Möcüzəli güllər - Qalib Arif
(“Qısa qeydlər” silsiləsindən)
Mən uşaqlıq illərindən Çin qızılgüllərini sevirəm. Biz hələ “Vosmoy”da yaşayanda Tofiq adlı bir məhlə uşağı vardı, onun anası evdə bu güldən saxlayırdı. İri, taxta dibçəkdə əkilmişdi, otağın tavanına kimi yüksəlmişdi. Al qırmızı güllər açırdı, adam baxmaqdan doymurdu. Mən hətta anamı da aparmışdım, göstərmişdim, “mən də istəyirəm” demişdim. Anam bazardan almışdı, gətirib evdə dibçəkdə əkmişdi. Bacılarımla qulluq edirddik, qırmızı gül açanda sevinirdik...
O vaxtldan on illər keçib, çox şeylər dəyişib, hətta ünvanımız yenilənib. Bacılarımın nəvə tutur əlini, hərəsinin kürəkəni, gəlini... Mən də yaşa dolmuşam, artıq baba olmuşam. Amma evdə Çin qızılgülü saxlamaq adətimiz dəyişməyib, indi də qalır. Bu yayda Qaxa istirahətə gedəndə evdə 2 qızılgülümüz vardı – qırmızı və sarı. Uşaqlara bərk-bərk tapşırmışdıq, “gülləri vaxtında sulayın” demişdik. Amma indiki uşaqların işi-gücü başından aşır, boş vaxtlarını da telrfon alır. Güllərə baxmayıblar, vaxtında sulamayıblar. Havalar da isti olub...
Avqustun ortalarında gələndə gördük ki, Çin qızılgülləri quruyub. Gündəlik suladıq, dibini boşaltdıq. Sarısı dirildi, cana gəldi, amma qırmızısı qurudu, getdi. Eyvanda cana gələn sarı gül yam-yaşıl idi, qönçələmişdi. Hər gün baxırdım, qönçələri sayırdım. Düzü, sarı gülləri sevmirdim, qırmızı istəyirdim, hətta ümid edirdim... Bir gün mənə elə gəldi ki, açılmağa başlayan qönçələrin bir sarı, o biri qırmızıdır. Müşahidələrimi evdə bölüşdüm, dedilər, “qönçə vaxtı qızarır, sonra saralır”. Amma Çin qızılgülləri mənim ümidlərimi qırmadı, biri saraldı, o biri qızardı. Sanki möcüzə baş verdi, bir kol iki cür çiçək verdi - biri qırmızı, o biri sarı...
"Paralel.az"