Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının sayı artıb

Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının sayı artıb
 

Bu ilin I yarısında Azərbaycana məxsus avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 67 % çox - 122 049 olub.

"Paralel.az" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, Azərbaycana məxsus avtomobil nəqliyyatı ilə III ölkə daşımaları üzrə göstəricilərdə də artım dinamikası müşahidə edilir. Azərbaycan daşıyıcıları 2022-ci ilin yanvar-iyun ayında 14 151 ədəd 3-cü ölkə daşımaları (xarici ölkədən digər xarici ölkəyə) həyata keçirdiyi halda, 2023-cü ilin eyni dövründə bu göstərici 27 743 olub.

2022-ci ildə III ölkə daşımaları üzrə Azərbaycan daşıyıcılarının həyata keçirdiyi daşımaların qeyri-neft ixracına nisbəti 6 % olub. 2023-cü ilin 6 ayında bu göstərici 9,4 %-ə çatıb. AYNA-nın hesablamalarına görə, cari ilin ilk yarısında III ölkə beynəlxalq yük daşımaları üzrə xidmətlərin ixracının dəyəri 166,55 milyon ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

2022-ci ildə Azərbaycan daşıyıcılarının ikitərəfli daşımalar üzrə həyata keçirdiyi daşımaların qeyri-neft ixracına nisbəti 15,5 % ilə yekunlaşıb. Bu ilin təkcə 6 ayında analoji göstərici 21,5 % təşkil edib. 2023-cü ilin ilk yarısında ikitərəfli beynəlxalq yük daşımaları üzrə xidmətlərin ixracının dəyəri 377,2 milyon ABŞ dolları səviyyəsində qiymətləndirilir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 60 % çoxdur.

Ümumilikdə qeyri-neft ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan Azərbaycana məxsus avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaların yaratdığı gəlir 2023-cü ilin 6 ayında 543,7 milyon ABŞ dolları səviyyəsində qiymətləndirilir. Bunun da qeyri-neft ixracına nisbəti 30,7 % edir.

 

0.013602018356323