İran yeni təşkilatda sanksiyalardan qurtulacaqmı? – Azərbaycana təsiri…

İran yeni təşkilatda sanksiyalardan qurtulacaqmı? – Azərbaycana təsiri…
 

Son günlərdə BRİKS təşkilatı öz fəallığı ilə gündəmdədir. Avqustun 24-də BRİKS sammitində təşkilatın genişləndirilməsi barədə qərar qəbul edilib: onun tərkibinə Səudiyyə Ərəbistanı, İran, Birləşmiş Ərəb Əmirlikləri, Argentina, Misir və Efiopiya daxil olacaq.

Ekspertlər bunu Qlobal Cənub ölkələri arasında geosiyasi təsirini artıran Çin üçün ciddi siyasi uğur adlandırırlar. BRİKS getdikcə özünü G7-yə qarşı güclənməyə və qlobal iqtisadiyyatın uyğunlaşmasını dəyişməyə çalışır. 

Hətta BRİKS-in vahid valyutasının yaradılması məsələsi də gündəmdədir.
Fəaliyyəti G7 ilə müqayiə olunan BRİKS-lə bağlı yeni suallar meydana çıxmaqdadır.
Həmin təşkilat doğrudan da G7-yə rəqib olacaqmı? 
Digər bir məqam isə İranın təşkilata qəbul edilməsinin Azərbaycana hər hansı təsirinin olub-olmayacağı ilə bağlıdır.

Mövzu ilə bağlı Paralel.az -a danışan beynəlxalq məsələlər üzrə ekspert  Əziz Əlibəyli bildirib ki, G7 və BRİKS tamam fərqli rakusrslarda fəaliyyət göstərir:

“BRİKS də yeni dünya düzəni axtarışında ortaya çıxan bir təşkilatdır. İranın bura daxil olmasını da gözləmək olar və olacaq da. Azərbaycana təsirinə gəldikdə İranın güclü ortamlarda olması təbii ki, bizə müsbət heç nə vəd etmir. Amma məsələ budur ki, BRİKS-in özünün taleyi sual altındadır. İki əleyhdar dövlətin - Çinlə Hindistanın bir yerdə olmasının gələcəyi sual yaradır. Yaxud Hindistan ABŞ ilə müttəfiq olmağa başlayıb. Bu prizmadan da gedişat maraq doğurur. Ümumiyyətlə, çox müxtəlif əks qütblərdə olan ölkələrdən təşkilat yaratmaq uğursuz təcrübədir. Bu təşkilatın gələcəyi real görünmür”.

Ekspert BRİKS-ə üzvlüyün İranı sanksiyalardan çıxmağa kömək etməsi məsələsində həqiqət payı olduğunu deyib:

“BRİKS-ə üzvlüklə bağlı bu yanaşma, əslində, məntiqlidir, amma məsələ odur ki, burada Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi də var. Bu dövlətlərin indiki məqamda İranla münasibətlərini maraqlar üzərindən götürsək, müsbət görünsə də, diplomatik münasibətlər bərpa olunsa da, bunlar Qərb tərəfindən inşa olunmuş dövlətlərdir. Hər kəs bilir ki, ABŞ kəşfiyytına tabe olan Səudiyyə Ərəbistanı və BƏƏ məhz anti-İran mövqeyindədir. Bu da gələcəkdə arxadan zərbə vurmaq və islam dünyasının iki qarşı-qarşıya duran cinahlarını təşkil etmək üçün nəzərdə tutulub. Məsələnin mahiyyəti bundan ibarətdir ki, İranın olduğu qrupda ərəb ölkələri maraqlarını nə cür müdafiə etmiş olacaqlar”. 

Qeyd edək ki, BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) dünya iqtisadiyyatları qrupudur.

 

 

0.024979829788208