Çukurova Universitetinin Dövlət Konservatoriyasının professoru...

Çukurova Universitetinin Dövlət Konservatoriyasının professoru...
 

Deyir ki;- “Bizim xalq qədirbilən xalqdır. Çünki hər zaman gerçək istedada sahib olan şəxsiyyətləri ilə fəxr edir və onları təmənnasız sevir. Söhbət guya xalqı təmsil edən, rəsmi idarələrdə oturan və rəy yaradan bəzi vəzifəli şəxslərdən gedəndə, əfsuslar olsun ki, “bəziləri” sənəti və sənət adamlarını dəyərləndirəndə, bilik və peşəkarlıqla cilalanmış zövqə sahib olmadıqlarından daha çox şəxsi maraq və münasibətlərindən yola çıxırlar. Gerçək yaradıcı insanlar daim zəmanəsindən bir addım irəlidə olub. Bunu dərk etməkdə çətinlik çəkən səriştəsiz “təmsilçilər” onlara lazım olmayanların önünü kəsir, bununla da mədəniyyət və incəsənətin inkişafına böyük əngəl olurlar. Mən buna özünü görməzliyə vurmaq da deyərdim. Heyf, bu sistemdə dərin bilgiyə, doğru estetik meyarlara sahib olan düşüncəsi geniş mütəxəsislərin sayı azdır.”

Çox çılğın adamdır, bir anda coşa, elə bir anda da skitləşə bilir. İncə yumor hissi var- deyib gülməyi, zarafat etməyi xoşlayır. Ünsiyyətdə mehribandır, kiminsə qəlbinə dəyməyi, acı söz deməyi xoşlamır. Uşaqlıqda həmişə diqqət mərkəzində olduğu üçün bir qədər ərköyün böyüyüb. Məclis qurmağı, dostları ətrafına yığmağı, süfrə açıb necə deyərlər, yeyib içib şənlənməyi bacarır...

“Azərbaycan teatrı bu gün nəinki paklığını, təəssüf ki, peşəkarlığını da saxlaya bilməyib. Peşəkar teatr deyilən anlayış ancaq bir neçə aktyorda qalıb. Düzdür, Azərbaycan Dövlət Milli Dram Teatrında peşəkarlıq görünür, ora professionallığını qoruya bilib, amma onun adına və şanına uyğun səviyyədə deyil. Bir millətin bugünkü problemlərini onun təhsilində axtarmaq lazımdır. Məsələn, gedib bazardan alma alırıq, lakin piştaxtada qurd dəyməmiş alma yoxdur. Bəs, bu necə olub? Cavab bəsitdir: Vaxtında buna qarşı tədbir görülməyib, ağac dərmanlanmayıb. Biz bu gün həmin ağacın məhsulunu yeyirik. Ona görə teatrdakı problemlərin qaynağı dünən buraxılan səhvlərdir. Bütün bunlara baxmayaraq teatra yeni gələn gənclərimiz məndə bir qədər ümid yaradır. Çox heyf ki, Mehdilər, Təhmasiblər, Tofiq Kazımovlar, Adil İsgəndərovlar artıq yetişmir. Ona görə də olan-qalan aktyorlarımızın qədrini bilməliyik.”- söyləyir.

Azərbaycan dövlət teatr institutunun rejissorluq fakültəsini bitirib. Əsgər gedənə qədər və əsgərlikdən sonra il yarıma yaxın Dövlət Musiqili Komediya Teatrında işləyib. Daha sonra öz xahişilə Şəki Dövlət Teatrına- kurs yoldaşlarının yanına yollanıb və on il Şəki Teatrında işləyib. Oradan da Bala Qasımovun direktorluğu dövründə "Muzkomediya"ya baş rejissor təyin olunub. Bir qədər sonra bəzi səbəblərdən Musiqili Komediya Teatrından gedib və altı il də Gənc Tamaşaçılar Teatrında çalışıb, müxtəlif tamaşalar hazırlayıb...

Deyir ki;- “Artıq neçə illərdir ki, Türkiyədə çalışıram. Ötən müddət ərzində müəyyən işlər görə bilmişəm. Deyə bilərəm ki, fərqli düşünən bir aktyor nəsli yetişdirmişəm və yetişdirməyə davam edirəm. Dərs dediyim kafedrada yetişdirdiyim tələbələr də artıq dərs deyir. Bizim məzunlardan Adana Bələdiyyə Teatrında bir kollektiv qurulmasına və fəaliyyətə başlamasına nail olmuşam. Gözəl tamaşalar hazırlanır. Uzun zamandır ki, rejissor fakültəsi açmağa çalışıram. Mövcud bürokratik qanunlarla qarşılaşsam da israrlıyam. Atalar yaxşı deyib, can çıxmayınca ümid kəsilməz.”

Haqqında söhbət açdığım Cahangir Mütəllib oğlu Novruzov 1954-cü ildə Bakı şəhərində dünyaya gəlib. Tanınmış teatr və kino aktyoru, teatr rejissoru və Azərbaycan Respublikasının xalq artistidir. Hazırda Türkiyənin Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professorudur...

“Hər dəfə Türkiyədən Bakıya gələndə nələrinsə əskik olduğunu görürəm. Sanki qoyub getdiyim mühit deyil. Elə bil, etinasızlaşma, professionallıqdan uzaqlaşma var. Mən Türkiyədə teatr məktəbimi Azərbaycan teatrının klassik qayda-qanunları, ənənələri əsasında, Moskvada, Sankt-Peterburqda gördüyüm nizam-intizam əsasında qururam. Arzu olunsaydı, təbii ki, mən onu burda da edə bilərdim.”- söyləyir.

Heç vaxt ictima-siyasi proseslərə qarışmır. Ölkədə baş verən heç bir hadisəyə münasibət bildirməyə tələsmir. Onu yalnız Azərbaycan teatrının inkişafı maraqlandırır...

Deyir ki;- “O vaxtı Nəsibə xanım xəstəxanada müalicə aldığı üçün Bakıya gəlmişdim, İncəsənət Universitetini keçmiş rektoru Aslan Aslanov da orada müalicədəydi. Məni görüb dedi, sənin Türkiyədə nə işin var? Gəl, sənə kurs verim, burda qal, dərs de. Mən də cavabında dedim ki, Aslan müəllim, gəlim, amma bircə şərtim var, tələbələri imtahanla seçəcəm. Dedi, yox, mümkün deyil. Mən də cavab verdim ki, o zaman mənim də gəlməyim mümkün deyil. Çünki sadəcə və sadəcə istedadına görə seçəcəyim tələbə aktyorların üstündə mənim adım olacaqdı. Mən peşə qürurumu təhlükəyə ata bilməzdim. 25 ildir Türkiyədə sənət imtahanlarında tələbələri sənət vicdanıma görə özüm seçirəm. Müəllimlərimiz Mehdi Məmmədovdan, Adil İsgəndərovdan, Rza Təhmasibdən, anam Nəsibə xanımdan belə tərbiyə almışam. Babam Cahangir Zeynalov Azərbaycan professional teatrını qurarkən xeyir güdməyib, xeyir verib. Nəinki mənə, heç kimə belə bir şans vermirlər. Səbəblərini də hamı bilir, amma susur. Hər dəfə gələndə Azərbaycan teatrının nədən zəiflədiyi haqqında suallar verirlər. Guya səbəbini özləri bilmir. Qoy mənə bilmədikləri şeylər haqqında suallar versinlər.”

İyulun 31-də xalq artistinin 69 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı arzulayıram...

Elman Eldaroğlu

"Paralel.az"

0.021116971969604