Zakir Fərəcovun malyyə fəaliyyətində nöqsanlar aşkarlanıb...

Zakir Fərəcovun malyyə fəaliyyətində nöqsanlar aşkarlanıb...
 

Bir müddət əvvəl Sumqayıt Şəhər İcra Hakimiyyətində maliyyə yoxlamasının başladığı barədə məlumat yayılmışdı. Məlumata əsasən, icra başçısı Zakir Fərəcovun son üç illik fəaliyyət dövrü maliyyə nazirliyinin qrupu tərəfindən araşdırılıb.

Artıq yoxlamaların ilkin nəticələri də ortaya çıxmaqdadır.  Mənbənin bildirdiyinə görə, Z. Fərəcovun ən ciddi maliyyə pozuntusunun biri şəhər stadionu ilə bağlıdır. Arenada yenidənqurma işləri ötən ilin dekabrında başa çatsa da, hələ də istifadəyə verilməyib. Yoxlama zamanı məlum olub ki, stadionda kifayət qədər çatışmazlıq var.

Layihədə nəzərdə tutulan bir çox detallar icra edilməyib, bu da stadionun tikintisində maliyyə maxinasiyası olduğunu göstərir. Buna görə, Sumqayıt kimi böyük şəhərin stadionu istifadəyə verilməyib. Daxil olan yeni məlumatda bildirilir ki, yaxın vaxtlarda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov vəzifədən azad ediləcək. Stadionun açılışı da yeni başçının təyinatından sonra reallaşacaq.

Yoxlamanın tək Maliyyə Nazirliyi tərəfindən deyil, eyni zamanda Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən də həyata keçirilməsi Zakir Fərəcovun məsuliyyətə cəlb olunma ehtimalını artırır. Əldə etdiyimiz məlumata görə, sözügedən quruma tabe olan Sumqayıt şəhər Təhsil, Səhiyyə, Kommunal Təsərrüfat idarələrində genişmiqyaslı yoxlamaya start verilib.

Artıq yoxlayıcıların əlində yeyinti faktlarının aşkarlanmasına dair məlumat var. Həmin məlumata görə, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin ilk araşdırması Sumqayıt Şəhər Səhiyyə İdarəsində həyata keçirilib. Həmin araşdırma nəticəsində 6 milyon 427 min manat yeyinti aşkarlanıb. Dövlət qurumu bu yeyintinin birbaşa İcra hakimiyyəti tərəfindən aparıldığını aşkar edib. O da vurğulanır ki, məsələdən xəbərdar olan Sumqayıtın icra başçısı Zakir Fərəcov müəyyən adamlarla danışıqlar aparmağa çalışsa da, imkan verilməyib.

Bu arada Külli miqdarda mənimsəmədə təqsirləndirilən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini Gündüz Əliyev, onunla birgə ittiham olunan “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsin sabiq baş mühasibi Gülnarə Bayramova və tanışları – Elxan Əsədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
 
Cinayət yolu ilə əldə edilən mənimsənilmiş pul vəsaitinin 1 milyon 35 min manat məbləğində hissəsinin müxtəlif əqdlər bağlamaqla həyata keçirilən maliyyə əməliyyatları nəticəsində ayrı-ayrı şəxslərin bank hesablarından məxaric edilərək, leqallaşdırması ibtidai istintaq zamanı sübuta yetirilib.

İş üzrə toplanmış mötəbər sübutlar əsasında Gülnarə Bayramova və Gündüz Əliyevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və digər maddələri, Elxan Əsədova isə həmin Məcəllənin 32.5, 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməyə köməkçilik), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik) və digər maddələri ilə yekun ittiham elan edilib.

Bundan əvvəl isə Sumqayıtın icra başçısı Zakir Fərəcovun bacısı oğlu Elgizlə bağlı cinayət işi açılmışdı. Hüquq mühafizə orqanları tərəfindən qaldırılan cinayət işinə səbəb isə Abşeron rayonunda, xüsusən də Mehdiabad kəndində torpaq sahələrinin kütləvi şəkildə satılması göstərilir.

Məlumatda deyilir ki, çoxsaylı şikayətlərə əsaslanan proses zamanı Mehdiabad kənd İcra nümayəndəliyi və yerli bələdiyyənin bir neçə üzvü saxlanılıb. Onlar verdikləri ifadələrində Elgizin adını çəkiblər və torpaq satışı məsələsində söz sahibi olmadıqlarını bildiriblər.

Bundan sonra isə icra başçısının bacısı oğlu istintaqa dəvət olunub və dindirilib. Lakin onu saxlamayıblar. Zəmanətlə sərbəst buraxıblar. Məlumatlarda hazırda Zakir Fərəcovuin bacısı oğlunun ölkədən çıxmamaq şərti ilə sərbəst buraxıldığı deyilir. Bildirilir ki, buna da dayısının xahişləri nəticəsində nail olunub.

Son xəbərlərə görə, hazırda Elgizlə bağlı qaldırılmış cinayət işi üzrə istintaq gedir. Zakir Fərəcov prosesə müdaxilə edə bilmir. Onun bir neçə dəfə istintaq orqanlarına yanaşaraq, məsələni həll etmək cəhdləri baş tutmayıb. Fərəcovun qorxduğu bacısı oğlunun uzun müddət həbs olunması deyil. İcra başçısını narahat edən əsas məsələ istintaqda Elgizin onun (Z. Fərəcovun) adını çəkməsi ehtimalının yüksək olmasıdır.

Yeri gəlmişkən, yoxlama nəticəsində ortaya çıxan mənimsəmə faktları ilə bağlı icra başçısının digər bacısı oğlu, Sumqayıt Mənzil Təsərrüfat İstehsalat birliyinin rəhbəri Hüseyn Sovet oğlu Həsənovun adının çəkildiyi deyilir. Bu arada Zakir Fərəcovun bacısının həyat yoldaşı olan, “Sumqayıt Nəqliyyat” MMC-nin rəhbəri olmuş mərhum Xannı Rüstəmovla bağlı maliyyə qalmaqalının araşdırıldığı iddia olunur.

O da bildirilir ki, “Paşa Bank” Açiq Səhmdar Cəmiyyəti (ASC) Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Fərəcov Zakir Fərəc oğlunu məhkəməyə verib. “Azərbaycan Reallığı” saytı xəbər verir ki, buna səbəb Zakir Fərəcovun birbaşa tabeçiliyində olan “Sumqayıt Nəqliyyat-1” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) və Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının Tabeliyində olan “Sumqayıt Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) banka külli miqdarda kredit borcu olmasıdır.

İşə avqustun 31-də Sumqayıt Kommersiya Məhkəməsində hakim Həlimə Alıyevanın sədrliyi ilə baxılıb. Cavabdeh qismində məhkəmədə Fərəcov Zakir Fərəc oğlu da dindiriləcək.

Qeyd edək ki, “Sumqayıt Nəqliyyat-1” MMC-nin qanuni təmsilçisi Elgiz Novruz oğlu Fərəcovdur. İcra başçsının bacısı oğlu olan Elgiz Fərəcovun rəhbərlik etdiyi MMC-nin banka külli miqdarda borcu olduğu üçün onun da ölkədən çıxışına məhdudiyyət qoyulub.

Saray bələdiyyəsinin mərhum sədri, 39 yaşlı Vəsilə Əbilhəsənovanın və onun həyat yoldaşının qətlində Elgiz Fərəcovun adı keçir. Sözügedən cinayət hadisəsilə yanaşı, həmin vaxt Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsində işləyən Elgiz Fərəcovun adı bir sıra əks-səda doğuran hadisələrdə də keçir.
Sonradan isə o, heç nə olmamış kimi, Abşeronda çalışdığı işi Sumqayıt şəhərində davam etdirib.

Beləliklə, Sumqayıt şəhər icra başçısı Zakir Fərəcovun adı son vaxtlar xoşagəlməz xəbərlərlə ölkə mediasının gündəmini zəbt edib. Adətən, belə xoşagəlməz hallara yol verən məmurlar Prezident tərəfindən işdən azad olunur və ən ağır cəza verilir. Bu dəfə də eyni hadisə baş verəcəyi gözlənilir.

“Sumqayıtın Elmar Vəliyevi” adlandırılan Zakir Fərəcovun son problemi ilə bağlı daha ilginc məlumatlar əldə etmişik. Gələn məlumatlar arasında daha çox maraq doğuranlardan biri də Sumqayıt şəhər icra hakimiyyətinin Dövlət Gömrük Komitəsinə 3 milyon, "Paşabanka" 4 milyon 800 min manat borcu olmasıdır!

Bununla bağlı "Cumhuriyyet.az"-ı məlumatlandıran mənbəyə görə, bu pulların Z. Fərəcovun yaxın qohumu olan mərhum Xannı Rəsulova verildiyi bildirilir. Məsələ ilə bağlı həmin vaxtda ölkə mediasında, dövrü mətbuatda “Sumqayıt Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətin sədri Xannı Rüstəmovun külli miqdarda pul götürüb, güya ölkəni tərk etməsilə bağlı xəbər dolaşırdı.

Zakir Fərəcovun qudası, Göyçayın sabiq icra başçısı Mehdi Səlimzadənin və Zakir Fərəcova yaxın olduğu şübhə doğurmayan Abşeron rayonunun sabiq icra başçısı İradə Gülməmmədova kimi, Sumqayıtın icra başçısı Zakir Fərəcovun başına eyni hadisənin gələcəyi gözlənilir. Buna səbəb bir qrup sahibkarın Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət etməsi, sahibkarların özlərinin verdiyi məlumata görə, Baş İdarəyə etdikləri müraciətin icraata götürülməsidir.

Belə ki, 23-174-01-02-001204 müraciət üzrə icrası qrupa həvalə edilib. Onlar bildiriblər ki, həmin müraciət hələ 2016-cı ildən başlayan borc qalmaqalı ilə bağlıdır: “Zakir Fərəcov bizim Sumqayıtda gördüyümüz işlərin pulunu 7 ildir vermir. Dəfələrlə onunla görüşüb, problemin dinc yolla həllinə çalışmışıq. Lakin o, bizi gah hədələdi, gah həbslə qorxuzdu, gah da Sumqayıta girişimizə qadağa qoydurdu.

Uzun çək-çevirdən sonra qərara aldıq ki, birlikdə rəsmi qurumlara müraciət edək, məsələnin hüquqi yolla həllinə nail olaq. Ona görə də, KQMBİ-ə müraciət etdik. Artıq müraciətimiz icraata götürülüb. Ümid edirik ki, yaxın zamanlarda məsələ ilə bağlı araşdırmalara start veriləcək”.

Qeyd edək ki, Zakir Fərəcovla iş adamları arasında baş verən borc qalmaqalı heç də kiçik məbləğ üstündə deyil. Məlumata görə, təkcə şikayət edən sahibkarlara icra başçısının 10 milyon manatdan çox borcu var. Digər məlumata görə isə, Fərəcov tək şikayət edənĺərə borclu deyil, onun başqa adamlara da böyük məbləğdə borcları var. Deyilənə inansaq, Z. Fərəcovun ümumi borcları üst-üstə 50 milyon manatdan çoxdur.

P. S. Yazıda "Gündəmxəbər" saytının materialından istifadə olunub.

0.061551809310913