3 ilin vəkili 105 ilin Daxili İşlər Nazirliyinə HÜQUQİ YARDIM GÖSTƏRİR?!

3 ilin vəkili 105 ilin Daxili İşlər Nazirliyinə HÜQUQİ YARDIM GÖSTƏRİR?!
 

Vəkillər (Kollegiyası) ittihamı  müqavilə əsasında müdafiə edir!(?)
Vəkilin şikayəti yazmaması hüquqi yardıma ehtiyacı olan şəxsin suçu sayılır
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 3-cü maddəsində vəkilliyin əsas vəzifələrinin FİZİKİ və HÜQUQİ ŞƏXSLƏRİN hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardım göstərilməsindən ibarət olması doğrulanıb. Vəkilin dövlət orqanında işləməsini, “bir əldə iki qarpız tutmasını” sözügedən qanun qadağan edir. Özəlliklə vəkilin istintaq, ittiham orqanına hüquqi yardım göstərməsini, məhkəmədə  ittihamı, istintaqı, özü də DÖVLƏT HESABINA müdafiə etməsini qanunverici yolverilməz sayır və belə vəkillik fəaliyyəti dövlətin hüquqi, demokratik adına ləkədir. Qanunun aliliyi, hüququn üstünlüyü prinsipinə baxın, PROKUROR DA, İSTİNTAQ DA İTTİHAMI MÜDAFİƏ EDİR, VƏKİL DƏ! Belədə hansı hüquqdan, hansı azadlıqdan , hansı hüquq-azadlıq müdafiəsindən danışmaq olar?
Vəkillər Kollegiyasının (VK) üzvü, fərdi vəkil Əlirza Qəməndər oğlu Həbilovun ittiham, istintaq , görəvi hüquq qorumaq olan DİN-in vəkili və nümayəndəsi kimi məhkəmə işlərinə çıxmasına nə məhkəmə(lər), nə Ədliyyə Nazirliyi, nə prokurorluq, nə də VK-nın özü qiymət verir. Vəkilin məhkəmədə  dövlət orqanının nümayəndəsi olması həmin dövlət  orqanının başçısının verdiyi etibarnamə ilə doğrulanmalıdır.  Etibarnamə olmadan Əlirza Həbilov necə məhkəmə işlərinə çıxır? Vəkilin dövlət orqanının nümayəndəsi olması  həmin orqanın işçisi olması anlamına gəlir; vəkilin dövlət orqanında işləməsi, dövlət büdcəsindən əmək haqqı alması isə qanunla qadağandır. Bəs niyə vəkillər qadağan olunmuş fəaliyyətdən sui-istifadə edib vətəndaşların məhkəmə təminatı, məhkəmədə müdafiə olunması hüququna qadağa qoyurlar? Niyə Maliyyə Nazirliyi, Hesablama Palatası dövlət büdcəsinin təyinatdan qıraq VK-ya yönəldilməsinə hüquqi qiymət vermir(lər)?
Əlirza Həbilovun DİN-ə “hüquqi yardım” fəaliyyəti təkcə məhkəmələrlə qeyri-prosessual ilişgi ilə yekunlaşmır. Başabəla vəkil VK-dakı intizam komissiyasının üzvü vəzifəsindən sui-istifadə edərək, Ali Məhkəməyə kassasiya şikayəti verilməsinə də “peşəkar” dələduzluqla- ayrılan vəkilin şikayəti yazmasına qadağa qoymaqla yol vermir. Şəki İnzibati- İqtisadi Məhkəməsinin 15.02.2019 tarixli  saxta qərardadını keçmiş vəkil həmkarı hakim İlqar Cabbarovun adından tərtib edən Əlirza Həbilov, apellyasiya instansiyasının İsmayıllı hüquq məsləhətxanasından ayırdığı Nəvahid adlı vəkilin şikayəti (Ə.Həbilovun) özünün göstərişi ilə yazmamasını, yalnız çoxsaylı şikayətlərin sonucunda 6 aydan sonra yazmasını Ali Məhkəmənin (Kəmaləddin Bədəlov) diqqətinə çatdırıb və ali instansiya  şikayətvermə müddətinin buraxılmasını iddiaçı 1-ci dərəcəli Qarabağ əlilinin “təqsiri, günahı” sayaraq 12.02.2020-ci il tarixli qərardadla kassasiya şikayətinin qəbulundan imtina edib. Vəkilin dələduzluqla şikayəti yazmamasına, hüquqi yardımdan imtinasına görə yardıma ehtiyacı olan şəxsi məhkəmə müdafiəsindən məhrum etmək “ali ədalətdirmi”? Vəkil dələduzluq edir, ziyançəkən hüquqi yardım göstəril(məy)ən şəxs olur? Bu necə ədalətdir? Hələ onu demirik ki, iddiaçı on gün müddətində birbaşa Ali Məhkəməyə kassasiya şikayəti verib və Ali Məhkəmə MPM-ə əməl edilməsi, şikayətçiyə vəkil ayrılması  üçün şikayəti Şəki Apellyasiya Məhkəməsinə göndərib. Yəni iddiaçının şikayətvermə müddətini ötürməsi barədə nəticə tam qanunsuz və əsassızdır. Onu da vurğulayaq ki, hələ də - 3 il yarımdır bu 12.02.2020 tarixli qərardad iddiaçı Qarabağ əlilinə verilməyib.
Əlirza Həbilovun DİN-in vəkili və səlahiyyətli nümayəndəsi qanunsuz görəvindən məhrum edilməsi ilə 3 ilin vəkili Orxan Qılman oğlu Babayevin DİN-ə nümayəndə və vəkil təyin edilməsi üzə çıxdı.

Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənov 12.12.2022-ci il tarixli “ŞOU- İCLASI”NDA, Bakı Apellyasiya Məhkəməsinin (Pərviz Hüseynov, Şərafət Məmmədova, Cahangir Yusifov) 12.04.2023 tarixli iclasında və qərardadında vəkil Orxan Qılman oğlu Babayev DİN-in nümayəndəsi kimi iştirak edib və qarşı maraqlı tərəfin tələbinə baxmayaraq, təsdiqedici etibarnamə  tədqim edilməyib.
VK-nın müavini  Vüqar Məmmədov 21.08.2023 tarixli məktubla bildirib ki, Əlirza Həbilov barəsində əvvəllər cavab verilmişdir. “Vəkil Orxan Qılman oğlu Babayev ilə isə fərdi söhbət aparılmış , söhbət zamanı o  müraciətdə qeyd edilənləri (?-nəyi?-M.B) təkzib edərək, DAXİLİ İŞLƏR NAZİRLİYİNƏ müfafiq MÜQAVİLƏ əsasında HÜQUQİ YARDIM GÖSTƏRDİYİNİ və bununla bağlı lazımi sənədləri (?- M.B.) məhkəməyə təqdim etdiyini bildirmişdir”. “Söhbəti” əsas tutan” VK-nın intizam komissiyası Orxan Qılman oğlu Babayev barəsində intizam icraatının başlanılmasına əsas tapmayıb.
İndi söz, 30 illik dostum və qardaşım Hacı Zaminin dediyi kimi, əlaqədar təşkilatlarındır. 3 ilin VƏKİLİNİN 105 ilin DAXİLİ İŞLƏR NAZİRLİYİNƏ göstərdiyi HÜQUQİ YARDIM hansı “müvafiq” MÜQAVİLƏ ilə, hansı TARİXDƏ, Orxan Qılman oğlu Babayevlə KİMİN arasında və NEÇƏYƏ ( bağışlayın, çaşdım , bu kommersiya-korrupsiya sirridir) gerçəkləşib? Bir neçə  sual da maraqlıdır, 105 ilin HÜQUQ MÜHAFİZƏ orqanı ilə 3 ilin VƏKİLİ arasında VASİTƏÇİLİYİ VK ( Əlirza Həbilov) edib, vəkil DİN-ə gedib, yoxsa DİN başçısı özü VK-ya təşrif buyurub?
“Lazımi” vurğu:” MƏHKƏMƏ, İSTİNTAQ, TƏHQİQAT və digər DÖVLƏT ORQANLARININ işçilərinin VƏKİL ilə HÜQUQİ YARDIM GÖSTƏRİLƏN ŞƏXS arasında HÜQUQİ YARDIM GÖSTƏRMƏKLƏ ƏLAQƏDAR VASİTƏÇİLİYİNƏ YOL VERİLMİR.” ( “ Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 7.ll maddəsi) Bu vurğu yersiz oldu, nədən burada HÜQUQİ YARDIM GÖSTƏRİLƏN ŞƏXS ELƏ İSTİNTAQ , TƏHQİQAT ORQANININ ÖZÜDÜR. DİN-İN özünə HÜQUQ YARDIM GÖSTƏRİLMƏSİNDƏ VƏKİLLƏ VASİTƏÇİLİK ETMƏK AZADLIĞI VƏ HÜQUQU “QANUNLA QORUNUR”!
Məğrur Bədəlsoy

"Paralel.az"

0.017245054244995