçulardan ibarət milli komandalarının yarışlara bərpasının əleyhinə səs verdim. Təəssüf ki, komitə başqa cür qərar verdi", deyə Boniek bildirib.
Sentyabrın 26-da UEFA İcraiyyə Komitəsi 17 yaşadək futbolçulardan ibarət Rusiya yığmalarına beynəlxalq turnirlərdə iştirak etməyə icazə verib. Onlar bayraqsız və himnsiz çıxış edəcək, ölkə xaricində oynayacaqlar. Bundan sonra İngiltərə, İsveç, Norveç, Danimarka, Şimali İrlandiya, Latviya, Polşa və Ukrayna Rusiya milli komandalarına qarşı oyunları boykot edəcəklərini elan ediblər.