Əli İnsanovun partiyası ilə bağlı QƏRAR Verildi
Sabiq səhiyyə naziri Əli İnsanovun partiyası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb.
Paralel.az bildirir ki, bu barədə Modern.az-a açıqlamasında Haqq Ədalət Partiyası Ali Məclisinin sədri Zəlimxan Məmmədli məlumat verib.
“Partiyanın rəhbər orqanları bundan sonrakı fəaliyyəti müəyyən edəcəklər. Ümumi və xalqımızın maraqlarına uyğun müvafiq qərarlar veriləcək”,- o deyib.
Xatırladaq ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını nazirliyə təqdim edib. Bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.
Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib.
Bir çox partiya üzvlük siyahılarındakı problemləri aradan qaldıraraq yenidən Ədliyyə Nazirliyinə müraciət edib. Bundan əvvəl üç partiya – deputat Sabir Rüstəmxanlının rəhbərlik etdiyi Vətəndaş Həmrəyliyi Partiyası (VHP), Tural Abbaslının rəhbərlik etdiyi AĞ Partiya, İqbal Ağazadənin Ümid Partiyası dövlət qeydiyyatına alınıb.