“Embawood”un təsisçisi vətəndaşın torpaq sahəsini zəbt edib: Məhkəmə qərarının icrasına kimlər və necə mane olur? – VİDEO
“Haqlı olduğumu isbatladıqdan sonra isə ekspertizanı həyata keçirən şəxslər mənə açıq şəkildə deyirlər ki, onlara “belə yaz” tapşırığı verilir”.
Paralel.az xəbər verir ki, üzləşdiyi problemlə əlaqədar Yenicag.az-a üz tutan vətəndaş Quattrocchi Salatın Məmməd qızı ona məxsus torpaq sahəsinin zəbt olunduğunu və müvafiq məhkəmə qərarlarının çıxarılmasına baxmayaraq, mülkiyyət hüququnu bərpa etməyinə imkan verilmədiyini deyir.
Şikayətçinin sözlərinə görə, Elşad Abbasov adlı şəxs ona məxsus olan torpaq sahəsini bir neçə il əvvəl zəbt edərək orada kababxana tikdirib:
“Elşad Abbasovla aramızda məhkəməyə qədər uzanan mübahisə var. Çünki qanunla verilən torpaq şəhadətnaməsi əsasında bizim təxminən 19 kv/m ərazimiz hazırda Elşad Abbasovun istifadə etdiyi əraziyə düşdüyü və tələbimiz əsasında boşaldılmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldım. Ancaq bundan əvvəl ona bir qonşu kimi bildirdiyim iradlar nəticə vermədi. Elşad Abbasov isə mənə “get, hara müraciət edirsən, et, torpaq mənimdir”, – deyəndən sonra mülkiyyət hüququmu məhkəmə vasitəsilə bərpa etməyə qərar verdim.
Mən Azərbaycan vətəndaşı olaraq başqa nə edə bilərəm? Mənə məxsus olan torpaq sahəsinin zəbt olunması ilə bağlı məhkəməyə müraciət etdim. Qarşı tərəf də Bakı İnzibati Məhkəməsində mənə qarşı əsassız iddia qaldırdı. Dövlət şəhadətnaməsi ilə torpaq mənə məxsusdur, sənəddə mənim adım yazılıb. Elşad Abbasov isə ərazimi zəbt edərək orada özünə kababxana tikdirib”.
Salatın Quattrocchi əlavə edib ki, qanunla ona məxsis olan torpaq sahəsinin zəbt edilməsi azmış kimi, sözügedən obyektdən evinə girilib və əmlakına xeyli ziyan vurulub:
“Həmin kababxana mənim eyvanımla üz-üzə tikilib. Evimə bir yerdən girildiyini düşünmürəm”.
Şikayətçi haqlarının məhz hüquq müstəvisində bərpa olunmasına çalışdığını vurğulayaraq, bu işlə əlaqədar davam etdirilən məhkəmə prosesinin illərlə uzanmasından narazılığını ifadə edib:
“Əsas problemlərimdən biri məhz məhkəmənin çox uzanmasıdır. Mübahisə artıq üç ildir, davam edir. Məhkəmə bu işi ekspertizanın, ekspertiza isə məhkəmənin üstünə atır. İndi isə işə baxılması üçün Apellyasiya Məhkəməsinə müraciət etmişəm. Bakı İnzibati Məhkəməsi Elşad Abbasovun əsassız iddiasını, ümumiyyətlə, icraata götürməməli idi. Ancaq hakim mənə qanunla verilmiş torpaq şəhadətnaməsinin ləğv olunması haqqında qərar çıxarıb.
Əlimdə dəlillərim ola-ola, haqlılığımı sübut edə bilmirəm. Daha doğrusu, edirəm, ancaq illərlə əziyyət çəkirəm. İllərdir, davam edən məhkəmə prosesində üç-dörd hakim dəyişib. Mənim işimə baxan hakim ya işdən çıxarılıb, ya da iş başqa hakimə verilib. Hələ ki cəmi bir hakim prosesi sona qədər apararaq zəbt olunan torpaq sahəsinin qanuni sahibinə, yəni mənə qaytarılması ilə bağlı qərar çıxarıb”.
Xanım Quattrocchinin sözlərinə görə, həmin torpaq sahəsi lap əvvəldən “başıbəlalı” olub və onunla bağlı Elşad Abbasovdan öncə “Ataholding” MMC ilə də uzun müddət mübarizə aparıb:
“Bildirirəm ki, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövət Reyestr Xidməti tərəfindən verilmiş seriya RX № 1308321 saylı 29.05.2018-ci il tarixlı Çıxarışa əsasən, mülkiyyəimdə olan həmin torpaq sahəsinin zəbt olunmuş 1 sot hissəsinin cavabdehlər – “Ataholdinq” MMC və “İnter-Servis” firması tərəfindən boşaldılaraq mənə qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciıət etmişdim.
Məhkəmə araşdırmaları zamanı mülkiyyətimdə olan torpaq sahəsinin 74,79 kvadrat metr hissəsisinin “Ataholding” MMC tərəfindən zəbt olunduğu müəyyən edildi. Mülkiyyətimdə olan 0,6 hektar torpaq sahəsinin 18,53 kvadrat metr hissəsinin kimin istifadəsində olmasını isə müəyyən etmək mümkün olmamışdı. Buna görə də iddia tələbim Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-183/2019 saylı 18.03.2019-cu il tarixli qətnaməsi ilə qismən təmin edilərək cavabdeh “Ataholing” MMC tərəfindən 0,1429 hektar torpaq sahəsinin zəbt olunmuş 74,79 kvadrat metr hissəsinin boşaldılaraq mənə qaytarılmasına dair qərar çıxarılıb.
Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilərək zəbt olunmuş 74,79 kvadrat metr torpaq sahəsi boşaldılaraq mənə təhvil verilib. Torpaq sahəsinin təhvil-təslimi zamanı Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən mütəxəssis cəlb olunaraq torpaq sahəsinin plan və ölçüsü sənəddə göstərilmiş döngə nöqtələrinin koordinatları xüsui cihazlar vasitəsilə müəyyən edilərək göstərilib. Bununla bağlı Nərimanov rayon İcra şöbəsinə ünvanlanmış 18.05.2021-ci il tarixli 213020432903 saylı məktubda qeyd olunub ki, torpaq sahəsinin “Plan ölçüsü” sənədində qeyd olunmuş 5-ci döngə nöqtəsinə dair koordinat mövcud vəziyyətdə qonşu tikilinin üzərində yerləşir.
Ötən müddət ərzində aparılmış araşdırma nəticəsində məlum olub ki, mülkiyyətimdə olan 0,6 hektar torpaq sahəsinin 18,53 kvadrat metr hissəsi hazırkı iş üzrə cavabdeh Elşad Abbasov tərəfindən zəbt edilib”.
Şikayətçi bildirib ki, hüquq və qanun onun tərəfində olsa da, “gizli əllər” onun öz haqqını bərpa etməyinə imkan vermir:
“Bu məhkəmə işi barəsində artıq bir sıra qurumlar – Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Dövlət Torpaq Komitəsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi məlumatlıdır. Dəfələrlə müxtəlif qurumlardan müqayisə aparmaq məqsədilə ekspertiza üçün yardım istəmişəm. Haqlı olduğumu isbatladıqdan sonra isə ekspertizanı həyata keçirən şəxslər mənə açıq şəkildə deyirlər ki, onlara “belə yaz” tapşırığı verilir. Hüquq Torpaq Məsələləri və Ekspertiza Mərkəzi MMC 2022-ci il iyunun 21-də Nərimanov rayonu, Murtuza Nağıyev küçəsində yerləşən torpaq sahəsinin 18,53 kvadrat metr hissəsinin Abbasov Elşad İnşalla oğlu tərəfindən zəbt olunduğu ilə bağlı qərar çıxarıb. Ancaq bu qərarın icrasının və həmin torpaq sahəsinin mənə qaytarılmasının qarşısı hər vəchlə alınır”.
Qeyd edək ki, şikayətdə adı hallandırılan Elşad Abbasov “Embawood” şirkətinin təsisçisi və icraçı direktorudur.
Paralel.az