Türk dünyası Mərkəzi Asiyaya yeni imkanlar yaradır
Mərkəzi Asiya ölkələrinin liderləri 14-15 sentyabr tarixlərində bir araya gələcəklər. Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Türkmənistan dövlət başçıları regional inteqrasiya məsələrini və ötən ilin nəticələrini müzakirə edəcəklər. Toplantıda müxtəlif əməkdaşlıq sazişlərinin imzalanacağı gözlənilir.
Mərkəzi Asiya ölkələri öz aralarında əməkdaşlığı və inteqrasiyanı həm də ona görə gücləndirirlər ki, böyük ölkələrin bu bölgəyə marağı getdikcə artıb. Böyük ölkələr Mərkəzi Asiyanın bütün sahələrdə potensialını yüksək qiymətləndirirlər.
Buna misal olaraq son bir ildə Mərkəzi Asiya ölkələrinin iştirakı ilə 5 sammitin keçirildiyini göstərmək olar: ABŞ-Mərkəzi Asiya, Çin-Mərkəzi Asiya, Avropa İttifaqı-Mərkəzi Asiya, Körfəz ölkələri-Mərkəzi Asiya və Mərkəzi Asiya ölkələrinin öz aralarında keçirdikləri toplantı.
Pekin öndə olmağa çalışır. ABŞ və Avropa İttifaqının Mərkəzi Asiya ilə bağlı maraqları oxşardır. Çin və Rusiya isə uzaq ölkələrin Mərkəzi Asiyada maraqlarına şübhəylə yanaşır. Pekin və Moskva ABŞ və Avropa İttifaqının Mərkəzi Asiyada fəallıqlarını Rusiya və Çinin bölgədən sıxışdırılması kimi qəbul edirlər. Halbuki, Vaşinqton və Brüssel Mərkəzi Asiya ilə əməkdaşlığı genişləndirməklə bu ölkələrin Rusiya və Çindən asılılıqlarını azaltmaq istəyir. Mərkəzi Asiya ölkələrinin özləri də Rusiya və Çinlə sıx əlaqələrə malik olsalar da, Vaşinqton və Brüsselin təşəbbüslərinə “yox” demirlər.
Bunun ciddi əsasları var. Pekin və Moskva zaman-zaman Mərkəzi Asiya ölkələrini cəzalandırmağa çalışırlar. Misal üçün Çin ötən il Qazaxıstanla sərhədi qapatmış, idxal-ixrac əməliyyatlarını aşağı səviyyəyə endirmişdi. Bunun nəticəsində Qazaxıstan iqtisadiyyatında problemlər yarandı. Rusiya isə “boru xəttinin təmiri” bəhanəsiylə Qazaxıstan neftinin öz ərazisindən nəqlini minimuma endirmişdi. Türkmənistan da öz qazının əsas hissəsini Rusiya və Çinə nəql edə bilir. Halbuki, Türkmənistan öz qazını Avropaya çatdırmaqda da maraqlıdır. Rusiya və Çin bəzən Mərkəzi Asiya ölkələrini bir-birlərindən incik salmağa da çalışırlar. Misal üçün Rusiya Mərkəzi Asiyada Qazaxıstandan yan keçən nəqliyyat layihəsini dəstəkləyir.
Mərkəzi Asiyanın Azərbaycan və Türkiyə ilə inteqrasiyaya da marağı artıb. Mərkəzi Asiya ölkələri Azərbaycan və Türkiyə üzərindən Avropa bazarlarına çıxış əldə etməyə çalışırlar. Bu həm Mərkəzi Asiya ölkələri üçün faydalıdır, həm də bölgədə türk dünyasının güclənməsinə xidmət edir. Rusiya və Çin Mərkəzi Asiyada ABŞ və Avropa İttifaqı ilə rəqabət halında olsalar da, heç biri bu bölgənin Türk dünyası çərçivəsində inteqrasiyasına mane olacaq gücdə deyil.
“Atlas” Araşdırmalar Mərkəzi