Təhsil sistemi niyə səmərəsizdir? - dos. İlham Əhmədov

Təhsil sistemi niyə səmərəsizdir? - dos. İlham Əhmədov
 

"DÜZGÜN SUALLAR QOYMAQLA VƏ MÜZAKIRƏLƏR APARMAQLA TƏHSIL SISTEMINI SÜRƏTLI INKIŞAFA TƏHRIK ETMƏK OLAR" SILSILƏSINDƏN NÖVBƏTI SUAL.

Düşünürük ki, milli təhsil paradiqmamız düzgün təyin edilməyib. Gəlin görək, bu iki mülahizədən hansı doğrudur?

A) təhsil sisteminin səviyyəsi, onun müəllimlərinin səviyyəsindən yüksək ola bilməz.
B) müəllimlərinin səviyyəsi onları yetirən təhsil sisteminin səviyyəsindən yüksək ola bilməz.

Son 10 ildə təhsil məmurları tez- tez təkrar edirlər ki, təhsil sisteminin səviyyəsi, onun müəllimlərinin səviyyəsindən yüksək ola bilməz.
Bu fikrin əksi də doğrudur: müəllimlərinin səviyyəsi onları yetirən təhsil sisteminin səviyyəsindən yüksək ola bilməz.

Təhsil sistemi məlum olduğu kimi bir neçə elementdən ibarətdir: kadr təminatı (müəllim ordusu, texniki və idarəetmə personalı); tədris-metodiki təminat; maddi texniki təminat; idarəetmə sistemi.

Göründüyü kimi, müəllim ordusu bu sistemin yalnız bir elementidir, o digər elementlərin mövcudluğuna və keyfiyyətinə, idarəetmənin səmərəliyinə təsir edə bilmir, buna məsul deyil. Müəllimləri də məhz mövcud təhsil sistemi yetirib. Onlar başqa planetdən və ya başqa ölkələrdən bura dəvət edilməyiblər.

Bu müəllimlərə 10-11 il məktəbdə, 4-6 il ali məktəbdə təhsil verən, yetişdirən mövcud təhsil sistemidir. Müəllim sistemin fəaliyyətinə cavabdeh ola bilməz.
Belə bir məhşur deyim var: pis məktəb, pis müəllim, pis şagird yoxdur, pis təhsil sistemi var. Biz sistemi təkmilləşdirmək, onu keyfiyyətli hala gətirmək əvəzinə, bütün problemlərin səbəbkarının müəllim olduğunu iddia edirik. Zəif müəllimlər məhz zəif təhsil sisteminin məhsuludur. Güclü təhsil sistemi zəif müəllim yetirməz.

Deməli, problemə yanaşma birtərəflidir, kompleks deyil. Bu halda xaricdən 10 məktəbdə işləmək üçün 1000 nəfər müəllim dəvət etsək, bu 10 məktəbdə də vəziyyət dəyişməyəcək. Çünki, sistemin başqa elementləri dəyişməyib. Bu vəziyyətdə, mövcud digər problemləri həll etmədən nəyəsə nail olmaq mümkünsüzdür.

İndi baxaq görək, yuxarıda yazılan 2 fikirdən hansı doğrudur? Məmurlar niyə daima A variantını təkrar edir, B variantını yada belə salmırlar?

Çünki, A variantında "təhsildəki bütün problemlərin və uğursuzluğun səbəbkarı müəllimlərdir" deyə bilirlər. Deyirlər ki, belə zəif müəllimlər ordusu ilə təhsil islahatı aparmaq çətindir. Beləliklə də diqqəti təhsil sistemində olan digər ciddi problemlərdən, uğursuz islahatlardan yayındırırlar.

B variantında isə təhsildəki bütün problemlərin, səhvlərin, o cümlədən müəllimlərin zəif olmasının səbəbkarı məhz təhsil sistemi olduğu, sistemin tamamən "tərsinə qurulduğu" üzə çıxır. Bu isə məmurlara heç cür əl vermir.
Amma indi bir haldakı nazirlik özü təhsildəki problemlərin illər ərzində sistemin "tərsinə qurulması" ilə əlaqədar olduğunu etiraf edir, onda bəlkə, B variantının həqiqi olduğunu da etiraf etsinlər?

"Paralel.az"

0.16672897338867