"Qarabağ"ı "yıxmaq" sifarişi AFFA-dan gəlib - Bunun arxasında kimlər dayanır?
Normalda «Qarabağ»ın Qəbələ səfəri sakit keçməli idi. Oyun da elə bu yöndə başladı.
Qonaqlar ilk 10 dəqiqədə iki qol vurub, asan qələbənin təməlini atmış kimi göründülər. Fərz etmək çətin idi ki, birazdan aləm bir-birinə dəyəcək, ara qarışacaq, məzhəb itəcək.
Qurban Qurbanovun matçın sonunda texniki zonadan uzaqlaşdırılacağı heç ağıla gəlməzdi. Sən saydığını say, gör, Elçin Məsiyev nə sayır!
Onların dünənki idarəçiliyi hakimlik deyildi. Qərəz idi, təxribat idi, sifariş idi. İstər meydandakılar, istərsə də VAR otağında əyləşənlər hansısa üçüncü qüvvənin tapşırığını yerinə yetirənlər kimi apardılar özlərini.
Bilirəm ki, hakimlik əvvəl Ramin Musayevin kurasiyasında idi. Peşəkar Futbol Liqasının o vaxtkı prezidenti onları istədiyi istiqamətə doğru aparırdı. Sonra Elxan Məmmədov bu sahəyə nəzarəti ondan aldı. AFFA-nın icraçı vitse-prezidenti və baş katibi nə hava çaldı, ona da oynadılar.
«Mavi dünyası»ndan ayrıla bilməyən Fritz Stuxliki komitə sədri kimi əlində saxlayan E. Məmmədov son ana - ötən ilin mayında görəvdən gedənə kimi avstriyalıdan əl çəkmədi.
İndi Stuxlik yoxdur, Barış Şimşək var. Amma var ikən, yox kimidir. Düzü, bu tayfanı indi kimin idarə etməsindən xəbərsizəm. Bilmirəm, öyrənmək də istəmirəm. Sadəcə, o yaramaz və bivec şəxsi tanımamaq üçün.
Barış Şimşək heç, o, yaralı barmağa su səpən «doktor» deyil. Uzaqbaşı, mal həkimi ola bilər. Kim olduğu Türkiyədə hər kəsə bəllidir. Barəsində çox söz eşitmişəm. Yaxşı danışanlar az, dodaq büzənlər «n» qədərdir.
AFFA-nın ona görəv verməsi yanlış qərar idi. O boyda Türkiyədə bir normal funksioner tapılmadı ki, bunu tutub gətiriblər? Qurban Qurbanov Azərbaycanın fəxridir. Bu torpağın yetişdirdiyi ən şəxsiyyətli insanlardandır. O, əxlaqı, savadı, insanlığı və duruşu ilə bir ləyaqət müccəssiməsidir.
Futbol aləmində ona bir kimsə toxuna bilməz. Hamı bir kənara, o bir kənara. Elçin Məsiyev yox a, yüz Elçin, min Elçin kimisi onun bir atılan dırnağına dəyməz! AFFA-nı, PFL-i idarə edən hansısa «kolxoz»(lar) da həmçinin!
Qurbanov emosiyalarını içində boğan, sakit tövrünü həmişə qorumağa çalışan, davranışı ilə həmkarlarına örnək insandır. Bu cür Allah bəndəsini təbdən, hövsələdən çıxarmaq hər adamın işi deyil. Əlbəttə, ona «adam» demək olarsa.
Barış Şimşəyin, AFFA və PFL-də hakimləri kurasiya edən hörmətsiz zatların fəaliyyətinə ən doğru cavabı dünən öyrəndik.
Qurban Qurbanovun əsəbi səs tonu, çılğına dönən reaksiyaları ilə. Bu, son illərdə «Qarabağ»a qarşı artan təzyiqlərə bir cavab idi.
Adamı çilədən çıxardılar. O da Tanrının yaratdıqlarındandır, nə daşdır, nə dəmir. Kim olsa, bunca qərəzli hadisələrdən sonra bir gün «od püskürəcək».
Olanları «udmağa», ürəyinə salmağa borclu deyil. Bardağın da daşan vaxtı var.
Biriləri Elçin kimilərin vasitəsilə hoqqa verəcək, hansısa məkrli planları icra etdirəcək, o da həmişə ağsına su alıb dayanacaq, susacaq?
Kim deyir ki, bu, belə də olmalıdır? Yüz eləsi qurban olsun Qurban Qurbanovun ayağının altında!
Məsiyev Stuxlikin sevimli kadrıdır. Onun tapıntısı bundan artıq olmayacaq. İllərdir Premyer Liqaya təyinat alır və hər dəfə bir qalmaqallı qərar verir.
Məsiyevin 2021-ci ildə «Qarabağ»ı çempionluqdan məhrum etdiyi həlledici oyun yaddan çıxmayıb hələ.
Elxan Məmmədovun maraqlarına uyan, «Neftçi»nin qapısına 2 təmiz penaltini verməyən referinin «Qarabağ»a antipatiyasının kökünü tapmaq lazımdır artıq. AFFA və PFL ilə yanaşı, hüquq-mühafizə orqanları da bu araşdırmaya qoşulsa, lap yaxşı olar.
Dünənki oyunda başverənləri sıradan qalmaqal, adi səhv sayılmamalıdır. Olayın alovlandığı 42-ci dəqiqəyə qayıtsaq, o epizodda qırmızı vərəqə almalı olan tək Kevin Medina deyildi.
Davaya səbəbkar Əyyub Allaşdır, çün əlcəzairli yarımmüdafiəçi topu «korpus»la özündə saxlayan kolumbiyalı rəqbinə arxadan yumruq-qapaz «ilişdirdi».
Medinanın refleksi ani və təbii idi. Kimə boyun nahiyəsindən o cür zərbə endirsən, qarşılıq verəcək. O anda başqa heç nə barədə düşünə bilmirsən, adidən reaksiya verməli olursan.
Bu eprizodda hər iki futbolçuya qırmızı vərəqə düşürdü. Elçinin borcu idi belə də etmək.
O, Medınanı oyundan atıb, Allaşı meydanda saxlayırsa… Kolumbiyalıya öncə «sarı» göstərən, VAR otağından gələn çağırışla kameraya yaxınlaşan və yenə də səhv qərar verən referini mən səfeh saymıram.
Mənim gəldiyim qənaət budur ki, o, öncədən aldığı tapşırığı yerinə yetirdi,
AFFA İntizam Komitəsi həm Qurban Qurbanovu, həm də Kevin Medina barədə ağır qərar çıxaracaq. İki tur sonra derbi var axı.
Qurbanova 2 oyunluq cəza, 3 aylıq şərti müddət versələr, «Neftçi» ilə matçı tribunadan izləməli olacaq. Medinanı isə minimum 3-4 turluq «məcburi istirahət» gözləyir.
Bu, avrokuboklarda yeganə təmsilçimiz kimi flaqmanlıq edən «Qarabağ»a arxadan vurulan zərbə deyil yəni?
O, komandasının aparıcı siması, müdafiə xəttinin dirəyidir. Avropa Liqasında qrup mərhələsinə «Molde» üzərində qələbə ilə start verən «Qarabağ»a oyun praktikası olmayacaq Medina necə kömək etsin?
Premyer Liqada üç-dörd həftə meydana çıxmayacaq cənubi amerikalı qitə arenasında, təbii ki, zəif təsir bağışlayacaq.
Elçinin əliylə «Qarabağ»ı sarsıtmaq istəyənlər AFFA-nın binasında oturub da, Azərbaycan futbolunun evini yıxan yaramazlardır.
Güman yenə sonda Sərxan Hacıyevədir. Yəqin ki, baş katib dünənki hadisələri diqqətlə incələyəcək və İcraiyyə Komitəsinin «qurşaqdan aşağı zərbə» vurmamasına çaışacaq.
Yenə də ədalətin tam bərqərar olması, futbolumuzun ümumi mənafeyi naminə.
ELNUR