Heydər Əliyev - Müasir Azərbaycan onun yolu ilə inkişaf edir
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
Bu gün Heydər Əliyevin siyasi fəaliyyətinin ən vacib komponentini təşkil edən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri seçilməsindən 32 il ötür. Bu əlamətdar tarixi hadisə Azərbaycanın siyasi patriarxı olan böyük dövlət adamının fəaliyyətinə bir daha nəzər salmağı şərtləndirir.
Bəşər tarixi sübut edir ki, hər bir xalqın, millətin taleyində dahi şəxsiyyətlərin, siyasi liderlərin müstəsna rolu vardır. Şübhəsiz ki, hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Xalqımız da müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ölkəmizin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, müdrik ideyaları, səriştəli idarəetmə qabiliyyəti və əzmi ilə ölkəmizin strateji inkişaf konsepsiyasının reallaşmasına, dünya miqyasında layiqli yer tutmasına yol açmış dahi oğlu Heydər Əliyev ilə hər zaman fəxr edəcək, onu daima qürur hissi ilə xatırlayacaqdır.
Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev dahi lider kimi insanları öz ideya və baxışları ətrafında toplamış, zəngin təcrübəsi sayəsində dövlət idarəçiliyi sahəsində ciddi uğurlara imza atmış, cəmiyyətin maraq və mənafelərini bütün varlığı və siyasi qətiyyəti ilə müdafiə etdiyi üçün xalqının Ümummilli Lideri zirvəsinə yüksəlmişdir. Tarixi prosesdə filosoflar cəmiyyətin inkişafını "mütləq "mən"də, "böyük şəxsiyyətlər"də, "fövqəlinsan"da, "görkəmli şəxsiyyətlər", "texnokratik elita" və başqa amillərdə axtarmışlar. Sosial zaman kəsiyində tarixi inkişaf prosesi bizə müxtəlif mənəviyyata və zəkaya malik şəxsiyyətlər vermişdir. Onlar tarixi zərurət və ya təsadüf nəticəsində hakimiyyətə gələrkən ictimai hadisələrin gedişinə müxtəlif istiqamətlərdə təsir göstərmişlər. Bu zaman ya obyektiv inkişaf ləngimiş, xaos və özbaşınalıq yaranmış, ya da cəmiyyət tərəqqi və yüksəliş yoluna düşmüş, ictimai sabitlik formalaşmışdır.(İxtisarla)
Sadiq Qurbanov