İnsan kapitalının formalaşmasında ən düzgün seçim onlayn təhsildir

İnsan kapitalının formalaşmasında ən düzgün seçim onlayn təhsildir
 

Dos. İlham Əhmədov

Bildiyiniz kimi "Təhsilin İnkişafı Fondu", "Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi" və ABŞ-nin “Coursera” şirkətinin birgə əməkdaşlığı çərçivəsində 4Sİ Akademiyası layihəsinə start verilir. Layihə çərçivəsində 1 il ərzində 10 minə yaxın şəxs “Coursera”nın təqdim etdiyi 700-dən çox kursa ödənişsiz qoşula biləcək.
Çox gözəl təşəbbüsdür, dəstəkləyirik. Təhsildə doğru qərarlar və müsbət addımlar az olduğu üçün olanları obyektivlik naminə xüsusi qeyd etməliyik. Bunun bir başqa faydası budur ki, gec də olsa, onlayn təhsil, MOOK, o cümlədən “Coursera” tədricən ölkəmizdə populyarlaşır. Bunun nəticəsində tələbələrimiz və müəllimlərimiz dövrümüzün ən mükəmməl təhsil texnologiyası olan keyfiyyətli DİSTANT TƏHSİL ilə yaxından tanış olacaq, onun səmərəsinə şahidlik edəcəklər.
Bildiyim qədər universitetlər arasında “Coursera”nın ölkəmizdə ilk kütləvi istifadəçisi UNEC olmuşdur. Pandemiya vaxtında UNEC-in yüzlərlə tələbəsi “Coursera” vasitəsi ilə keyfiyyətli təlim almış, sertifikat qazanmış və bu sertifikatlar tələbələrə kredit kimi hesablanmışdır.
Bu indiki kompaniyada da təklif edirəm tələbələrin qazanacaqları sertifikatlar kredit kimi nəzərə alınsın. Bu həm tələbənin vaxtına qənaət edər, həm də onlarda motivasiya yaradar. Yəqin ki, bu prosesdə, kursların seçimində tyutorlar tələbələrə dəstək verməli, kursların seçimində onlara kömək etməli olacaqlar. Çünki, tələbələrin çoxu tədris planından xəbərsizdir.
Bütün bu imkanları dəyərləndirərək, təşkilatçılara bir daha sağ olun deyərək, eyni vaxtda ETN-nin rəhərliyinə son 20 ildə verdiyim sualı bir daha təkrar edirəm və xahiş edirəm nəhayət ki, özlərində cəsarət tapıb, bu sualı cavablandırsınlar:
Əgər distant təhsil pisdirsə, niyə bu layihədə onu təşviq edirsiniz, yox, əgər distant təhsil yaxşıdırsa, niyə ölkədə onun inkişafına imkan vermirsiniz? Bütün inkişaf etmiş ölkələrdə, hətta geridə qalmış Afrika ölkələrində, hətta Monqolustanda da tətbiq edilən distant təhsilə bizdə niyə embarqo qoyulub?
Niyə bizim gənclərimiz dövrümüzün ən mükəmməl təhsil texnologiyasından məhrum olsun? Məqsədimiz İnsan kapitalı yetişdirmək deyilmi?
İnsan kapitalının kütləvi şəkildə yetişdirilməsində ən düzgün seçim onlayn təhsildir.

"Paralel.az"

0.036835908889771