Paşinyan 5 liderə zəng etdi – Səbəb

Paşinyan 5 liderə zəng etdi – Səbəb
 

Ermənistan baş naziri Nikol Paşinyan son proseslər zamanı 5 liderə zəng edib. Maraqlıdır ki, həmin şəxslərin arasında Rusiya Prezidenti Vladimir Putin yoxdur.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan deputat Elman Nəsirov deyib ki, Paşinyan təşviş içindədir:

“Buna başqa ad vermək olmaz. Çünki əgər o, bir gün ərzində 5 dövlətin siyasi lideri ilə (Fransa, Almaniya, Gürcüstan, İran və ABŞ dövlət katibi) telefon əlaqəsi yaradırsa, regiondakı vəziyyətin gərginliyindən danışırsa, Azərbaycanı ittiham etməyə başlayırsa, həyəcanlı bəyanatlar verirsə, deməli, təşviş içindədir. Əslində isə Azərbaycanla şərti sərhəddə qoşunlar toplayan da Ermənistandır, Qarabağda erməni separatçılarını ruhlandıran da, Azərbaycana qarşı intensiv diplomatik və hərbi müstəvidə təxribatlar həyata keçirən də”.

Elman Nəsirov 

Deputat deyib ki, Paşinyan İlham Əliyevin qətiyyətli siyasətçi və sözünün ağası olduğunu bildiyi üçün qorxuya düşüb:

“Ölkə başçısı deyib ki, Azərbaycan heç vaxt separatizmin mövcudluğunu qəbul etməyəcək, ona dözməyəcək. Bu da o deməkdir ki, separatizmə yox deyiriksə, deməli, onun məntəqəsi də ləğv edilməli, separatçılar harada özlərinə sığınacaq yaradıbsa, oralar da sıradan çıxarılmalıdır. Artıq Azərbaycan Prezidentinin bu sərt mövqeyi, Blinkenlə danışıq zamanı bunu açıq şəkildə ifadə etməsi sözün əsl mənasında Ermənistanda qorxu, vahimə yaradıb.

Paşinyanın telefon danışıqlarının mahiyyətini bu baxımdan başa düşmək olar”.

E.Nəsirov Paşinyanın Putinə zəng etməməsinin diqqət çəkdiyini bildirib:

“Paşinyanın Rusiya liderinə zəng etməməsi anlaşılandır. Son günlər Rusiya-Ermənistan münasibətlərində gərginlik pik həddə çatıb. Xüsusilə Paşinyanın “bir gün gözümüzü açacağıq ki, regionda Rusiya yoxdur” deməsi, sentyabr ayının 11-dən 20-nə qədər Ermənistanda ABŞ hərbçiləri ilə birgə təlim keçirməsi gərginliyin olmasından xəbər verir.

Eyni zamanda Paşinyanın xanımının Kiyevdə olması, Ukrayna hakimiyyətinə dəstək verməsi, Rusiya XİN-in mətbuat katibi ilə Ermənistan parlamentinin sədri arasında yaşanan qalmaqallar və digər məsələlər onu göstərir ki, Moskva-İrəvan münasibətləri ən gərgin fazasına daxil olub”.

Zaira Akifqızı

0.041194915771484