Maliyyə Nazirliyi proqnozdan niyə qəzəblənib?
Paralel.az Bizimyol.info-ya istinadla xəbər verir ki, hökumətdə iqtisadi artımla bağlı gözləntilər özünü doğrultmayıb. İlin əvvəlində artımın 2,7 faizi keçməyəcəyi hesab olunurdu. Sonradan hətta 1,8 faizdən danışılmağa başladılar. Amma qəribədir ki, “Fitch Ratings”in növbəti proqnozu Azərbaycan Maliyyə Nazirliyini yaman “qəzəbləndirib”. Beynəlxalq reytinq agentliyinin üç ay əvvəlki hesabatına əl gəzdirməsi nazirliyin ürəyincə olmayıb.
“Fitch” yayın əvvəllərində Azərbaycanın 2023-cü ildə iqtisadi artımının 3,53 faiz olacağını bildirmişdi. İndi isə yalnız 2,3 faizdən söz açılır. Beynəlxalq reytinq agentliyi yeni neft hasilatının enerji sektorunda azalmanı yavaşlada biləcəyini düşünür. “Fitch” hesab edir ki, Avropaya ixrac həcmini artırmaq üçün satınalma müqavilələri yekunlaşacağı halda təbii qaz hasilatının artması mümkündür.
Agentliyin açıqlamasında bunları da oxumaq olar: “Dövlətin iqtisadiyyatda böyük həcmdə iştirakçılığı, idarəetmə ilə bağlı çətinliklər, maliyyə resurslarına məhdud çıxış, qeyri-neft sektoruna investisiyaların aşağı olması kimi amillər Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində irəliləyişə mane olur”.
Maliyyə Nazirliyi nədən narazıdır? Onsuz da gözləntilər aşağı salınmamışdımı? İndiyə qədər cəmi 0,8 faiz artım ilin sonunadək qeyri-adi sıçrayışın baş verməyəcəyini demirmi? Nazirliyinin beynəlxalq reytinq agentliyinə iradı odur ki, hesabatda mübahisəli rəqəmlər, proqnozlar yer alıb. Qurum hesab edir ki, bəzi qəbulolunmaz qiymətləndirmələr aparılıb. Bank sektorunun vəziyyəti də müsbət qiymətləndirilməyib. Dayanıqlı böyümə imkanlarının aşağı olması qeyd edilib. Biznes qurumlarının iqtisadi risklərə qarşı dözümlülüyü də yüksək deyil.