Tullantıların mənzillərdən daşınmasını uşaqlara həvalə etməyin!

 

Tullantıların mənzillərdən daşınmasını uşaqlara həvalə etməyin! 
 

"Liberal İqtisadçılar Mərkəzi" İctimai Birliyinin əməkdaşları tərəfindən həyata
keçirilən "Təbiətdə zibil yox, tullantı - xammal var" layihəsi çərçivəsində
monitorinqlər zamanı qarşıya maraqlı məqamlar çıxır. Tullantı məntəqələrində
apardığımız monitorinqlərin nəticəsi onu deyir ki, Yasamal və Səbail rayonlarında
əksər ailələr tullantıların toplanış məntəqələrinə daşınmasını uşaqlara həvalə
edirlər. Müşahidələr zamanı Səbail rayonunda tullantı məntəqələrinə tullantı
gətirənlərin 68 faizi, Yasamal rayonunda isə 76 faizi uşaqlar olduğu müəyyən
edilib. Əlbəttə, bu göstərici bizim təsadüfi seçmə üsulu ilə müşahidə apardığımız
tullantı məntəqələrinə aiddir. Amma bu da nəticəyə gəlməyə imkan verir ki, şəhər
əhalisinin yarıdan çoxu tullantıların mənzillərdən daşınmasını uşaqlara tapşırır. Bu
isə tullantıların toplanmasında və daşınmasında ciddi problemlərə yol açır.
Bildiyimiz kimi, artıq bir neçə ildir ki, Bakı şəhərinin bütün rayonlarında
tullantıların çeşidlənməsi layihəsi həyata keçirilir. Bunun üçün şəhərin tullantı
məntəqələrindən köhnə, metal tullantı qutuları götürülüb, onları tünd yaşıl və sarı
rəngli, qapaqlı avrokonteynerlər əvəzləyib.Tünd yaşıl rəngli qutular qarışıq
tullantılar, sarı rəngli qutular isə kağız, karton, plastik və metal tullantıların
yığılması üçün nəzərdə tutulub. Tullantı qutularının qapaqlı olması həm
tullantıların küləkli havada ətrafa dağılmaması, həm də yağışlı havada qutuların
yağış suları ilə dolmaması üçün nəzərdə tutulub.
Birinci növbədə onu qeyd edək ki, tullantıların daşınması uşaqlara həvalə ediləndə
əksər hallarda onlar ya tullantını mənzil başına qədər aparmır, ya da tullantı
məntəqəsinə çatan kimi orada nəzarətçi yoxdursa, əlindəki torbanı tullantı
qutularının ətrafına atmaqla kifayətlənir. Çünki əksər uşaqlar tullantı qutularının
qapağını açmağa cəhd göstərsələr də, bunu bacarmırlar.
Səbail rayonunun bir sıra məhəllələrindəki çoxmərtəbəli binaların su boruları üçün
nəzərdə tutulmuş şaxtalarına məişət tullantıları atıldığının şahidi olduq. Bunu bizə
həmin binaların ictimai fəal sakinləri göstərdi. Onların sözlərinə görə, bəzi bina
girişlərində kamera görüntülərindən aydın olub ki, şaxtalara, pilləkan qəfəslərinə
tullantıları məhz uşaqlar atır.
Bununla yanaşı, uşaqlar əlindəki tullantını toplanış məntəqələrinə qədər gətirib
çatdırsalar da, əksər uşaqlar yeni tullantı qutularının qapaqlarını aça bilmirlər və bu
səbəbdən də onlar tullantını ya qutunun ətrafına, ya da qapağı açıq olan ixtiyari
qutuya atır. Belə olan halda uşaq da qeyri-ixtiyari olaraq qarışıq tullantını
çeşidlənmiş tullantıya qarışdırır. Nəticədə onlarla əziyyət çəkib tullantı çeşidləyən
sakinlərin zəhməti zay olur. Bir torba qarışıq tullantı bir qutu çeşidlənmiş xammalı
zibilə çevirir. Çünki qarışıq tullantı ilə bulaşmış kağız-karton məmulatı artıq təkrar
emala yararsız vəziyyətə düşür. Bu yerdə bir atalar sözü yadıma düşdü: “Bir
naxırın adını bir dana korlayar”. Lətifəsi sakinlərdən uzaq olsun, bütün məhəllənin
tullantını çeşidləyərək xammala çevirdiyi bir dolu qutunu bir və ya bir neçə qarışıq
tullantı tamamilə korlaya bilir. Bu cür məsuliyyətsizliyi bəzi hallarda böyüklər də
edir, amma onların əksəriyyəti uşaqlardır. Ona görə də biz “Liberal İqtisadçılar
Mərkəzi” İctimai Birliyi olaraq bütün Bakı şəhər sakinlərini və qonaqları bərk
məişət tullantılarını çeşidləməyə, çeşidlənmiş tullantıları təyinatı üzrə qutulara
yerləşdirməyə və tullantıların daşınmasını azyaşlı uşaqlara həvalə etməməyə
çağırırıq.
Bütün bunlarla yanaşı, biz valideyinlərə səslənirik ki, uşaqlar arasında tullantıların
çeşidlənməsi və daşınması barədə maarifləndirmə işi aparsınlar. Biz həyata
keçirdiyimiz "Təbiətdə zibil yox, tullantı - xammal var" layihə çərçivəsində dövlət
orqanlarına təklif edəcəyik ki, uşaqların orta məktəblərdə bəri məişət tullantılarının
çeşidlənməsi, daşınması və toplanması qaydaları barədə maarifləndirilməsini təşkil
etsinlər. Bunu aşağı sinif uşaqlarının bilgi kitablarına əlavə etmək, bununla bağlı
maraqlı hekayələr də salmaq olar. Amma həm də bu məsələ ilə bağlı xüsusi
broşurlar da çap edib, dərslik proqramına salmaq mümkündür. Lakin buna qədər
valideyin olaraq uşaqlarımızı bu istiqamətdə maarifləndirmək bizim bir vətəndaş
borcumuzdur. Ətrafımızı, məhəlləmizi, ən nəhayət, şəhərimizi təmiz və abad
görmək istəyiriksə, belə məsələlərə həssas yanaşmalı, vətəndaş həmrəyliyi
nümayiş etdirməliyik.
Akif Nəsirli

Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Agentliyinin maliyyə yardımı ilə, "Təbiətdə zibil yox, tullantı - xammal var"
layihəsi çərçivəsində hazırlanmışdır.
Yazida əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan
Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin
rəsmi mövqeyini əks etdirməyə bilər.

0.014542102813721