"Qərbın hərbi yolla mümkün deyıl" dediyi 30 illik erməni terrorizmini "Dəmır yumrüq" 24 saata bitirdi...

 

Ermənistan və onun beynəlxalq himayədarlarının məkrli planları ilə qurulmuş “boz zona”dakı erməni separatçı-terrorçuların 30 illik “tetris oyunu” həmişəlik bitirildı…

İndi Xankəndi və ətraf bölgədə Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin bərpa ediləcəyi, eləcə də, erməni terrorçuların törətdikləri dəhşətli hərbi cinayətlərə görə hesab verəcəyi mərhələ başlayır…

Azərbaycan ordusu qarşıya qoyulan tarixi vəzifəni böyük ustalıqla icra etdi. Tarixi hədəfə nail oldu və 30 illik problemi bir dəfəlik ortadan qaldırmağı bacardı. Üstəlik, Azərbaycan ordusuna bu problemi həll etmək üçün cəmisi 24 saat yetərli oldu. Və bununla da bütün dünyaya meydan oxudu.

Bəli, Azərbaycan dövləti və ordusu növbəti dəfə bütün dünyaya meydan oxudu. Dünyanın ermənipərəst siyasi dairələrinin maskasını yenı yırtdı, onların riyakarlıqlarını gün üzünə çıxartdı. Belə ki, BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinə əhəmiyyət vermədən Azərbaycan ərazilərini 30 il işğal altında saxlayan Ermənistanın beynəlxalq himayədarları yenə məyus edildilər. Və məlum oldu ki, Ermənistanın beynəlxalq himayədarları nə az, nə çox, düz 30 il Azərbaycanın zamanını oğurlayıblarmış.

Məsələ ondadır ki, Azərbaycanın işğal edilmiş ərazilərinin Ermənistanın nəzarətində saxlanması üçün Minsk Qrupu adı altında beynəlxalq siyasi fırıldaq missiyası yaradılmışdı. Həmin beynəlxalq fırıldaqçılar 30 il ərzində “Dağlıq Qarabağ probleminin hərbi yolla həllinin mümkün olmadığı”nı Azərbaycan dövlətinə qəbul etdirməyə çalışdılar. Ancaq Azərbaycan dövləti əksinə onlara sübut etdi ki, “Dağlıq Qarabağ problemi”nin sülh danışıqları yolu ilə həlli yoxdur. Və Azərbaycan ordusu Minsk Qrupunun 30 il sülh danıçıqları yolu ilə həllinə imkan vermədiyi “Dağlıq Qarabağ” problemini cəmisi 44 gün ərzində nizamladı, beynəlxalq fırıldaqçılar missiyasını da birdəfəlik dəfn etdi.

Son bir neçə günə qədərsə, rəsmi Bakıya təlqin etməyə çalışırdılar ki, Azərbaycanın Xankəndi və ətraf bölgəsində erməni separatizmi ilə bağlı problemin hərbi yolla həlli yoxdur. Yəni, onların fikrincə, rəsmi Bakı mütləq erməni terrorçularla müzakirələr aparmalıydı. Hətta erməni separatçı-terrorçuların “hüquq və təhlükəsizlik” iddialarını dialoq mövzusu kimi qəbul etməliydi. Bu, Azərbaycan ərazisində erməni separatizminin və terrorizminin ömrünü uzatmaq cəhdlərindən başqa bir şey deyildi.

Azərbaycan ordusunun lokal antiterror tədbirlərinin başlanmasından dərhal sonra ABŞ, Fransa, Avropa Birliyi və s. ermənipərəst beynəlxalq dairələr dərhal hərəkətə gəldilər. Rəsmi Bakının antiterror tədbirlərini dayandırmağa çağırdılar, üstəlik, yenə də bu problemin hərbi yolla həllinin mümkün olmadığını xüsusi olaraq, vurğuladılar. Yəni, yenə də uydurma siyasi dialoq tezisləri ilə rəsmi Bakını Azərbaycan ərazsindəki “boz zona”nı ləğv etmək qərarından daşındırmağa çalışdılar.

Ancaq baş tutmadı, rəsmi Bakı ABŞ, Fransa və Avropa Birliyinə əhəmiyyət vermədi, lokal antiterror tədbirlərinin sona qədər davam etdirilməsində prinsipial mövqe tutdu. Nəticədə, ABŞ, Fransa və Avropa Birliyinin hərbi yolla həllinin olmadığını iddia etdiyi problemi Azərbaycan ordusu cəmisi 24 saat ərzində sıradan çıxartdı. Və bununla da rəsmi Bakı Azərbaycanın üzləşdiyi problemlərin həlli yollarını beynəlxalq ermənipərəstlərdən daha yaxşı bildiyini növbəti dəfə sübuta yetirdi.

Erməni separatçı-terrorçuların Azərbaycanın Qarabağ regionunda 30 illik “tetris oyunu” sona çatdı. Bu hərbi cinayətkarlar Azərbaycan ərazisində “tetris bayraq” yelləyirdilər və o “bayraq” artıq düşdü. Əvəzində Azərbaycan ordusunun “dəmir yumruğu” erməni terrorçuları ağ bayraq qaldırmağa məcbur buraxdı. Və bundan sonra Azərbaycan dövlətinin şərtlərini yerinə yetirmək məcburiyyətində qaldılar.

Rəsmi Bakının şərtləri isə konkretdir və prinsipialdır. Ermənistan ordusunun tör-töküntüləri tərsilah olunacaq, silahlı erməni terror dəstələri ləğv ediləcək. Silah-sursatı, hərbi texnikanı təhvil verdikdən sonra Ermənistan ordusunun tör-töküntüləri Azərbaycan ərazilərindən çıxarılacaq. Erməni separatçı-terrorçuların qondarma “qurumları” özünü buraxacaq. Xankəndi və ətraf bölgə Azərbaycan Konstitusiyasının müddəalarına uyğun şəkildə idarə olunacaq.

Azərbaycanın Qarabağ regionunda yaşayan erməni azlığı isə reinteqrasiya prosesinə cəlb ediləcək. Bu məsələ ilə bağlı ilk görüş Yevlax şəhərində keçiriləcək. Həmin görüşdə erməni azlığının təmsilçilərinə Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinin bütün prosedurları və şərtləri prinsipial şəkildə izah olunacaq. Və erməni azlığının rəsmi Bakının reintqrasiya şərtlərini müzakirə etmək, ya da ondan yayınmaq şansları isə yoxdur.

Böyük ehtimalla Azərbaycana qarşı hərbi cinayətlər törətmiş erməni separatçı-terrorçular da cəzasız qalmayacaqlar. Onların böyük əksəriyyətinin həbs edilmə ehtimalı kifayət qədər ciddidir. Hər halda, Ermənistanın “Hraparak” nəşri bu barədə artıq məlumat yayıb. Erməni nəşrinin iddiasına görə, rəsmi Bakı Qarabağdakı separatçılara konkret siyahı göndərib və orada adları olan şəxslərin Azərbaycana təhvil verilməsini tələb edib.

Hələlik rəsmi təsdiqini tapmamış məlumata görə, həmin siyahıda Qarabağdakı separatçı-terrorçuların keçmiş liderlərinin, aktiv separatçılıq fəaliyyəti göstərmiş şəxslərin, hərbi cinayətkarların, habelə I və II Qarabağ savaşlarında Azərbaycan ordusuna qarşı vuruşmuş, mülki əhaliyə qəddarlıq etmiş, ağır cinayətlər törətmiş şəxslərin adları qeyd olunub. Yəni, belə anlaşılır ki, erməni separatçı-terrorçular istənilən halda, törətdikləri hərbi cinayətlərə görə cavab vermək məcburiyyətində qalacaqlar. Və “boz zona”da artıq sona çatan “tetris cinayətləri”nə görə hesab verməyin vaxtı çatıb.

Paralel.az

0.029567003250122