Yeni Yasamalda səkilərdə köşklər salınır - Elşad Həsənov təzə qazanc yeri tapıb...
Qurban bayramı günlərində Bakının Yasamal rayonu, Yeni Yasamal adlanan ərazisində, Əsəd Əhmədov küçəsində yol kənarları tam zəbt edilib.
Məlumata görə, gecə saat 00:20 radələrində sözügedən küçənin mərkəzi hissəsində yol bağlanaraq, iri dəmir köşk qoyulub.
Əməkdaşımız sözügedən köşkün kimə məxsus olmasını özünü təqdim etməyən şəxsdən soruşduqda onun cavabı belə olub: "Bu köşk mənim yaxınımındır. Daha doğrusu, qazilərindir. Çörək qazanmaları üçün qoyulur. Onlar da pul qazanmalıdırlar və gəlin çörəklərinə bais olmayaq”.
"Bəs bu köşkdən Yasamal Rayon İcra Hakimiyyətinin xəbəri varmı" sualına isə belə cavab verilib: "İcra Hakimiyyətinin icazəsi olmasa, bunu edə bilərik? Bilirsiz nə qədər xərcimiz çıxıb bu işi görməyə?"
Ərazidə yaşayan sakinlər isə piyada səkilərinin zəbt olunması ilə nəticələnən sözügedən eybəcər köşklərin, marketlərin salınmasından narazıdırlar. Onsuz da həmin küçədə piyadaların hərəkəti üçün demək olar ki, yol saxlanılmayıb. Bu azmış kimi, piyada zolaqlarında, yol kənarında insanların avtomobillərin hərəkətindən yayınmaq üçün dura biləcəyi yerlər zəbt edilərək, ticarət köşkləri qurulub. Köşklərin qarşında, yəni piyada keçidlərinin üzərində meyvə-tərəvəz satılır. Sakinlər isə məcbur olub avtomobil yolu ilə hərəkət etməli olur.
Onu da qeyd edək ki, son iki ayda sözügedən ərazidə 10-a yaxın kiçik və iri həcimli eybəcər köşklər qoyulub. Birvaxtlar Bakı şəhəri İcra Hakimiyyətinin başçısı olmuş Hacıbala Abutalıbovun əmri ilə paytaxtda müasir standartlara cavab verən, şəhərin tarixi-memarlıq üslubuna uyğun qoyulan köşklər Yeni Yasamalda yenidən köhnələri ilə əvəzlənib.
Sözügedən ərazidə "Ləziz Hause” restoranlar şəbəkəsi yerləşir. Bir neçə ay əvvəl restoranın qarşısı sökülərək, piyada keçidinə daxil omaqla dönərxana açılıb.
Bütün bu özbaşınalıqların Yasamal Rayon İcra Hakimiyyətinin xəbəri olmadan həyata keçirilməsi mümkün görünmür. Məlumdur ki, bu cür köşklərin qurulması icazəsiz və pulsuz quraşdırılması da mümkün deyil.
Ümid edirik ki, Yasamal İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bu özbaşınalıqdan xəbər tutaraq, problemi ən qısa zamanda həll edəcək.
Qeyd edək ki, eyni proseslər "İnşaatçılar” metrostansiyasının yaxınlığında da baş verir. Bu isə nöbvəti yazımızda...(qaynarinfo)
Paralel.az