Kələklə gələn, küləklə gedər
(hekayə)

Kələklə gələn, küləklə gedər(hekayə)
 

FƏRHAD ƏSGƏROV (RAMİZOĞLU),
yazıçı-jurnalist

Mehman əsgəri xidmətdən təzəcə qayıtmışdı. Rayonda yaşayırdı. Əsgər getməmişdən əvvəl atası Rüstəm kişi ona motosikl alacağına söz vermişdi. Belə də oldu. Əsgərlikdən qayıdan kimi atası ona motosikl aldı. Mehman hər gün rayon daxilində, kəndlərdə motosikl sürürdü. Hələlik işləmək barədə fikirləşmirdi. Atası dəfələrlə oğluna işləməyin vacibliyini xatırlatmışdı. Mehman isə demişdi:
-Nə kolxozda sürücü, kolxozçu, nə də zavodda fəhlə işləmək istəmirəm. Nə olsun ki, qaynaqçı peşəsi üzrə sənət öyrənmişəm. Heç yerdə işləyən deyiləm.
Baharın ortaları idi. Mehman Kosmodrom Baykonurda hərbi xidmətdə olduğunu xatırladı. Əsgər formasını geyindi. Furajkasını başına qoydu. Necə də gözəl yaraşırdı ona. Axşam idi. Qaranlıq düşmüşdü. O, motosikli işə saldı. Rayon mərkəzinə tərəf yola düşdü. Yolun yarısında benzin qurtardı. Dayanıb maşın gözlədi və sürücülərdən benzin istəyəcəyini fikirləşdi. Elə bu vaxt uzaqdan “Jiquli-03” markalı maşın göründü. Mehman benzin istəmək üçün əl qaldırdı. Sürücü maşını saxladı:
-Salam, yoldaş naçannik, - dedi. – Vallah, gərək bağışlayasan, cəmi otuz kiloqram balıqdır. Alın bu pulu, azdırsa, sonra yenə verərəm.
Mehman məsələni dərhal başa düşdü. Giddi bir görkəm alıb dedi:
-Yaxşı, get, amma bir az ehtiyatlı ol, qarşıda yenə bizimkilərdən dayanıb...
Mehmanın sevincinin həddi-hüdudu yox idi. Sürücü onu yol polisi zənn etmişdi. O, pula baxdı. Fikirləşdi ki, kolxozçu atasının bir ayda qazandığı əmək haqqını o, beş dəqiqədə qazandı. Ancaq sevincdənmi, yoxsa qorxudanmı ürəyi yaman əsirdi. Motosikldə benzinin olmaması isə onu narahat edirdi. Az sonra bir yük maşını düz onun yanında saxladı. Sürücü maşından düşüb:
-Necəsən, yoldaş naçannik? – dedi. – And olsun vicdanıma, maşında heç nə yoxdur. Özün də bilirsən ki, yol hərəkəti qaydalarını pozmamışam. Sadəcə olaraq bu gün yaxşı “xaltura” etmişəm. Al, bir az da sən xərclə, halal xoşun olsun!
O, Mehmana bir qədər pul verib yoluna düzəldi.
Az sonra üzərində “DYP” yazılmış “Jiquli” markalı maşın gəlib onun yanında dayandı. Mehman özünü itirdi, istədi ki, qaçıb aradan çıxsın. Tərlədiyindən furajkasını çıxarıb dal oturacağa qoymuşdu. Həm də elə bildi ki, polislər onu tutmaq istəyirlər. Nə isə... Birtəhər özünü ələ alıb irəli yeridi. Ədəb-ərkanla salam verib dedi:
-Eşidirəm, yoldaş naçannik, nə istəyirsiniz?
-Heç, de görüm burda nə üçün dayanmısınız?
-Maşın gözləyirəm, naçannik, benzinim qurtarıb, yolda qalmışam.
-Beş litr bəs edərmi?
Mehman elə bil ilan ağzından qurtardı. Bir qədər özünü cəmləşdirib:
-Əlbəttə, - dedi.
Onlar Mehmana benzin verib getdilər. Mehman da ləngimədən tez evlərinə qayıtdı.
Axşam çay içdikdən sonra yatağa uzandı. Lakin ilan vuran yatdı, o yatmadı. Xeyli fikirləşdi, götür-qoy etdi. Düşündü ki, artıq dolanışıq yolunu tapıb. Ayda iki-üç dəfə belə “ova” çıxsa, bəsidir. Gen-bol dolanmaq olar...
Ertəsi gün gecə yenə əsgər formasını geyinib həmin yerə gəldi. Ancaq bu dəfə üzünü qırxmış, şalvarını ütüləmiş, çiyninə də baş serjant paqonu taxmışdı. Əlində Dövlət Yol Polisinə aid çubuq da var idi. Bu çubuq ilə qarşıdan gələn “Jiquli-06” markalı maşınına işarə edib saxlatdırdı. Sürücü düşüb Mehmana yaxınlaşdı:
-Xoş gördük, yoldaş serjant, - dedi. Məni tanımadın? Yadındadır, bir neçə gün bundan əvvəl sənə “hörmət” etmişdim.
O, ani sükutdan sonra yazıq görkəm alıb dedi:
-Subaylarınız üçün olsun. Dostumun oğlunun toyuna getmişdim, bir balaca içmişəm. Təqsirkaram. Amma xahiş edirəm üstünü vurma. Bir qədər xərclik verərəm, əvəzi çıxar. Özü də bura bax, əlim yüngüldür, bu gün yaxşı pul qazanacaqsan...
Mehman asan yolla qazandığı bu pullar haqqında ailədə heç bir söz danışmamışdı. Bilirdi ki, atasının belə bəd əməllərdən xoşu gəlmir. Əslində isə Rüstəm kişi oğlunun haradansa pul qazandığını duymuşdu. Anca hələlik üstünü vurmurdu.
Bəli, Mehman beləcə hərdən iki-üç maşın saxlatdırıb “yoxlamadan” keçirir, sürücüləri qorxudaraq pulunu alıb, sonra aradan çıxırdı. Yaxşı deyiblər ki, “su sənəyi suda sınar”, “kələklə gələn, küləklə gedər...”
Dişində şirə qalan Mehman yenə də yaraqlanıb-yasaqlanıb yola çıxmışdı. Asan gəlir onu o qədər şirnikləndirmişdi ki, o üstündə “DYP” nişanı vurulmuş maşını da saxlatdırdı. Dövlət Yol Polisinin maşını dayandıqda ac qurd kimi onun üstünə şığıdı. Şərabın təsirindən gözləri alacalanmış Mehman amiranə bir tərzdə qabağa yeriyib:
-Vətəndaş, nə üçün yol hərəkəti qaydalarını pozursunuz? – dedi.
Necə, mən yol hərəkəti qaydalarını pozuram? – deyə polis baş leytenantı onun yaxasından tutdu.
Mehman tələyə düşdüyünü duyub aradan çıxmaq istədi. Amma gec idi. Çünki o, əl-qol açmamış polis işçiləri onu maşına basmışdılar.
1984-cü il

"Paralel.az"

0.026486158370972