“Xankəndi rejiminə son verəcək siyasi- hərbi fəaliyyətə üstünlük verməliyik” – “Ermənistan vaxt udur...”

“Xankəndi rejiminə son verəcək siyasi- hərbi fəaliyyətə üstünlük verməliyik” – “Ermənistan vaxt udur...”
 

Qarabağ ətrafında yaranmış və davam edən prosesin tezliklə finala yaxınlaşacağı barədə hətta nikbin proqnozlar verməyə meyilli olanlar da indi birmənalı fikir bildirməyə ehtiyat edirlər. 44 günlük müharibə dayandırılandan sonra Ermənistanın ehtiyatla apardığı “zamanı uzatma” siyasəti bu gün istər rəsmilərin, istərsə də siyasi və hərbi ekspertlərinin dilindən tez-tez səsləndirilir”.

“AzPolitika.info” xəbər verir ki, təhlükəsizlik məsələri üzrə ekspert İlham İsmayıl Qarabağ ətrafında gedən prosesləri dəyərləndirərkən belə deyib.

Təhlilçi hesab edir ki, Laçın və Ağdam yolu ətrafında mövcud böhranın həll edilməsinin ilkin şərtləri barədə yayılan informasiyalar yaxın günlərdə çətin ki, təsdiqini tapsın. Onun sözlərinə görə, hətta bu baş versə belə, finala aparan yolun cığırı hesab edilməz: “Ermənilər ən xırda detalı problemə çevirib, diqqəti aylarla onun həllinə yönəltməklə, həm əsas hədəfdən – sülhdən yayınır, həm də zamanı uzatmaqla hərbi-siyasi hazırlıqlarını davam etdirir. Üstəlik, ənənəvi “əzabkeş erməni” şou-təbliğatı ilə bizi dünyanın təzyiq və qınaq hədəfinə çevirir və yalnız təzyiq deyil, məcburetmə siyasətinə keçməyin zəruriliyini xüsusi vurğulayırlar”.

“Baxmayaraq ki, bu qüvvələr arasında hakimiyyət uğrunda mübarizə gedir, amma son anda Paşinyan da, onu hakimiyyətdən uzaqlaşdırmaq istəyən qüvvələr də Qarabağ məsələsində külüngü bir yerə vururlar və deyirlər ki, rəsmi Bakı keçmiş Dağlıq Qarabağdakı qondarma, qanunsuz, separatçı “hakimiyyət” orqanları ilə beynəlxalq mexanizm tətbiq olunmaqla, dialoq qurmalıdır”, - o əlavə edir.

Ekspert hesab edir ki, bu tələb həm də ikili standartlarla çıxış edən Qərbin istifadə etdiyi siyasi alətdir: “Qeyri-rəsmi şəkildə çatdırırlar ki, əks halda BMT Təhlükəsizlik Şurası müzakirələrdən sonra Laçın dəhlizi ilə bağlı blokadanı pisləyən qətnamə qəbul edə bilər, üstəlik, Ermənistan-Azərbaycan sərhədində olduğu kimi, Yuxarı Qarabağda da monitorinq keçirməsini Qərb mümkün variant kimi görür. Məqsəd ermənilərə milli azlıqdan daha yüksək status verilməsidir. Ermənilərin arzusu və apardığı siyasət də odur ki, 10-15 il Qarabağda beynəlxalq sülhməramlılar yerləşdirilsə, bu müddət ərzində dövləti və ordunu bərpa etmək mümkündür, ondan sonra “sülh dövrü”ndən danışmaq olar. Məqsəd, hədəf bu qədər sadəliklə aydındır və ermənilərin indiyədək sülhdən danışması, sadəcə siyasi texnologiyadır və müharibə dayandırılandan bəri, bu siyasi texnologiyanı köklü şəkildə dayandırmağa hələ ki, müvəffəq olmamışıq”.

İlham İsmayıl hesab edir ki, Rusiyanın Qarabağda mövcudluğu münaqişənin yekun nöqtəsinin qoyulmasına ən böyük maneə olaraq qalır və bu gedişlə 2025-ci ilin noyabrında Azərbaycanı tərk etməsi real görünmür. Təhlilçi hesab edir ki, siyasi proqnozlar hava proqnozuna bənzəmir, çox vaxt əks proseslər baş verir və ona görə də Azərbaycan bugünkü reallığı dəyərləndirib, ləngimədən Xankəndidə separatçı rejimin varlığına son qoymaq üçün praktik siyasi, hərbi variantlara start verməlidir. Onun sözlərinə görə, Laçın yoluna tətbiq olunan məhdudiyyətə baxmayaraq, ermənilər güzəştli addımlar atmağa tələsmirlər, çünki özlərinin etirafına görə, Rusiya helikopterləri hər gün minimum tələbatı ödəyən qida və tibbi məhsullar daşımaqda davam edirlər: “Rusiya erməni silahlı qüvvələrini də çıxarmır. Deməli, siyasi yolla çıxmayan hərbi qüvvənin hərbi yolla çıxarılacağı xəbərdarlığı gündəmə gətirilməli və bu iş ilin sonunadək bitməlidir. Bu məsələ Xankəndi rejiminin fəaliyyətinə son verilməsinin və Azərbaycan dövlət strukturlarının nəzarətinin Xankəndində bərpa edilməsinin başlanğıcı deməkdir. 2024-cü ildə isə keçmiş Dağlıq Qarabağda yaşamış və etnik təmizləməyə məruz qalmış azərbaycanlıların doğma yurdlarına qayıdışı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti ilə həyata keçirilməlidir”.

Təhlilçi qarşıda danışıqlar prosesi gözlənildiyini, amma sentyabrda Brüssel, oktyabrda Qranada görüşündən sonra konkret nəticələr olacağının yenə də real görsənmədiyini deyir: “Hətta bu görüşlər pozitiv təsir bağışlasa da, Qarabağda separatçı rejimin fəaliyyətinə son verəsi deyil. Biz Xankəndi rejiminə son verəcək siyasi-hərbi fəaliyyətə üstünlük verməliyik, ermənilərin planlı şəkildə davam etdirdikləri vaxtuzatma siyasətinin detallı problemlərini aradan qaldırmağa zaman sərf edilməsi maraqlarımıza uyğun deyil”.

Rasim Əliyev

0.030746936798096