Böyük Mövlud...

Böyük Mövlud...
 

Azərbaycanın çox böyük yazıçısı var, onları oxumasan, Azərbaycanı bilməzsən, tanımazsan. Azərbaycanın elə böyük yazıçıları da var ki, onları oxumasan, özünü tanımazsan, fərd kimi ta qədimlərdən gələn milli içini, ruhunu bilməzsən. Bunu tarix kitabları yazmaz, Mövlud Süleymanlıda oxuyarsan...
Mövlud Süleymanlı etnik-mifik ruhun mövludundan gözəl “Köç”ümüzü günümüzə uçurur və sonra... Sonrasa “Ayın aydınlığında” “Şeytan”a ürcah oluruq, “Dəyirman”ımız tərs üyüdür, “Duzsuzluq”dan “Səs”imiz-içimiz dəyişir, “Ot”umuz bitmir, “Günah duası” oxuyuruq, nə fayda... qoz qabığına girib “Ceviz qurdu”na çevrilirik...
Mövludsevərlər böyük yazıçını ya “Köç” tərəfdən, ya da “Dəyirman”dan sevərlər. Mövlud bəyin özü “Şeytan” povestini sevər. “Köç” mükəmməl, “Dəyirman” şedevr, “Şeytan” fövqəladədir, amma mənim içimə nədənsə daha çox “Ceviz qurdu” düşüb...

Mövlud Süleymanlı Azərbaycan ədəbiyyatını şöhrətləndirən və şərəfləndirən ədiblərimizdəndir, sevindirici oldu ki, Novruz ərəfəsində 80 yaşını geridə qoyan gözəl yazıçımız nəhayət, yubiley ordeni ilə təltif edildi, “Şöhrət”inə “Şərəf” də qatdı. Təbriklər, Mövlud ağabəy!...
P.S. 30 il əvvəlin “Oğuz eli” şəklidir, soldan-sağa: Mən, Balasadıq dayı (şair, ssenarist Balasadıq Aslanov – ruhu şad olsun), unudulmaz Əhməd Oğuz (ruhu şad olsun) və Mövlud Süleymanlı.

Qəzənfər Həmidoğlu

"Paralel.az"

0.018059968948364