Nazir Sahil Babayevə BİR SUAL: 2.5 milyonluq tenderdə qalib etdiyiniz 72 yaşlı Xanım nənə kimdir?!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərlərində və Salyan, Qax, Ağsu, Ağdaş, Astara rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin satınalınması ilə bağlı keçirilmiş açıq tender ətrafında apardığı araşdırmaları davam etdirir.
Xatırladaq ki, sözügedən qurum əlil olmuş şəxslərə və şəhid ailələrinə mənzillərin satınalması üzrə keçirmiş açıq tenderə 12.07.2023 -cü ildə yekun vurub və fiziki şəxs Ağaməmmədova Xanım Şamil qızı ilə 2.531.250 manat məbləğində satınalma müqaviləsi bağladığını 23.08.2023-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalında yerləşdirib.
Xüsusi qeyd etmək lazımdır ki, ƏƏSMN Tender Komissiyası şərtlər toplusundə tələb olunan sənədlərin təqdim edilməsinin son tarixini 03.07.2023-cü ilə müəyyən edib, amma nədənsə, tenderdə iştirak üçün sənədlərin qəbulu tarixini göstərməyib. Bu isə müəyyən şübhələr yaradır. Belə ki, tender proseduru başlaması üçün verilmiş elandan sonra iddiaçılara sənədləri təqdim etmək üçün ən azı bir ay vaxt verilməlidir. Amma məlumatlardan aydın görünür ki, nazirlik 3 milyon manata yaxın dəyəri olan açıq tenderi cəmi 9 gün ərzində yekunlaşdırıb.
Tenderin keçirilməsi zamanı yol verilən bir şübhəli məqam və qanunsuzluq budur! Başqa bir şübhəli məqam isə, 3 milyon manata yaxın dəyəri olan açıq tenderin qalibi olmuş 72 yaşlı Ağaməmmədova Xanım Şamil qızı ilə bağlıdır. Ötən yazılarda qeyd etmişdik və hesab edirik ki, faktı təkrar etməkdə böyük fayda var vı istəyirik ki, redaksiyanın araşdırma qrupu həmin vaxt açıq internet axtarış sistemində Sosial Müdafiə Nazirliyində 3 milyon manata yaxın tenderdə qalib gələn Xanım Ağaməmmədova barədə heç bir məlumat yoxdur.
Yalnız Dövlət Vergi Xidmətinin fiziki şəxslərin reytestr məlumatlarından məlum oldu ki, fiziki şəxs Ağaməmmədova Xanım Şamil qızının hüquqi ünvanı Şəki şəhəri, Sabit Rəhman küçəsi, ev 70, mənzil 49-da yerləşir. Mərkəzi Seçki Komissiyasının seçicilərin siyahısında Ağaməmmədova Xanım Şamil qızının həqiqətən də göstərilən ünvanda pasport qeydiyyatında olduğu göstərilir.
Məlumatların ən maraqlı tərəfi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2.531.250 manat məbləğdə satınalma müqaviləsi bağladığı Ağaməmmədova Xanım Şamil qızının 1951-ci il təvəllüdlü olması idi. Yəni, 72 yaşlı bir qadının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün əlil olmuş şəxslərə və şəhid ailələrinə Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərlərində və Salyan, Qax, Ağsu, Ağdaş, Astara rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin satın alınmasını reallaşdıra biləcəyi çox şübhəlidir.
Şəkidəki mənbələrimizdən əldə etdiyimiz məlumata görə, Xanım Ağaməmmədova həqiqətən də Şəki Şəhəri, Sabit Rəhman, ev 70, mənzil 49-da pasport qeydiyyatındadır. Mənzil Şəki şəhərindəki 8 nömrəli məktəbin üst tərəfi, Şəki bazarının aşağısındakı 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir.
Xanım Ağaməmmədova ildə bir-iki dəfə sözügedən mənzildə olur, ya olmur. Xanım Ağaməmmədova hazırda Bakı şəhərində, 4-cü mikrorayonda yaşayır, Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində, “Lider”TV-nin yanında yerləşən bir böyük idarədə baş mühasib işləyir.
Həmin mənbədən əldə etdiyimiz ən son məlumata görə, Xanım Ağaməmmədovanın ayaqlarında ağrılar olduğundan çox yeriyə bilmir. Yəni 72 yaşlı xanım daim oturaq şəraitdə yaşayır. Belə olan halda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tender Komissiyası və satınalmaların keçirilməsinə cavabdeh olan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Xanım Ağaməmmədovanın Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərində və Salyan, Qax, Ağsu, Ağdaş, Astara rayonlarında mənzillərin satın alınmasına necə razılıq verib?! Əgər xanım çətinliklə yeriyirsə, rayonlar arasında bu qədər məsafələri necə qət edib və bu dövlət sifarişini yerinə yetirəcək?!
Burada başqa maraqlı bir məqam da var. Göründüyü kimi, 3 milyon manata yaxın dəyəri olan açıq tenderin qalibi Ağaməmmədova Xanım Şamil qızı fiziki şəxsdir. Təbii ki, qanun fiziki şəxslərin də tenderdə iştirakına icazə verir. Bunun üçün fiziki şəxslərdən bank hesabı tələb olunur, bu hesabda tenderdə təklif ediləcək məbləğin ən azı 50 faizi olmalıdır. Bu, tenderdə risklərin qarşısını almaq üçündür.
Aydın göründüyü kimi, fiziki şəxs Ağaməmmədova Xanım Şamil qızı tenderə 2.531.250 manat təklif edərək qalib olub. Burada sual yaranır bir fiziki şəxs olaraq 72 yaşlı xanımın bank hesabında ən azı 1 milyon manat varmı?! Varsa, ömrü boyu mühasib işləmiş xanım 1 milyon manatı necə qazanıb?
Baxın, tenderin keçirilməsi prosesində cavabı çətin suallar və şübhəli məqamlar çoxdu. Amma bir cavab var, o cavab da odur ki, Ağaməmmədova Xanım Şamil qızının bu tenderdə qalib gəlməsi tam formaldır. Ötən yazılarımızda da qeyd etmişdik və bir daha xatırladırıq ki, məlumat verən mənbənin dediyinə görə, əvvəllər Xanım Ağaməmmədovanın adına bir neçə MMC-lər də olub.
Həmin MMC-lər vasitəsi ilə o, həm Şəki rayon İcra Hakimiyyətinin, həm də bir sıra dövlət qurumlarının həyata keçirdiyi dırnaqarası layıhələdə dövlət vəsaitlərinin təyinatdankənar sahələrə sərf edilməsi işinə baxıb. Mənbənin verdiyi məlumatda o da bildirilir ki, Xanım Ağaməmmədovanın hazırda Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində yerləşən bir böyük idarənin baş mühasibi işləyir.
Şəfayət Mehdiyev küçəsində, “Lider”TV-nin yanında Ağalar Vəliyevə məxsus başqa bir şirkət, “Azəraqrartikinti” ASC də yerləşir. Məlumatlı mənbənin sözlərinə görə, 72 yaşlı Xanım Ağaməmmədova hazırda “Azəraqrartikinti” ASC-nin mühasibatlığında çalışmır, adı gedir.
Qeyd edək ki, tenderdə şübhəli məqamların araşdırılıb, ləğv edilməsi və hüquqi qiymət verilməsi məqsədi ilə redaksiya İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, Respublika Hesablama Palatasına, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti və Baş prokurorluq yanında Korupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib. Nəticələri barədə yaxın gələcəkdə daha ətraflı məlumatları diqqətinizə çatdıracağıq. Bizi izləyin. (Aktualinfo.org)
Paralel.az