Moskvaya dron hücumları: Nüvə silahından istifadə üçün proses başladı
Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini Dmitri Medvedyev növbəti dəfə Ukraynanı nüvə silahı ilə hədələyib. Belə ki, o, “Rusiya silahlı qüvvələri indi əks-hücumu dəf etməklə yanaşı, həm də dünya münaqişəsinin qarşısını alır, çünki ərazisinin bir hissəsi qəsb ediləcəyi təqdirdə Moskva nüvə silahından istifadə etmək məcburiyyətində qalacaq” deyib.
Son günlər Rusiyaya edilən dron hücumları fonunda Medvedyevin bu açıqlaması diqqət çəkir.
Maraqlıdır, Rusiya indiki məqamda Ukraynaya nüvə zərbəsi endirmək istəyir? Bu baş verərsə hansı nəticələr yarada bilər?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, bu açıqlama tamamilə manipulyasiya xarakterlidir:
Kənan Novruzov
“Ukraynanın Rusiyanın torpaqlarında gözü yoxdur. Doğrudur, son zamanlar paytaxt Moskvaya və digər ərazilərə PUA hücumları artıb. Bu, tamamilə normaldır. Rəsmi Kiyev istəyir ki, artıq Rusiya da müharibənin ağrısını hiss etsin. Təsadüfi deyil ki, müharibə Rusiya ərazisinə keçdikdən sonra Kreml sülh təşəbbüsü ilə bağlı çıxış etməyə başlayıb. Görünür, Ukraynanın planları işə yarayır.
İkinci bir tərəfdən, Rusiyanın başı daxildəki vəziyyətə qarışır. Nəticədə Ukrayna torpaqlarını daha rahatlıqla işğaldan azad edə bilər.
Üçüncüsü, bu yolla Rusiya daxilində yerli hakimiyyətə qarşı narazılıq artır.
Yəni Ukrayna tamamilə doğru taktika seçib.
Əgər söhbət ölkələrin ərazi bütövlüyündən gedirsə, onda Rusiyanın Ukraynada nə işi var? Yaxud da Rusiya niyə uzun illər Cənubi Qafqazda separatizmi dəstəkləyib? Dmitri Medvedev bu suallar barədə düşünməlidir.
Nüvə müharibəsi xəbərdarlığına gəldikdə isə deməliyik ki, Kreml bir neçə dəfə bu barədə xəbərdarlıq edib. Düşünürəm ki, nüvə silahı gec-tez tətbiq olunacaq. Rusiya məğlubiyyətinin qaçılmaz olduğunu anlayanda nüvə silahından, ən azı taktiki, yəni qısa məsafəli nüvə silahından istifadə edəcək. Ola bilsin, Qərbin istədiyi də elə budur. Əks halda Kreml bu qədər sıxışdırılmazdı.
Dediyimiz kimi, Rusiya rəsmiləri nüvə müharibəsi ilə bağlı bir neçə dəfə xəbərdarlıq edib. Hələ ki, rəsmi Moskva alternativ variantlar barədə düşünür. Amma “kartlar azalır”. Rusiya taktiki nüvə silahından istifadə etməklə öz qətiyyətini nümayiş etdirmək istəyə bilər. Hərçənd bu, bumeranq effekti verəcək”.
Turan Rzayev
Globalinfo.az