"Biz Azərbaycanla münasibətlərimizi qurmağa başlayanda, Avropada bizə yuxarıdan aşağı baxırdılar" - Peter Siyarto

 

Cari ilin birinci yarısında Macarıstan və Azərbaycan arasında ticarət dövriyyəsi ötən ilin bütöv dövrü ilə müqayisədə iki dəfə artıb.

APA xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Budapeştdə azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib. Peter Siyarto vurğulayıb ki, iki ölkə arasında əlaqələr iqtisadi artımın saxlanılması baxımından mühüm əhəmiyyət kəsb edir. Nazirin sözlərinə görə, ticarət dövriyyəsinin artmasının əsas səbəbi Macarıstanın əczaçılıq məhsullarının ixracının və enerji idxalının davamlı olaraq genişlənməsidir.

O çıxışında Macarıstan şirkətlərinin Qarabağ regionunun yenidən qurulmasında iştirak edə biləcəyi ilə bağlı razılaşmanı alqışlayıb.

Nazir Siyarto deyib ki, iki yerli əczaçılıq şirkəti Azərbaycana sərmayə yatırmaq üzrədir və bu yaxınlarda "Hell Energy" şirkəti də Azərbaycanda təxminən 200 milyon dollar dəyərində zavod tikmək niyyətindədir.

"Yadımdadır, biz 2010-2011-ci illərdə Azərbaycanla münasibətlərimizi qurmağa başlayanda, Avropada bizə yuxarıdan aşağı baxırdılar. Ona görə də indi Qərbi Avropa liderlərinin Bakıda Prezident Əliyevlə şəkil çəkdirmək üçün bir-birini necə itələdiyini görmək gülməlidir", Macarıstan XİN rəhbəri deyib.

"Lakin bizim Azərbaycanla dostluğumuz iqtisadi vəziyyətdən asılı deyil, biz Azərbaycanın təbii qaz mənbələri aşkarlanmazdan əvvəl də bu ölkə ilə dostluq edirdik”, - deyə o, fikrini yekunlaşdırıb.

0.027417898178101