Onun acı taleyi...
Yaxın gəlin dostlar, bu dəfə sizə nağıl danışmaq istəyirəm. Elə bir nağıl ki, sizə Səyavuş Aslanı xatırladacaq, yadınıza o, düşəcək, amma göydən alma düşməyəcək.
Hə, nağıllar necə başlayırdı? “Biri var idi, biri yox”-la. Bəli, bu dünyada Səyavuş Aslan adında bir aktyor var idi.
Deyirdi ki;- “Mən teatr aləminin ən xoşbəxt aktyoru olmuşam. Gülüş ustası Lütfəli Abdullayevi həmişə özümə müəllim bilmişəm. Doğrudur, o, mənə heç zaman dərs keçməyib, amma mənəvi ustadım olub. Bu yaşıma kimi çox sayda rol oynamışam. Artıq qocaldığımı etiraf edirəm. Bu yaşdan sonra özümə ancaq can sağlığı arzulayıram. Amma görürəm ki, Türkiyəlilər qocaman sənət adamlarının sənətlərini də yüksək qiymətləndirir, onlara müəyyən rollar verirlər. Bizdə isə aktyoru çərlədib yorğan-döşəyə salırlar.”
Bir az müdrik, bir az çılğın, bir az da əhlikeyf idi. Onun teatr və kino sənətimizin ayaqda qalmasında xidmətləri, tamaşa və bədii filmlərə verdiyi öz töhfələri olub. Yaratdığı obrazlarla diqqət mərkəzində olan unudulmaz sənətkar dövrünün eybəcərliklərini ustalıqla ifşa edərək, tamaşaçının yaddaşına həkk etdirə bilib...
Bir vaxtlar onunla eyni kollektivdə çalışan Əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanov deyirdi;- “Səyavuş Aslanla münasibətlərimiz çox gözəl olub, mən onu kifayət qədər çox istəyirəm. Səyavuş müəllim çox yaxın adamım olub. Sadəcə olaraq, son bir-iki ildə aramızda anlaşılmazlıq oldu. Mən həmişə onun nazı ilə oynamışam. Gördüm ki, onun nazı ilə həddindən artıq çox oynamağım artıq digər aktyorlara pis təsir edir. O da bundan çox ərköyünlük edir. Məcbur olub, Səyavuş Aslanı “Arılar arasında” tamaşasından çıxartdım. Bildiyimə görə, ondan sonra kifayət qədər çıxıb mənim haqqımda danışdı. Bu, onun öz fikirləridir. Səyavuş Aslan Azərbaycan teatrının çox mötəbər aktyorlarından biridir, amma daha böyük aktyor ola bilərdi...”
Səyavuş Aslan insan kimi kəskin təzadlı xarakterə malik olub. O, özü qədər sevdiyi qadın üçün göz yaşları tökməyi də, onu dəlixanaya saldırmağı da bacarırdı. Hətta bəzi brend mağazalardan bir kostyum istəməkdən belə utanmırdı, həm də cəsarət göstərib ölkə rəhbərindən özü üçün deyil, gənc aktyorlar üçün təqaüd xahiş edə də bilirdi. Şan-şöhrət, uğur, ailə xoşbəxtliyi eyni vaxtda gəldiyi kimi, bir-bir əldən çıxa da bilərmiş. Və bir gün Səyavuş Aslanın da başına bu olaylar gəldi. O, heç bir qadının fitnəsinə uymazdı, Ofeliya Aslan onun üçün bütün başqa qadınlardan üstün idi. Amma onun şöhrətinə heyran olan qadınlar vardı ki, ona rahatlıq vermirdilər. Bəlkə də onun xoşbəxtliyinə elə haqqında yayılan şayiələr son qoydu. Bu şayiələrdən usanan həyat yoldaşında psixoloji problemlər baş qaldırdı. Elədir, o da ailəsini sevirdi, amma qayğı göstərmək, bu sevgini onlara yaşatmağı bacarmırdı...
Bəli, biri var idi, biri yox. Bu dünyada Səyavuş Aslan adında bir aktyor var idi. Taleyinə yazılan ömrü son saniyəsinədək yaşayıb sonda Bərzəxə köçdü. Bu dünyada çox mükafatlar almışdı- Azərbaycanın xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi. Sinəsini "Şöhrət" və "Şərəf" ordenləri bəzəyirdi. Amma Allahın ona o dünyada mükafatı olacaqmı, deyə bilmərəm. Köməçkçisi olan Sədaqət xanım aktyorun ömrünün finalını bir vaxtlar belə təsvir edirdi: “İnanın, 5 aydan çoxdur ki, xalqın sevimli sənətkarı olan Siyavuş Aslanın evində çalışıram. Otaqları yığıram, yeməyini hazırlayıram, yorğan-döşəyini, paltarlarını yuyuram, iynələrini vururam, dava-dərmanlarını verirəm. Lakin bu müddət ərzində bircə dəfə də görmədim ki, hər hansı bir aktyor zəng vurub və ya gəlib Siyavuş müəllimin səhhəti ilə maraqlansın. Sənətkara qarşı bu qədər biganəlik olmaz axı. Xəstənin gözləri həmişə qapıda olur. Mən bilirəm ki, o bu saat diqqət istəyir. Adam görəndə çox sevinir. Bütün günü evdə qalır, darıxır. Heç kəs nə zəng vurub halını soruşur, nə də əllərində 1 kilo alma tutub qapısını açıb onu yoluxmağa gəlir. Heç nə lazım deyil, elə maraqlanmaqları Siyavuş müəllim üçün böyük şeydir.
Oğlu Çingiz Siyavuş müəllimə demişdi ki, yanına jurnalist gələcək, səninlə bağlı yazı hazırlayacaq. Tez ayağa qalxıb oğluna dedi ki, üzümü taraş elə. Mənə də dedi ki, saçımı dara. O, xəstə anında da insanların gözünə xəstə kimi görünmək istəmir. İstəmir ki, kiminsə ona yazığı gəlsin. Çox vaxt isə xəstəliyini tamam unudur. Elə bilir, əvvəlki kimi, yenidən teatra üz tutacaq, inanın, teatr üçün çox darıxır. Əyləşib televizor qarşısında tamaşalara baxmaq istəyir”.
Yaşasaydı sentyabrın 5-də 88 yaşını qeyd edəcəkdi. Ruhu şad olsun!
Gözləməyinə dəyməz, axı demişdim ki, göydən alma düşməyəcək...
Elman Eldaroğlu
"Paralel.az"