Ukrayna “The Washington Post”-a sərt cavab verdi
Xəbər verildiyi kimi, ABŞ-ın “The Washington Post” nəşri özünün ABŞ kəşfiyyatındakı və eləcə də Qərb ölkələri rəhbərliklərindəki mənbələrinə istinadla yayımladığı məqaləsində Ukraynanın bu yay Melitopol və Mariupol şəhərlərini azad edə bilməyəcəyini yazıb.
“Amerika kəşfiyyatı hesab edir ki, Ukrayna əks-hücumun açar hədəfinə - Melitopolun azad edilməsinə nail ola bilməyəcək. Ukrayna komandanlığı Qərb müttəfiqlərinin gözləntilərinə baxmayaraq, döyüş meydanında itkiləri azaltmağa qərar verib”, - məqalədə bildirilir.
Paralel.az xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyi “The Washington Post”-un bu iddiasına sərt cavab verib. Nazir Aleksey Reznikovun müşaviri Aleksey Kapıtko deyib ki, bu cür “anonim” mənbələrə istinadla məlumat yayanların məqsədi Ukraynaya təzyiq etməkdir. Kapıtko xatırladıb ki, məhz “The Washington Post” və digər bu qəbildən olan qəzetlər müharibə başlayanda Kiyevin 3 günə zəbt olunacağını iddia etmişdilər. O, bildirib ki, qəzetin iddiaları və bununla bağlı göstərdiyi səbəblər qətiyyən qəbuledilməzdir. Ukrayna rəsmisinin fikrincə, Kiyevə qarşı informasiya müharibəsinin tərkib hissəsi olan bu cür məlumatlar Qərbin Ukraynaya silah yardımının “effektivsizliyini” göstərmək üçün ortaya atılır.
Kapıtko etibarlılığı böyük şübhə doğuran belə məlumatları ciddi qəbul etməməyə çağırıb.