Prezident: "Düşmən layiqincə cəzalandırılmışdır!" + VİDEO
"Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər Azırbaycan ərazindən çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir"
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edir. Müraciəti təqdim edirik:
- Əziz həmvətənlər.
Bildiyiniz kimi, dünən səhər erməni silahlı birləşmələrinin törətdikləri terror aktı nəticəsində 6 Azərbaycan vətəndaşı, onlardan ikisi mülki şəxs mina terrorunun qurbanı olmuşdur. Birinci dəfə deyil ki, bizə qarşı Ermənistan terror aktı törədir. İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuşdur, ya da ki, ağır yaralanmışdır.
Dünənki terror aktı bu sıradan olan hadisə idi. Laçın sərhəd-buraxılış məntəqəsi qurulmayana qədər İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilmiş və müxtəlif yerlərdə basdırılmışdır. Bir müddət bundan əvvəl Azərbaycan Silahlı Qüvvələri tərəfindən aşkarlanmış minalar Rusiya sülhməramlı kontingentinin və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin nümayəndələrinə göstərilmiş və onlardan ciddi tədbir görülməsi tələb edilmişdir. Bu minalar 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardır. Yəni, bu, bir daha onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün bu minalar gətirilmişdir.
Azərbaycan dərhal lazımi addımlar ataraq düşməni layiqincə cəzalandırmışdır. Lokal xarakterli antiterror tədbirlərinə başlanıldı və qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir.
Dünən təxminən saat 13:00 radələrində antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir.
Qeyd etməliyəm ki, antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz bir daha qeyd etdiyim kimi, qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır.
Əməliyyat başlamazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Biz həm yüksək dəqiqliyə malik silahlardan istifadə edərək buna nail olduq, eyni zamanda, Silahlı Qüvvələrimizin peşəkarlığı nəticəsində mülki vətəndaşlar tamamilə özlərini sığortalanmış vəziyyətdə hiss etmişlər. Eyni zamanda, göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır. Bir daha demək istəyirəm ki, ordumuzun, bütün Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratmışdır və bir daha Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərmişdir.
Bir daha qeyd etmək istəyirəm ki, aparılmış qısamüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində, düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarılmışdır. Onu da bildirməliyəm ki, Azərbaycan ərazisində qanunsuz olaraq Ermənistan ordusuna məxsus yüzdən çox tank və zirehli nəqliyyat vasitələri, zirehli texnika yerləşdirilmişdir. Radioelektron mübarizə vasitələri yerləşdirilmişdir. İki yüzdən çox top və artilleriya qurğuları, hava hücumuna qarşı ən müasir qurğular yerləşdirilmişdir. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini, canlı qüvvəsini və texnikasını bizim ərazimizdən çıxarmamışdır.
Halbuki dəfələrlə həm Ermənistan rəhbərliyi ilə təmaslar əsnasında, eyni zamanda, beynəlxalq tədbirlərdə yüksək kürsülərdən mən dəfələrlə bu məsələyə qayıdaraq Azərbaycan dövlətinin haqlı narazılığını ifadə etmişdim. 10 noyabr üçtərəfli Bəyanatı, əslində, Ermənistan dövlətinin kapitulyasiya aktı idi və bu kapitulyasiya aktına görə Ermənistan Azərbaycan ərazilərindən bütün silahlı qüvvələrini çıxarmalı idi. Ancaq bundan imtina edirdi.
Əfsuslar olsun ki, antiterror tədbirləri zamanı şəhidlərimiz olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı əsgər, zabitlərimiz olub. Allah onlara şəfa versin. Onlar Vətən yolunda, haqq-ədalət yolunda, Azərbaycanın suverenliyi yolunda öz canlarını fəda etmişlər. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır.
Əməliyyatın uğurlu gedişatı təbii ki, Ermənistan dövlətini və onun himayəsi altında fəaliyyət göstərən qanunsuz xunta rejimini ciddi təşvişə salmışdır. Əməliyyatdan bir qədər sonra bizə vasitəçilər tərəfindən müxtəlif qeyri-müəyyən siqnallar gəlməyə başlamışdır və bizim Silahlı Qüvvələrimizin uğurlu irəliləyişi nəticəsində bu siqnallar daha intensiv xarakter almışdır.