Polşa Javelin tank əleyhinə portativ sistemlər istehsal edəcək

Polşa Javelin tank əleyhinə portativ sistemlər istehsal edəcək
 

Polşa Silah Qrupu (PGZ) müəssisələri ABŞ-nin tank əleyhinə FGM-148F “Javelin” raket sistemini istehsal edəcək. Sentyabrın 6-da Keltsdə keçirilən müdafiə sərgisində “Raytheon” və “Lockheed Martin” şirkətləri ilə əməkdaşlıq haqqında saziş imzalanıb.

"Paralel.az" xəbər verir ki, Polşa Silah Qrupunun sədri Sebastyan Xvalek bildirib ki, sövdələşmə sayəsində Polşa sənayesi daha bir raket istehsalı təcrübəsi və xarici bazarlara çıxış əldə edir: “Bu, ABŞ xaricində ilk zavod, ilk istehsal xətti olacaq. Yeni raket sisteminin istehsalı bizim amerikalılar üçün nə dərəcədə vacib tərəfdaş olduğunu və beynəlxalq əməkdaşlıq məsələlərində bizə necə qiymət verildiyini göstərir. İstehsalımız təkcə Polşa deyil, həm də Amerika ordusunu çox sayda raketlə təchiz etməyə imkan verəcək”.

Saziş, həmçinin Varşava yaxınlığındakı Zelenkada “Mesko” və “Wojskowy Zakłady Elektroniczne” (Hərbi elektronika zavodu) zavodları da daxil olmaqla, “Javelin” TPRS-nin gələcək istehsalında bir neçə polyak müəssisəsinin iştirakını nəzərdə tutur.

Polşa silah sənayesinin nümayəndələri vurğulayırlar ki, amerikalı şirkətlərlə əməkdaşlığın başlaması “Pirat” kod adlı layihəmiz üzərində işin dayandırılması demək deyil. Bu layihəyə yüngül tank əleyhinə sistemin işlənib hazırlanması daxildir ki, bu sistemdə raket lazer vasitəsilə hədəfə tuşlanır. “Pirat” sisteminin modeli cari ildə Keltsdəki silah sərgisində təqdim olunub.

Qeyd edək ki, “FGM-148F Javelin” tank əleyhinə raket sistemi Ukraynadakı tammiqyaslı müharibə zamanı zirehli texnika ilə mübarizədə özünü effektli silah kimi göstərib. Bundan təkcə zirehli texnikaya deyil, həm də düşmənin alçaqdan uçan hədəflərinə zərbələr endirilib.

 

0.01537299156189