Qız qalalarının sirləri - 1-ci hissə
Kamil Allahyarov

Qız qalalarının sirləri - 1-ci hissəKamil Allahyarov
 

"Qız qalası" adlanan qədim abidələrə Qafqazda, Xəzərin və Qara dənizin şimalında, İranda, Türkiyədə və s. yerlərdə rast gəlinir. Onların ən məşhurları isə İstanbulda, Bakıda və Krımda yerləşənləridir. Bu qala və ya qullələrin mənşəyinə dair dünyanın müxtəlif ölkələrində saysız-hesabsız tədqiqatlar yazılıb. Ancaq onlar tarixi faktlardan çox müəlliflərinin subyektiv təsəvvürlərinə əsaslandıqlarına görə problem indiyədək açıq olaraq qalmaqdadır. Bakıdakı Qız qalası barədə ən geniş yayılmış versiya onun guya atəşpərəstlik abidəsi olması ilə bağlıdır. Belə halda sual yaranır ki, bəs digər regionlardakı Qiz qalalarının atəşpərəstliklə nə əlaqəsi ola bilər? Nəyə görə atəşpərəstlik məbədi "Qız qalası" adlanır? Həm də atəşpərəstlik məbədləri ənənəvi olaraq kvadrat şəklində olur və onların içərisində od yandırmaq üçün altar olur. Ancaq Qız qalasında bunlar da yoxdur. Heç onun ətrafında da təbii atəş əlamətləri yoxdur.
Əksər qədim abidələr kimi, Qız qalaları barədə də qədim mənbələrdə müstəqim məlumatlar yoxdur. Yalnız dolayı fakt və məxəzlər vasitəsilə onların izlərinə düşmək mümkündür. Bu isə tədqiqatın ən yüksək səviyyəsini tələb edir; bir tərəfdən tədqiqatçı qədim dövrə aid müxtəlif elm sahələri üzrə geniş məlumatlara malik olmalıdır, digər tərəfdən isə bu məlumatlardan düzgün istiqamətdə istifadə etməyi, onlardan dürüst nəticələr çıxarmağı bacarmalıdır. Alınan son nəticə isə yalnız o zaman düzgün sayıla bilər ki, o daxili ziddiyyətlərə malik olmasın və istənilən tənqidə elmi əsaslarla cavab verə bilsin.
İlk növbədə biz "qız" sözünün qədim mənalarını araşdırmalıyıq. Qədim türk sözlüklərindən aydın olur ki, qədimdə "qız" sözünün iki mənası olub: gənc qadın və quzğun quşu. Hun dövründən məlum olan "qırqız" etnonimində də "qız" sözü "quzğun" mənasında işlənib. "Qır" sözü isə indi də türk dillərinin çoxunda "bozqır", "səhra", "çöl" mənalarında işlənir. Deməli "Qırqız" etnonimi qədim türk dilində "çöl quzğunu" deməkdir. Bu ad indi bizim dildə "qırğı" formasında işlənir.Totem, onqon (əcdad ruhu) adları indi də Avstraliya aboregenləri arasında çox vaxt tayfa adları kimi işlənir (məs., kenquru tayfası). Qədim türklər totem və onqonlarına xilaskar, qoruyucu ruh kimi baxırdılar və öz tikililərinə, sığındıqları yerlərə də bu adı verirdilər ki, totem və onqonlar bir tilsim kimi onları qorusunlar.

"Paralel.az"

0.01486611366272