Azərbaycanda çörək bahalaşa bilərmi? - Rusiyadakı qərarın təsirlərilə

Azərbaycanda çörək bahalaşa bilərmi? - Rusiyadakı qərarın təsirlərilə
 

Rusiya-Ukrayna müharibəsi dövründə bahalaşan taxıl qiymətləri “Taxıl saziş”inin ardından ucuzlaşmağa başlamışdı. Lakin Rusiyanın sazişdən ayrılması qlobal bazarda taxıl qiymətlərinin yenidən yüksəlməsinə səbəb olub. Eləcə də, Rusiya taxıl məhsullarına ixrac rüsumunu avqustun 23-dən bir ton üzrə 3712,8 rubldan 4269,9 rubla qədər artıracağı ilə bağlı qərarını açıqlayıb.

Bəs mövcud şərait Azərbaycanın taxıl bazarına, un və çörək istehsalına necə təsir edə bilər?

İqtisadçı ekspert Xalid Kərimli “Paralel.aza açıqlamasında bildirdi ki, iyun ayının sonuna qədər son 12 ayda dünya taxıl bazarında xüsusən buğda qiymətləri 30%-dən çox ucuzlaşmışdı: “Bu, Azərbaycan bazarında da hiss olunurdu. Çörəyin qiyməti bir neçə dəfə 5 qəpik dəyərində olsa da, enmişdi. Lakin iyul ayından etibarən proseslər tərsinə getməyə başladı. Bunun səbəbi Rusiyanın taxıl dəhlizi təşəbbüslərindən çıxması, Qara dəniz üzərindən Ukrayna buğdasının gəmilərlə dünya bazarına çıxışının məhdudlaşması oldu. Nəticədə iyul ayından dünya bazarında buğda qiymətləri 1,6% bahalaşdı. İndi də Rusiyanın buğda ixracı ilə bağlı rüsumları artırması qiymət artımını davam etdirəcək. Avqust ayında proseslərin necə yekunlaşacağı isə ay sonuna qədər məlum deyil”.

Ekspertin sözlərinə görə, un istehsalçıları qiymət dəyişimlərini dərhal bazara tətbiq etmirlər: “Çünki burada əvvəlki kontrakt qiymətləri ilə ödənişlər, yolda olan mallar, anbar qalıqları və s. kimi amillər mövcuddur. Yeni alınmış bahalı məhsulların anbarlara çatması bir qədər zaman alır. Buna görə də, un istehsalçıları hələ də ucuz buğda qiymətləri ilə işləyirlər. İyul ayındakı 1,6%-lik qiymət artımının da qiymətlərə təsir edəcəyini düşünmürəm. İyulda bahalaşma qeydə alınmasaydı, biz un qiymətlərinin tədricən azaldığını müşahidə edəcəkdik. Lakin indiki şəraitdə ucuzlaşma dayanacaq. Baş verən hadisələr fonunda qiymət atımının olub-olmayacağını avqust-sentyabr aylarındakı qiymət dəyişikliyi əsasında proqnozlaşdırmaq olar. Bir aylıq dəyişim uzunmüddətli fikirlər söyləmək üçün yetərli deyil”. 

X. Kərimlinin fikrincə, dünya bazarında buğda ilə əlaqədar dayanıqlı qiymət artımı davam edərsə, Azərbaycanda da un və çörək istehsalında qiymət artımı gözlənilə bilər: 

“Növbəti 2-3 ay ərzində çörək qiymətlərində artım gözləmirəm. Bunun üçün yüksək qiymətlər davamlı olmalıdır. Həmçinin burada müharibədən öncə baş verən vahimə yoxdur. Rusiyada məhsuldarlıq yüksək olub, ABŞ-da buğda yığımı artıb. Bu baxımdan Ukrayna müharibəsi ərəfəsində olan ciddi ajiotaj və qiymət artımları olmayacaq. Həmin dövrdə Ukraynanın tamamilə bazardan çıxacağı ilə bağlı qorxu vardı. Bu baxımdan qiymət artımı olsa da, sürətli olmayacaq”, - deyə ekspert əlavə edib.

 

 

0.013132095336914