Asif Ağayev Beyləqanda nə işlə məşğuldur, bilən var?!

Asif Ağayev Beyləqanda nə işlə məşğuldur, bilən var?!
 

Beyləqandan Bakıya qayıdandan sonra havaların sərinləşib, yağışın yağmasını görüb, çox sevindim. Tək ona görə yox ki, Bakıda havalar sərinlədi, həm də rahat nəfəs almaq mümkün oldu. Bir də ona görə ki, Beyləqanda yüz minə yaxın əhalinin on minlərlə hektar sahəsi yanmaqdan xilas oldu. Yazıq beyləqanlılar artıq 30 İldir ki, hər yay su problemi yaşayır.

Ölkənin ən çətin problem Qarabağ məsələsi idi, Allah şəhidlərimizə rəhmət eləsin, şanlı ordumuza da yar olsun, Qarabağ problem həll edildi, amma biçarə beyləqanlıların su problemi deyəsən, daha da çətinləşir.

Beyləqan camaatı bütün dövrlərdə əməksevərliyi, zəhməti ilə seçilib, əhali həmin ənənəni bu gün də davam etdirir. Beyləqanı Azərbaycanın mikroukraynası adlandırmaq da olar. Amma rayondakı səmərəsiz idarəetmə kənd təsərrüfatı sahələrinin - taxılın, pambığın, bağ-bostan bitkilərinin, heyvandarlığın yem bazasının inkişafına imkan vermir.

Beyləqan rayonuna mütləq kənd təsərrüfatı mütəxəssisi rəhbər təyin edib, ondan məhsul tələb etmək lazımdır. Rayona mühəndisi rəhbər təyin edib, ondan rüşvət tələb edəndə, o da iş görmək yerinə rüşvət yığmaqla məşğul olacaq də. Beyləqan torpağından bol məhsul götürmək olar. Lakin süni yaradılan su çatışmazlığı əhaliyə işləməyə imkan vermir.

Nədənsə, Azərbaycan məmurlarının hərəkətini diqqətlə müşahidə edəndə, adamın yadına xam yonca sahəsinə girmiş ac dana düşür. Çünki insan heyvana aid olan hərəkəti təkrar edəndə, bu hərəkəti sözlə normal ifadə etmək mümkün olmur. Xam yonca sahəsinə düşən ac heyvan hər vəchlə qısa zamanda, tələsik daha çox ot yemək istəyir. Bu mənzərəni ömründə heç olmasa, bir dəfə görməyən adam həmin mənzərəni qəti təsəvvür edə bilməz.

Bizim məmurların hərəkətini tam dəqiqliyi ilə ifadə etsək, ac heyvan kimi, rayonda bütün sahələrin inkişafına qayğı göstərmədən, qısa müddətdə daha çox var yığmaq istəyirlər. Sanki, vəzifədə müvəqqəti olduqlarını, rəhbər vəzifəyə layiq olmadıqlarını özləri hamıdan yaxşı bilir. Bu isə bir çox hallarda onların özlərinin və sadə vətəndaşların başının bəlasına cevrilir.

Beyləqan rayonunun hər tərəfində, o cümlədən Füzuli, Ağdam və Ağcabədi rayonları ilə həmsərhəd ərazilərdə bərəkətli torpaqları olan düzənliklər var. Bu düzənliklərin ən böyüyü Haramı düzüdür. Ərazisi min hektarlarla ölçülən bu düzənlik əvvəllər suvarılmırdı, məhdud ərazilərdə dəmyə bostan bitkiləri becərilərdi, qalan hissəsi isə otlaq sahəsi kimi sovxoz və kolxozların yaylaqdan arana qayıdan qoyun sürülərinə otlaq sahəsi kimi verilərdi. Ərazi dövlət torpaq fonduna aiddir.

Son otuz ildə Haramı düzünün bütün əraziləri məmurlar və onların himayədarlıq etdiyi fermerlər tərəfindən süni və selləmə suvarma üsulu ilə ekstensiv becərilir. Ərazidə pambıq, yonca, taxıl, soğan və digər suya tələbatı çox olan bostan bitkiləri becərilir. Beyləqan rayonunun kəndləri üçün nəzərdə tutulmuş bütün suvarma suyunun 70-80 faizi Haramı düzündə kənd təsərrüfatı ilə məşğul olan məmur-fermerlərə məxsus olan sahələrə yönəldilir. On minlərlə hektar əkin sahələri susuzluqdan yanır, səhraya çevrilir.

Beyləqan rayonunun yerli əhali yaşayan kəndlərində ötən üç ay ərzində su üstündə saysız-hesabsız dava düşüb. Əslində, su qıt olduğu üçün camaat arasında dava düşür, davadan da qazanan ancaq polis olur. Dava edən hər iki tərəfi polis şöbəsinə gətirib, hərəsindən isdəkilərini alıb, sonra buraxırlar. Hətta, deyilənə görə, Haramıdakı fermerlərdən biri polis rəisi ilə söhbət zamanı zarafatla deyib ki, "biz tərəkəmələrin suyunu kəsməsək, sizin qazancınız olmaz".

Bəla burasındadır ki, Haramı düzündə torpaq becərən "məmur-fermerlər" suyu lazım olduğundan beş dəfə çox sərf edirlər. Artıq suyu isə şor drenlərə axıdırlar. Bir tərəfdən, suyu çox verməklə torpağı şoranlaşdırırlar, digər tərəfdən isə suya ehtiyaci olan digər fermerlərin, kənd camaatının suya olan ehtiyacını daha çox artırırlar. Ərköyün məmur - fermerlərə isə "gözün ustə qaşın var" deyən tapılmır - "Ağanəzərəm, belə gəzərəm." - deyib, bildiklərini işlədirlər. Çünki nə rayonda, nə də respublikada yay aylarında suvarma suyunun idarə edilməsilə məsul olan dövlət orqanı yoxdur.

"Meliorasiya və Su Təsərrüfatı" ASC suyu mənbədən götürüb daşıyıcı kollektorlara vurur və bununla işini bitmiş hesab edir. Suyun idarə edilməsi, onun fermerlər arasında ədalətlə bölünməsi ilə heç kim məşğul olmur. Ona görə də Beyləqanın Qərb hissəsində olan torpaqlar normadan artıq suvarıldığına görə, şoranlaşır, rayonun Şərq hissəsində isə təsərrüfatlar susuzluqdan quruyub səhraya çevrilir və deqradasiyaya uğrayır. Buna görə də Beyləqan rayonunun bərəkətli torpaqlarında ildən-ilə məhsuldarlıq aşagı düşür və nəticədə kənd təsərrüfatı məhsullarının istehsalı azalır.

Rayonda suvarma suyu üzərində hökm sürən anarxiya nəticəsində suvarma suyunun tən yarısı sorsulu direnlərə axıdılır. Rayonun Şərqində yerləşən kəndlərin fermerləri əlacsız qalıb, şor su drenlərdəki suvarmaya yarasız suyun qarşısını kəsib, həmin su ilə əkin sahələrini suvarmağa məcbur olurlar. Bu proses torpaqların şoranlaşmasına səbəb olur və həmin torpaqları sonra   deqradasiyadan xilas etmək mümkün olmur.

Artıq Beyləqan əhalisi arasında belə bir məsəl də dolaşır: "Yuxarılar su içir, aşağılar ancaq and içir". Yəni su kanalının yuxarısındakılar torpaqlarını suvarırlar, açagıdakılar isə and içir ki, suyumuz yoxdur.
Sovetlər dönəmində hər bir kolxoz və sovxozun su norması müəyyən edilirdi və hər bir təsərrüfat öz su normasını kanal qapılarındakı yivlərin sayı ilə müəyyən edirdi. Amma indi suvarma suyunun taleyi Allahın ümidinə buraxılıb, kim güclüdürsə, su onundur.

Tutaq ki, bunu respublika səviyyəsində təşkil etməyi kimlərinsə yadına düşmür, bəs bu iş rayon rəhbərliyi səviyyəsində nə üçün təşkil edilmir? Rayonda icra başçısı görən, nədən ötrüdür, nəylə məşğuldur? Birincisi, rayon rəhbərliyindən rayon iqtisadiyyatının inkişafı istiqamətində yuxarılar heç nə tələb etmir. İkincisi, ölkədə suvarma suyu üstündə hökm sürən anarxiya icra başçılarının da işinə yarayır - "Bulanlıq suda balıq tutmaq asandır, axı". Çünki Haramıdakı "su əjdaha"ları da elə başçının "keruxalarıdır".

Bilən yoxdur ki, Beyləqan Rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev nə işlə məşğuldur, rayonda nəyi idarə edir?! Bildiyimiz odur ki, bu adam başçı təyin ediləndən bəri büdcədən ayrılan və rayonda yığılan pulları silməklə və müxtəlif bəhanələrlə sahibkarlardan pul yığmaqla məşğuldur. Rayonda nəyi satmaq mümkündürsə, artıq hamısı satılıb. Hazırda Beyləqanda müxtəlif qurğuların mühafizə zolaqlarına aid olan torpaqları da icra başçısı aşkar satır.

Nə deyim, nədən danışım sizə,  rayon əhalisi qaçmağından, rayondan hər tərəfə böyük köç karvanı gedir. İşsiz, əlacsız qalan əhali Bakıya, iş, çörək qazanmaq mümkün olan digər yerlərə köçür. Asif Ağayev bir də görəcək ki, lələ köçüb, yurdu qalıb - rayonda onunla aparat işçilərindən başqa, heç kim qalmayıb.

Ən azı, icra başçısı təşəbbüs göstərib, bu biabırçılığa son qoya bilərdi, amma bunu istəmir. Bilirsiniz niyə? Çünki Haramıda "əjdaha" kimi suyun qarşısını kəsən fermerlər ya içra başçısının dövlətdən icarəyə götürdüyü torpaqları becərənlərdir, ya da icra başçısına haqq verib iş görən digər "məmur-fermerlərdir". Yalnız Haramı düzündəki suyu istifadə edən "əjdaha"-fermerlərə görə, sadə vətəndaşların becərdiyi məhsul yayın istisində susuz qalıb, yanıb külə dönür.

Sovetlər dönəmində Beyləqan rayonuna rəhbərlik etmiş şəxslərdən daha çox yadımızda qalan yalnız rəhmətlik Vahid İsmayılovdur. Bu adam Beyləqan rayonunun bütün tarlalarını nə vaxt suvarılmalı, hansı aqrotexniki qulluq göstərilməli olduğunu əzbər bilirdi. Bəs, görən indiki rəhbərlər niyə təsərrüfata ögey, yad münasibət göstərirlər?!

Asif Ağayev pambıq yığımı ilə taxıl biçinin vaxtını belə, bilmir, dəyişik salır. Deyilənə görə, bu günlərdə Haramı "əjdaha"larından biri icra başçısına sovqat gətiribmiş. Hal-əhvaldan sonra Asif müəllim soruşub ki, taxıl biçini necə gedir? Biçarə həmsöhbəti artıq zəmi yerlərinin şumlamasına başlanıb, biçin də çox yaxşı gedir, çənab başçı, rəhbərliyiniz altında tezliklə yekunlaşacaq - deyir.

Bax belə, əziz beyləqanlılar, dəqiq bilin ki, Beyləqana kim rəhbərlik edir?!..

Akif Nəsirli

0.019787788391113