Masallıda şok olay: Ər əvvəl özünə, sonra isə arvadına... – Təfərrüat

Masallıda şok olay: Ər əvvəl özünə, sonra isə arvadına... – Təfərrüat
 

Masallı rayonunda 1986-cı il təvəllüdlü Eşqin ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nərminə xəsarət yetirib.

Hadisə 30 aprel 2021-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində baş verib.

Eşqin birgə yaşadıqları evdə ailə-məişət münaqişəsi zəminində yaranmış mübahisə zamanı arvadı Nərmini öldürmək qərarına gəlib. O, mətbəx bıçağı ilə Nərminin döş qəfəsindən bir zərbə, daha sonra bədəninin müxtəlif nahiyələrinə əlindəki bıçaqla çoxsaylı zərbələr vurub.

Nərminənin köməyinə gəlmiş şəxslər tərəfindən xəstəxanaya çatdırılması nəticəsində onun həyatı xilas edilib.

İstintaq orqanı tərəfindən Eşqinin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

“Elə bildim, uşaq ölüb”

Eşqinin barəsində olan cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmədə ifadə verən Eşqin elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 3 uşağı var, onlardan ikisi xəstədir: “Hadisə baş verən gün nahar vaxtı qızım sudurğa tutduğundan özündən getdi. Onu özünə gətirəndən sonra oğlumu sudurğa tutdu, o da özündən getdi. Həmin vaxt məni çağırdılar. Uşağa kömək etsəm də, onu ayılda bilmədim. Elə bildim ki, uşaq ölüb. Həftədə iki-üç dəfə uşaqlar sudurğa tuturlar”.

“Gördüm ki, özümü vura bilmirəm”

Təqsirləndirilən şəxs qeyd edib ki, onun özündə psixoloji problemi var, xəstəliyi ilə bağlı evdə müalicə alıb: “Uşaqlarım xəstələnməsi mənə çox pis təsir etdi və meyvə qabının üstündəki bıçağı götürərək çölə çıxdım. Özümdə olmamışam, özümü vurmağa başlamışam. Yoldaşım gələrək məni tutdu. Arvadım dedi ki, mənə dəyir axı, nə edirsən, üzün yanmasın... Bu zaman bir az ayıldım. Gördüm, özümü vura bilmirəm.

Yadımda qalan odur ki, arvadım yerə yıxıldı. Sonra darvazanın açıldığını, anamı yanımda, atamı da həyətdə gördüm”.

Təqsirləndirilən şəxs göstərib ki, çox şeyi xatırlamır, xəstəxanaya gedərkən yarı yolda maşında ayılıb: “Hadisə gününə kimi Nərminə qarşı zor tətbiq etməmişəm. Mən psixoloji xəstəliklə bağlı müalicə almışam. Hadisədən sonra 21 gün yatmışam. Xəstəliyimin adını dəqiq bilmirəm”.

Paralel.az

0.021058082580566