Siyasətin çirkin üzünə bulaşan Mənsimov

Siyasətin çirkin üzünə bulaşan Mənsimov
 

Mənsimov qazandığı milyardlardan Azərbaycan əleyhinə olan şəbəkələrə səxavətlə pay ayırıb.

“Palmali” şirkətinin rəhbəri Mübariz Mənsimovun reallıqda kimliyinə bu ayın əvvəlində Türkiyədə həbs edilərək Azərbaycana gətirilən Fazil Qasımovla bağlı informasiyalar bir daha aydınlıq gətirməkdədir. Bəlli olur ki, üzdə xeyriyyəçi kimi piarı aparılan Mənsimov əslində gizli yollarla Azərbaycan dövlətini gözdən salan çevrələrə maliyyə yardımı ayırmaqdan tutmuş, FETÖ şəbəkəsi ilə bağlılığa aparan zəngin fəaliyyətə malik imiş. “Vətənpərvər” iş adamı harda Azərbaycan dövləti əleyhinə olan bir çevrə varsa, həmin çevrəyə Qasımov vasitəsilə bu və ya digər formada səxavətlə maliyyə dəstəyi veribmiş.

Bütün bunların nə dərəcədə əsaslı olduğunu görmək üçün öncə F.Qasımovun Türkiyədə nə işlər çevirməsinə və onun Mənsimovla hansı bağlara malik olmasına diqqət edək.
Adı Azərbaycan cəmiyyətinə o qədər də tanış olmayan F.Qasımovun həbsinin FETÖ şəbəkəsi ilə bağlılığı artıq mətbuatda vurğulanıb. Bu şəbəkə ilə bağlı olan bir adam isə illərdir Mənsimovun piar işini aparır. Bir qədər əvvələ getsək, bu iki şəxsin tanışlığının daha uzağa getdiyini görürük. Belə ki, F.Qasımov Özyegin Universitetində təhsil aldığı dövrdə Mənsimovla tanış olub. Bu tanışlıq universitetin rektoru Erekan Erkut vasitəsilə baş tutub. Tələbə vaxtı Mənsimovun maddi imkanlarından bəhrələnən Qasımovun sonradan birinci ilə daha sıx əlaqələri yaranıb. Mənsimovun maliyyələşdirdiyi “Hilal Academy” xaricdə təhsil mərkəzinin təsisçisi olan Qasımov burada Türkiyədəki azərbaycanlı tələbələrlə bağlı iş aparıb. Tələbələrin təhsil haqqının ödənməsi və digər mümkün köməkliklər həyata keçirilib. İlk baxışdan bu, olduqca xoş addım kimi görünür. Fəqət, qazandığı milyardların cüzi hissəsini tələbələrə xərcləyən, onlara nüfuz edən Mənsimov bunu heç də saf niyyətlə etməyib və gələcək planlarının bir hissəsi kimi bu addımı atıb.

2020-ci ildə “Palmali” rəhbərinin FETÖ ilə əlaqələrdə ittiham olunması və həbs edilməsindən sonra isə F.Qasımov bütün fəaliyyətini Mənsimovun müdafiəsinə yönəldib. “Palmali” şirkətinin ictimaiyyətlə əlaqələrə məsul şəxslərinin və vəkil Fatih Turhanın cəlb edildiyi bu fəaliyyət əslində Mənsimovun digər gizli əlaqələrinin üzə çıxmasına imkan verdi. Mənsimovun azadlığa çıxması üçün indiyə qədər dəstək verdiyi bütün gizli şəbəkələr hərəkətə gətirildi və müdafiə kampaniyasına cəlb olundu. Qeyd etdiyimiz kimi, nəticədə bu, Mənsimovun kimlərlə bağlı olmasını gün işığı kimi üzə çıxmasına gətirib çıxardı.
Mənsimovun xeyriyyə boğçasından bəhrələnənlər arasında Azərbaycan müxalifətinin bəzi simaları, bir sıra media mənsubları, həmçinin xaricdə yaşayan radikal müxalif yazarlar, blogerlər yer alıbmış. Bundan başqa, Mənsimov maddi imkanları hesabına Türkiyədəki iş adamları, rəsmi şəxslər, media mənsubları ilə sıx əlaqə qurub. Onun, həmçinin Avropadakı ermənilərə və onların işbirliyində olduğu qruplara kimi gedib çıxan əlaqələri də mövcuddur. Bu əlaqələr F.Qasımov vasitəsilə həyata keçirilib və Qasımov Mənsimovdan gələn bu yöndəki tapşırıqların icrasını can-başla gerçəkləşdirib.

Konkret hansı dairələrlə, hansı əlaqələr qurulub və ortaya qoyulan fəaliyyət nə olub?

Azərbaycanlılar haqqında Qərb mediasında yayılan məlumatlar Mənsimovun şəbəkəsi vasitəsilə əldə olunurmuş. Bu qrup bəlli ölkələrin (Böyük Britaniya, Malta, Sinqapur və s.) reyestrlərindən azərbaycanlılar haqqında informasiyalar toplayaraq, həmin məlumatları Britaniyanın Milli Cinayət Agentliyinə ötürürmüş. Bu məlumatlara inandırıcı don geyindirilməsi və Qərb mediasının məlumatların ciddiliyinə inanması üçün Mənsimovun göstərişi ilə “Amsterdam & Partners LLP” və “Omnia Strategy LLP” kimi hüquq şirkətləri ilə müqavilələr imzalanıb. Ayrı-ayrı şəxslər barədə yığılan məlumatların məhz bu şirkətlər vasitəsilə Qərb mediasına ötürülməsi təmin olunub.

Mənsimovun şəbəkəsinin fəaliyyətində xaricdə yaşayan müxalif fikirli, radikal azərbaycanlılarla əlaqələrin qurulması da əsas yerlərdən birini tutub və bu sırada “Azad söz” kanalının təsisçisi Tural Sadıqlı, “Azərbaycan saatı”nın təsisçisi və aparıcısı Qənimət Zahid, hüquqşünas Vidadi İsgəndərli kimi Azərbaycan hakimiyyətini tənqid və təhqir edən şəxslərlin adını çəkmək mümkündür. F.Qasımov Mənsimovun tapşırıqlarına uyğun olaraq, müəyyən şəxslər barədə ifşaedici materialları bu şəxslər vasitəsilə yayımlanmasını gerçəkləşdirib. Həmin radikal fikirli şəxslərin Mənsimovun müdafiəsinə qoşulması da bu tapşırıq çərçivəsində təşkil olunub. Təbii ki, bütün bunlar havayı edilməyib və “xeyriyyəçi” bunun üçün böyük məbləğlər sərf edib.

Mənsimovun əsas adamı F.Qasımovun xarici jurnalistlər, hüquq müdafiəçiləri ilə qurduğu əlaqələrə diqqət etdikdə qırmızı xətlə keçən əsas xüsus isə Azərbaycana qarşı olduqca neqativ mövqe bəsləyən şəxslərə üstünlük verilməsidir. Bunlardan biri də Pelin Ünkerdir. Bu o şəxsdir ki, Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsumunun “Panama Papers”, “Pandora Papers” və digər bu kimi layihələrində yaxından iştirak edir. Pelin Ünkerin geniş əlaqələrindən yararlanaraq Azərbaycan haqqında materialların xarici və yerli mediaya çıxarılmasına nail olunub. Bu, eyni zamanda, MGTV yutub kanalının təsisçisi Mustafa Gürbüz vasitəsilə Türkiyədə yayımlanıb.

Qısa haşiyə çıxıb vurğulamaq vacibdir ki, MGTV məhz Mənsimovun maliyyə dəstəyi ilə yaradılıb və guya kanal türkçülüyün təbliği ilə məşğul olmalı imiş. Bu kanalın əsas müsahiblərinə və mövzulara baxdıqda isə başqa mənzərənin şahidi oluruq. Cəmil Həsənli, Tofiq Yaqublu, Qənimət Zahid, İsa Qəmbər, Qubad İbadoğlu, Ərəstun Oruclu, Rəhim Qazıyev, Vidadi İsgəndərli, Süleyman Süleymanlı və başqalarının MGTV-yə müsahibələrində ancaq Azərbaycan hakimiyyəti tənqid olunub. Türkçülüyün təbliğini bir yana buraxan kanal “Tərtər işi”ni araşdırmağı daha üstün tutub. Kanalın əsas fəaliyyətləri sırasına bu yaxınlarda Qubad İbadoğlunun müdafiəsi də yer almağa başlayıb.

Bu fakt həbsdə olan İbadoğlu ilə Mənsimovun ciddi əlaqələrə malik olmasına və bu əlaqələrin bir ucunun ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülənə qədər uzanmasına dair məlumatları daha da qüvvətləndirir. Başqa bir məqama diqqət edək: mətbuatda yayılan məlumatlara əsasən, İbadoğlunun ötən il Londonda Azərbaycan Gənclərinin Təhsil Fondu adlı qurumuna Mənsimov dəstək verib. Fondun təsis edilməsi üçün tələb olunan 3.600 funt sterlinq Londonda yaşayan bir azərbaycanlının adına “Ziraat Bank”da olan hesaba köçürülüb və İbadoğluna çatdırılıb. Həmin məbləğ Mənsimovun vasitəsilə İbadoğluna ötürülüb. Üzə çıxan bu informasiya və cüzi məbləğ əslində iki şəxs arasında daha böyük alverin olmasını vurğulamağa əsas verir. Çox güman ki, getdikcə daha yeni faktların şahidi olacağıq.

Beləliklə, tədricən kimin-kim olması tutarlı faktlarla üzə çıxmaqda və təsdiqini tapmaqdadır. F.Qasımov kimi adamlar vasitəsilə Azərbaycan əleyhinə olan dairələrlə sıx əlaqələr quran, çirkin fəaliyyət ortaya qoyan Mənsimovun əslində xeyriyyəçi iş adamı donuna büründüyü daha çılpaq şəkildə görünməkdədir. Sosial ehtiyacı olan bəzi şəxslərə edilən hansısa yardımlar və bunların nümayişkəranə şəkildə şişirdilməsi Azərbaycan əleyhinə aparılan fəaliyyəti ört-basdır etmək üçün əsas ola bilməz. Reallıq budur ki, Mənsimov qazandığı milyardlardan Azərbaycan əleyhinə olan şəbəkələrə böyük pay ayırıb.

Dövlətimizə düşmən münasibət bəsləyən hər kəsi maliyyələşdirən şəxs heç vaxt əsl xeyriyyəçi, vətənpərvər ola bilməz. Mənsimov çoxdan siyasətin çirkin üzünə bulaşıb və əminliklə vurğulamaq mümkündür ki, ötən hər gün Mənsimovun Qasımov kimi şəxslər vasitəsilə qurduğu, bizlərə tanış olmayan əlaqələri üzə çıxaracaq. Artıq Mənsimov üzdə Azərbaycan dövlətinə sadiq olduğunu göstərmək üçün hansısa xeyriyyə kampaniyası keçirməklə, ayrı-ayrı insanların sosial problemlərini həll etməklə həqiqətləri pərdələyə bilmir...

Elman Babayev

0.016716957092285