İnsanları tanıdıqdan sonra deyə bilərəm ki...

İnsanları tanıdıqdan sonra deyə bilərəm ki...
 

(Əziz oxucular! Düşüncələrim ayrı-ayrılıqda müxtəlif illərdə dərc edilmişdir.)

Bu dünyada verilən ömür Allahın bizə payıdır. Bu Allahın payını hörmət qazanaraq yaşamaq hər bir insanın həyat amalı olmalıdır. Lakin hər bir şəxsin yaşadığı həyatı boyu bu hörməti qazanmağa gücü, iradəsi, qüvvəsi çatmır. Elə insanlar da var ki, öz tanışları, işlədiyi kollektiv və ictimaiyyət arasında böyük hörmət qazanırlar. Belə insanlar daima ədalət prinsipini gözləyən, saxtakarlıqdan, müxtəlif vasitələrlə oğurluq etməkdən, təkəbbürdən, kimisə şantaj etməkdən, həyasızlıqdan, yaltaqlıqdan, eqoizmdən uzaq, tanıdıqları insanların dərdinə şərik olan, onların daxili aləminə nüfuz edən həssas insanlardır. Həyatın çətin dolablarından uzuağ çıxmaq, müsbət insani keyfiyyətlərini qoruyub saxlamaq, müqəddəs amallara etibarını itirməmək, həyatını şərəflə, ləyaqətlə yaşamaq insanların ancaq bir qisminə qismət olur.

***

Ulu Tanrı hər şeyi görəndir, hər şeyi biləndir. Hər kəs öz əməllərinə, gördüyü savab işlərə görə payını alır. Bu dünyada sənə Allah tərəfindən verilən ömrü gərək elə yaşayasan ki, öləndən sonra sənə heç olmasa bir rəhmət oxuyan, yaxşı, xeyirxah insan kimi xatırlayan olsun. Yaşamaq istəyirsənsə, bu ömrü əqidəli, ləyaqətli İNSAN kimi yaşa. Ancaq çox zaman əksinə olur. Bəzi insanlar əyri yolla yaşamağa can atır.

***

İnsana hörməti bərpa etməliyik. İnsan ləyaqətini təhqir edən, alçaldan nə varsa, hamısını aradan götürməliyik. Pis əməllər törədirik, sonra da şeytanı müqəssir sayırıq. Şeytanı öz içimizdə axtarmalıyıq.

***

İnsanlıq uca zirvədir. Hamı o zirvəyə qalxa bilmir. Kişilik, insanlıq təkcə var-dövlət, pulla ölçülmür. Doğrudur, gözəl yaşayış üçün var-dövlət lazımdır və ömrü boyu insanın bu arzusu onu rahat buraxmır. Ancaq min bir oyundan çıxıb var-dövlət sahibi olmaq onu hörmətdən salır, məhvə aparır.

***

İnsan yaşadığı həyatı boyu daim öz ləyaqət hissini qoruyub saxlamağı bacarmalıdır. Elə insanlar var ki, müxtəlif vəziyyətlərdə hansı səbəblərdənsə, nəyinsə xətrinə bu ləyaqət hissini itirir, insana yaraşmayan xüsusiyyətlər ilə - hiyləgərliklə, fırıldaqçılıqla, adam aldatmaqla, yaltaqlıqla öz məqsədlərinə doğru gedirlər. Belə xüsusiyyətli adamlar çox vaxt öz istədikləri məqsədlərə nail olurlar. Lakin onlar başa düşmürlər ki, onların insana yaraşmayan xüsusiyyətləri ətrafdakılar tərəfindən heç də müsbət qəbul olunmur. Sənətindən, savadından, vəzifəsindən asılı olmayaraq hər bir insan öz həyatını ləyaqətlə, şərəflə başa vurmalıdır. Mənim zənnimcə insan ləyaqətini alçaldan xüsusiyyətlər insanı İNSAN olmasından çıxarır. Öz məqsədinə çatmaq üçün hər addımda əqidəsini dəyişən adamın ətrafdakılar yanında hörməti olmaz.

***

Bu dünyada hər kəsə bir ömür verilir. Verilən bu ömrü elə yaşamalısan ki, neçə illərdən sonra dönüb arxaya baxanda və yaxud özün-özünə hesabat verəndə heç bir peşimançılıq hissi keçirməyəsən, “mən gərək həyatımdakı səhvlərə yol verməyəydim” – deməyəsən. İşlədiyi sahədən asılı olmayaraq insan həyatda düzgün, ədalətli yol tutmağa çalışmalıdır. Öz işinə qarşı məsuliyyətli olmalı, daim öz üzərində işləməlidir.

***

Çox müammalı bir məsələdir. Bəzi müəssisələrin rəhbərləri tabeçiliyində olan işçilərdən düzgün, məsuliyyətli iş tələb edirlər. Əlbəttə, bu təqdirəlayiq haldır. Bu belə də olmalıdır. Lakin həmin müəssisə rəhbərlərinin bəziləri özləri öz vəzifələrini yerinə yetirən zaman bir çox nöqsanlara, hətta ciddi qanun pozuntularına yol verirlər. Belə olduğu halda bu şəxslərin başqalarından düzgün işləməyi tələb etməyə mənəvi haqqları varmı?

***

İnsan həyatı boyu daim nəsə öyrənir. Bu öyrənmək ancaq məktəbdə keçdiyi fənnlərə, elm sahələrinə şamil edilmir. Bu həm də müxtəlif insanlarla münasibətdə olduğumuz zaman özümüz üçün hansısa insan xarakterlərini, xüsusiyyətlərini, onlarda olan naqislikləri, mənəviyyata sığmayan nüansları öyrənməkdən ibarətdir. Əqidəli, yüksək mənəviyyatlı insanlar isə düşüncəsində naqislik, məkr, fırıldaq, ziyanvericilik olan insanlarla münasibətdə olduqda, bu, onlara daxilən əzab verir, insanların özlərini mənəvi cəhətdən niyə belə alçaltmalarının səbəbləri üzərində düşünməyə vadar edir.

***

Gənclərin əksəriyyəti ali məktəbin diplomuna malik olmaq istəsələr də, onların çox az hissəsi bilik qazanmağa səy göstərirlər. Diplomu olan, lakin yüksək səviyyəli kadr kimi özünü təsdiq etməyən ali məktəb məzunlarımız yetərincədir.

***

İnsanlardan uzaqlaşmağımı bir neçə nəfər mənə irad tutub. Onlara cavab olaraq demək istəyirəm ki...
Həyatımda cürbəcür insanlarla ünsiyyətdə, münasibətdə olmuşam. Bunların içərisində əxlaqlı, səviyyəli, dünyagörüşlü, sadə adamlarla bərabər, tərbiyəsiz, lovğa, yalançı, fırıldaqçı, hiyləgər, şöhrətpərəst, tamahkar və başqa insanlığa yaraşmayan xüsusiyyətlərə malik fərdlərə də rast gəlmişəm. Qeyd edim ki, müxtəlif peşə sahibləri içərisində rast gəldiyim və yaxın münasibətdə olduğum bəzi insanlarda üzə çıxan naqislikləri gördükdə, onlardan istər-istəməz uzaqlaşıram. Belə demək mümkünsə, tanıdığım, tanış olduğum, dostluq etdiyim insanlarda yalan danışmaq, paxıllıq, vicdansızlıq, ümumiyyətlə isə insan mənəviyyatına zidd hansısa xüsusiyyəti gördükdə və aşkar etdikdə onunla əlaqəni kəsirəm. Savadından asılı olmayaraq məni düzgün başa düşməyən insanlardan da uzaq olmağa çalışıram.
Qeyd edim ki, mən heç vaxt özümü üstün tutmamışam və eqoistlikdən uzağam. Mən təmiz, saf qəlbli, obyektiv düşünən insanlarla ünsiyyətdə olduqda, onları yaxşı tanıdıqda, onlarla olan münasibəti daha da möhkəmləndirir və davam etdirirəm. Deyim ki, belə insanlar az da olsa, mənim əhatəmdə olub və indi də var.
Bəzi insanlardan uzaqlaşmağımın səbəbi, zənn edirəm ki, sizə aydın oldu.

Fərhad Əsgərov (Ramizoğlu),
yazıçı-jurnalist
P.S. “Xatirələr, faktlar, mülahizələr” başlığı altındə rezonans doğuracaq (kiçik bir material) material yazmaq fikrindəyəm. (Əgər xatirələrimi, faktları bütünlüklə yazsam, 500 səhifəlik kitaba sığmaz. Artıq səhhətim çox işləməyə, düşünməyə, yada salmağa yol vermir.) Heç yerdə eşitmədiyiniz, oxumadığınız ciddi faktlar, qaranlıq məqamlar oxucuları və əlaqədar təşkilatları ciddi düşündürəcək. KİV-lərdə məni izləyin...

"Paralel.az"

 

0.021517038345337