Azərbaycanda problemli kreditlərlə bağlı vəziyyət daha da ağırlaşır - Çıxış yolu NƏDİR?

Azərbaycanda problemli kreditlərlə bağlı vəziyyət daha da ağırlaşır - Çıxış yolu NƏDİR?
 

Son dövrlər Azərbaycanda problemli kreditlərlə bağlı vəziyyət daha da ciddiləşib. Həm kredit götürən vətəndaşlar, həm də kredit verən maliyyə təşkilatları ciddi problemlərlə üzləşiblər.

Müəyyən məqsədlər üçün kredit götürən şəxslər bir müddət ödənişləri vaxtı-vaxtında həyata keçirsələr də, sonrakı dövrlərdə problemlər yaşayırlar. Ya hansısa səbəbdən işlərini itirirlər, yaxud əmək qabiliyyətləri məhdudlaşdığı üçün işləyə bilmirlər, ya da bir problemlə əlaqədar bu vəsaiti geri qaytarmırlar. Nəticədə tərəflər arasında ciddi qarşıdurma yaşanır və bu da sonda məhkəmə çəkişmələrinə səbəb olur. 

Bəs bu problemlərdən qurtulmaq üçün nə etmək lazımdır? Qanunvericilikdə belə problemlər necə tənzimlənir və hansı prosedurlar həyata keçirilir? Hazırda Azərbaycanda hansı banklar bu problemlə daha çox üz-üzə qalıblar?

Məsələ ilə bağlı fikirlərini Bizim.media-ya açıqlayan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, cari ilin birinci yarısında problemli kreditlərin həcmi 502 milyon manat təşkil edib.

Bununla belə, bu həcmdə azalmaların olduğunu söyləyən deputat, kommersiya banklarının 2023-cü ilə 583 milyon manatla daxil olduğunu xatırladıb:

“İyun ayında isə may ayı ilə müqayisədə, 12 milyon manata yaxın artım qeydə alınıb. Problemli kreditlər həm biznes, həm də istehlak kreditlərində özünü göstərir. Bu həcmin artması, kredit götürən şəxsin ödəməsində yaranan çətinliklərlə bağlıdır. Bunun da fərqli səbəbləri var.

Bunlardan biri, bankların kredit üçün müraciət edən vətəndaşın və ya sahibkarın ödəmə qabiliyyətini araşdırmadan pul vəsaiti ayırması ilə bağlıdır. İkincisi, vətəndaşın krediti götürdükdən sonra ödəmə qabiliyyətinin pisləşməsi və müəyyən fors-major hallarının baş verməsidir”.

Bank sektorunun tənzimlənməsi ilə bağlı qanunvericiliyin mütəmadi olaraq təkmilləşdiyini söyləyən müsahibimiz qeyd edib ki, bu ilin yaz sessiyasında kifayət qədər böyük paket qəbul olunub:

“Əsas məqsəd Mərkəzi Bankın müstəqilliyi, digər banklarla münasibətlərin daha çevik və müasir formada həyata keçirilməsidir. Digər məqam isə odur ki, bu vəsaitlərin azaldılması ilə bağlı həm qanunvericilik bazası, həm də prosedurların təkmilləşdirilməsinə ehtiyac var. Bir müsbət cəhət ondan ibarətdir ki, qanunverici baza getdikcə təkmilləşdirilir və bu proses bir müddətdə hələ davam edəcək. Kreditlərin verilməsi ilə bağlı qaydaların mütəmadi olaraq dəyişdirilməsi sübut edir ki, hər hansı bir fors-major hadisə baş verməsə, növbəti dövrlərdə problemli kreditlərin həcmində müəyyən azalmaları müşahidə edəcəyik”.

Məsələ ilə bağlı Mərkəzi Bankdan bildirilib ki, “Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları”nda müəyyən olunmuş anderraytinq (borcalanın ödəmə qabiliyyətinin qiymətləndirilməsi) tələbləri kredit portfeli üzrə potensial risklərin minimallaşdırılması məqsədini daşıyır. 

Mərkəzi  Bankdan verilən cavabda o da qeyd olunub ki, bu ilin iyun ayının 30-na qədər bankların kredit portfeli 21 milyon 296 min manat təşkil edib: 
“Portfelin 11 milyon 651 min manatı biznes kreditləri, 6 milyon 325 min manatı istehlak kreditləri, 3 milyon 321 min manatı isə ipoteka kreditləri üzrədir. Son bir ildə bankların qeyri-işlək kreditlərin (əsas borc və ya faiz borcu üzrə 90 gündən yuxarı gecikmədə olan kreditin əsas məbləği) məbləği 11.6% (95.6 milyon manat) azalaraq 730.4 milyon manat, ümumi portfeldə payı isə 1.1 faiz bəndi azalaraq 3.4% təşkil edib. Cari ilin 30 iyun tarixinə bankların biznes kreditləri üzrə QİK göstəricisi 4.1%, istehlak kreditləri üzrə 3.4%, ipoteka kreditləri üzrə isə 1.2%-dir. 

Mərkəzi Bankdan verilən açıqlamada qeyd olunub ki, istehlak krediti götürən şəxslərin ödəmə qabiliyyətinin qiymətləndirilməsi üçün onların kredit tarixçəsinin, borcun gəlirə nisbətinin, borcalanın gəlirlərinin azalması halında alternativ ödəmə yolları və digər zəruri amillərin nəzərə alınması banklardan tələb edilir:

“Kredit verildikdən sonra problemlərin erkən mərhələdə aşkarlanması üçün banklara monitorinq tələbləri tətbiq edilir. Eyni zamanda, istehlakçıların hüquqlarının müdafiəsi üçün kreditin faktiki xərcləri, gecikdirilmə şərtləri, tərəflərin məsuliyyəti və sair məsələlərin müqavilədə aydın və oxunaqlı olması Qaydalarla banklardan tələb olunur. Məsuliyyətli borclanma və sağlam kreditləşmə prinsipinin təmini üçün yuxarıda qeyd edilənlərdən əlavə, istehlak kreditləri üzrə borcun gəlirə nisbəti üzrə Mərkəzi Bankın “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”da maksimum hədd müəyyən edilib. 

Belə ki, tələbə əsasən borcalanın aylıq borc yükünün onun gəlirlərinə nisbəti əmsalı (birgə borcalan qrupuna daxil olan fiziki şəxslər üzrə onların ümumi aylıq borc yükünün onların ümumi gəlirlərinə nisbəti) əmsalı 70%-dən yuxarı olduğu halda, banklar tərəfindən bu borcalana kreditlərin verilməsi qadağandır. 

Bunlarla yanaşı, bankın kredit risklərinin minimallaşdırılması, potensial və baş verən kredit itkilərinə qarşı müdafiəsi məqsədi daşıyan “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”na əsasən, mümkün zərərlərin ödənilməsi üçün xərc hesabına ehtiyatların yaradılması tələbi mövcuddur”.

Mərkəzi Bank tərəfindən təsdiq edilmiş “Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları” ilə qeyri-işlək kreditlərin idarə edilməsi üzrə tələblər müəyyən edildiyi də diqqətə çatdırılıb: 

“Qaydalara əsasən, bankın kredit portfeli üzrə qeyri-işlək kreditlərinin idarə edilməsi ilə bağlı strategiya İdarə Heyətinin təqdimatı əsasında Müşahidə Şurası tərəfindən təsdiqlənir. Strategiyada ən azı bankın fəaliyyət mühitinin, o cümlədən daxili və xarici amillərin bankın qeyri-işlək kreditlərinin idarə edilməsinə təsiri, bankın qeyri-işlək kreditlərin idarə edilməsi ilə bağlı imkanlarının (kadr ehtiyatı, informasiya texnologiyaları və s.) artırılması hədəfləri, qısa, orta və uzunmüddətli dövrdə qeyri-işlək kreditlərin həcminin azaldılması hədəfləri, qeyri-işlək kreditlərin idarə edilməsi prosesinin monitorinqinə dair məsələlər əks olunur. 

Bundan əlavə, qeyri-işlək kreditlərin idarə edilməsi strategiyasına uyğun olaraq, tədbirlər planı hazırlanır, İdarə Heyəti tərəfindən təsdiqlənir və ən azı ildə bir dəfə nəzərdən keçirilir. 

Bank həm də borcalanın maliyyə çətinliyinin yaranması səbəbindən borc öhdəliyinin icrasını təmin etmək məqsədilə krediti restrukturizasiya edə bilər. Kreditin restrukturizasiyası borcalanın yeni şərtlər daxilində ödəmə qabiliyyətinin qiymətləndirilməsi, restrukturizasiya tədbirinin seçilməsi, ödəniş cədvəlinin müəyyən edilməsi və monitorinq prosedurlarından ibarətdir”- deyə Mərkəzi Bankın açıqlamasında bildirilib. 

 

0.018851041793823