Qərbin Qubad İbadoğlu ilə planı - Naqif Həmzəyev

Qərbin Qubad İbadoğlu ilə planı - Naqif Həmzəyev
 

“Qubad İbadoğlunun konkret cinəyət əməlinə görə barəsində həbs qətimkan tədbiri seçilməsinə baxmayaraq, bəzi dairələr hər vasitə ilə onun həbsini siyasiləşdirməyə cəhd edirlər. İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində həbs edilib. İstintaq araşdırması getdiyi bir zamanda belə bir şəxsin həbsini siyasiləşdirilməsi cəhdi həm beynəlxalq, həm ölkə qanunvericiliyinə zidd olmaqla yanaşı, istintaqın işinə birbaşa müdaxilədir”.  

Bunu “Paralel.az ”a açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, bu, bir daha son zamanlar Qərb dairələrinin fəallaşaraq Azərbaycanın daxili məsələlərinə müdaxilə cəhdinin göstəricisidir. “Qərbdəki bəzi dairələr Azərbaycanın inkişafı və dünyadakı artan nüfuzundan narahat olaraq, ölkədə mövcud sabitliyi pozmaq üçün ən müxtəlif yollara əl atırlar. Azərbaycan cəmiyyətinin ölkədəki ənənəvi radikal müxalifətə inam və etimadı olmadığından   müxalif düşərgəsində “yeni sima” formalaşdırmaqla niyyətlərinə nail olmaq istəyirlər. Həmin dairələr İbadoğlunun həbsindən manipulyasiya və spekulyasiya edərək müxalifətin “yeni siması”nı formalaşdırmağa cəhd edirlər”, - o qeyd edib.

Deputat əlavə edib ki, onların bu cəhdləri hər zaman olduğu kimi, yenə də boşa çıxacaq: “Çünki onların düşündüyü kimi Qubad İbadoğlu müxalif düşərgədə və cəmiyyətdə elə nüfuza sahib deyil ki, ondan  ciddi siyasi sima formalaşdırsınlar. İbadoğlu Azərbaycan cəmiyyətində siyasi fiqurdan daha çox, müxalif mövqeli bir iqtisadçı ekspert kimi tanınır. Bu baxımdan da onun ölkədəki ictimai-siyasi proseslərə təsiri sıfır dərəcəsindədir. FETÖ, SOROS nə qədər cəhd etsə də, ondan ölkədəki proseslərə təsir də biləcək “yeni müxalif sima” formalaşdıra bilməyəcəklər. Onun bunun üçün siyasi bacarıq və qabliyyəti də yoxdur. Belə bir qabiliyyəti olmadığından da müxalif düşərgədə ciddi fiqur kimi qəbul edilmir. O baxımdan da bu başdan demək olar ki, həmin dairələrin İbadoğlu ilə bağlı planları iflasa uğrayıb”.

Deputat onu da əlavə edib ki, əgər o yaxşı siyasi təşkilatçılıq qabliyyətinə malik olsaydı, yaratdığı ADR-i cəmiyyətdə ciddi bir siyasi təşkilata çevirərdi: “Onun yaratdığı hərəkatı siyasi partiyaya çevirmək cəhdi uğursuzluğa düçar olmazdı və nəticədə ətrafındakılar istefa verib oranı tərk etməzdilər. Onun eyni zamanda mövcud müxalif təşkilatlar və onların rəhbərləri ilə konfliktləri mövcuddur. Bir-birinə qarşı savaşdadırlar.  

Soros və FETÖ-nün işi ancaq İbadoğlu ilə hər hansı QHT yaradıb birgə qaranlıq və korporotiv maraqlara xidmət edən pullar qazana bilərlər. Ola bilsin ki, İbadoğlunun bu sahədə bacarığı var. Deyilənə görə, o hansısa Fond yaradıb və bu təşkilat vasitəsi ilə yaxşı əlaqələri olduğu Qərb donorlarından Azərbaycan dövlətçiliyinin maraqlarına xidmət etməyən qrant layihələri alsın. Soros və FETÖ Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq üçün onu maliyyələşdirməklə hansısa palanlar həyata keçirməyi istisna deyil. Yəqin ki, istintaq onun bu hərəkətlərini də araşdıracaq və həqiqəti ortaya çıxaracaq”. 

Deputat onu da qeyd edib ki, İbadoğlu ilə bağlı istintaq davam edir və Azərbaycan da hüquqi, demokratik ölkə olduğundan hər bir insanın hüququ konstitusiya ilə təmin edilir. “Onun konstitusion hüquqlarından istifadə edib öz hüquqlarını müdafiə etmək üçün böyük imkanları mövcuddur. İstintaqın gedişində narazı olan İbadoğlu aşağı məhkəmə instansiyalarından daha yüksək məhkəmə instansiyalarına müraciət edib hüququnu müdafiə edə bilər.

Bir məqamı da xüsusi ilə qeyd edim ki, Azərbaycan da heç bir şəxs siyasi baxışına görə nə həbs edilib, nə də təzyiq və təqiblərə məruz qalıb. Mövqeyindən, baxışından asılı olmayaraq siyasi fəaliyyət göstərmək istəyənlər üçün qanunla hər cür şərait yaradılıb və istənilən şəxs siyasi qanunvericilik çərçivəsində rahat fəaliyyət göstərə bilər. Bu gün Azərbaycanda konkret cinayət əməlinə görə həbs edilənlər var. Bunların arasında siyasi baxışından, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq hər bir kəs ola bilər. Çünki hər bir kəs qanun qarşısında bərabər hüquqa malikdir. Cinayət törədən, qanunu pozan qanun qarşısında cavab verməlidir”.

Paralel.az

0.012546062469482