Anadan aktyor olmaq üçün doğulan adam…

Anadan aktyor olmaq üçün doğulan adam…
 

Bu sahədə təhsili olmasa da, anadan aktyor olmaq üçün doğulan adam…

Uşaqlıqdan ətrafında baş verən hadisələri müşahidə etmək çox xoşuna gəlir…

“Aktyor, rejissor olmaq istəyən şəxs ətrafındakı hər kəsin mimika və jestlərinə diqqət etməlidir. Hətta, həyətlərindəki “alkaş”ı, narkomanı, arvadını döyən zalım əri, “bomj”u və s.. Gərək başını hər yerə soxasan.”- söyləyir.

Səbrli insandır, amma əsəbləşəndə özünü saxlaya bilmir, bomba kimi partlayır. Bu da uzağı bir dəqiqə çəkir, ürəyini boşaldandan sonra necə deyərlər, mələməmiş quzu kimi sakitləşir…

Deyir ki;- “Mən yaxşı bilirəm ki, hansısa yaradıcı insan sosial və siyasi məsələləri həll edə bilər. Amma cəmiyyət çox zaman yaradıcı insanlara bambılı kimi baxır. Orta sahibkarlar var, hansı ki, ölkə kişilərinin çoxluğunu təşkil edirlər. 40-45 yaşında qarnı qabağa çıxmış, qara kepqalı kişilər. Elə bilirlər, dükan işlətməklə, maklerliklə, alverçiliklə, qısası pul qazanmaqla dünyanın ən ciddi işi ilə bir tək onlar məşğuldurlar. Ciddi-ciddi öz məsələlərini müzakirə edib, aktyora da yazıq, şikəst, bədbəxt bir adam kimi baxırlar, bax bu məni əsəbiləşdirir. Yeri gəlsə, mən səndən də çox qazanıram. Bu stereotip 1990-cı illərdə yarandı. Bir çox məşhurlarımız xalq artistlərimiz çıxıb efirlərdə “ağlaşma qurdular”. Bu sahədə vəziyyətin pis olduğunu dilə gətirdilər, həqiqətən də pis idi, heç indi də tam düzəlməyib. Amma görünür o qədər giley-güzar eləyiblər ki, bütün hamımızın həyatına sirayət eləyib.”

Bu dəfə sizə Azər Aydəmirdən söhbət açmaq istəyirəm. Azər 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub. 46 saylı orta məktəbi bitirib. Məktəb illərində məktəbin KVN komandasının kapitanı olub. Əslən Xızıdandır. Yüz il bundan qabaq Altıağaca köçən malakan sülaləsinin nümayəndəsidir. Ata nənəsi rus, anası isə dağlıdır, Əmbizlər kəndindən…

Deyir ki;- “8 yaşımda atamı itirmişəm. Və anam məni gec dünyaya gətirib, hardasa 45 yaşında. İnstitututda oxuyanda anam dəmiryolu vağzalında baş kassir işləyirdi. Sonra kompüter erası gəldi və 50, 60 yaşüstü qadınlar yeni dövrün qanunlarına adaptasiya ola bilmədlər. Onların attestasiyası keçirildi, 70 faiz insan işdən çıxarıldı. Ailəmizin yeganə gəlir yeri anamın işiydi. Onda mən mütləq şəkildə bir neçə işdə işləmək məcburiyyətində qaldım. İnstitututa daxil olanda zatən işləyirdim. Onu daha da genişləndirmək, daha aktiv olmaq qərarına gəldim. Avtomobil sektorundaydım. Erkən yaşlarımda bir az da jurnalistika sahəsində işləmişəm. Müxtəlif qəzetlərdə... Beləcə, müxtəlif işlərdə çalışmaq məcburiyyətində qaldım. İçimdə nəsə bir səs deyirdi ki, qəbul olunduğum institutut sayəsində həyatımı qura bilmərəm. Mən mental dəyərli ailədənəm, əslən dağlıyıq. Xızı Bakının qeyri-formal 33-cü kəndi sayılır. Ailəmizdə ali məktəbə daxil olmağımı çox istəyirdilər. Daxil oldum, missiyanı yerinə yetirdim və sonradan öz işlərimlə məşğul oldum.”

Məktəbi bitirdikdən sonra, o, Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə-kredit fakültəsində natamam ali təhsil alıb. Köç və karyera artımı səbəblərindən birinci kursdan təhsildən ayrılıb. İlk fəaliyyət illərində “Azəravtoyol” QSC-nin nəznində olan, "Azərbaycan Yolları", "Zirvə Yolu", "Revanş" qəzetlərində müxbir kimi çalışıb. Sonradan tanınmış neft jurnalı olan "Caspian Energy" də, müxbir və reklam meneceri kimi fəaliyyət göstərib. 2005-ci ildən bir sıra avtomobil şirkətlərində PR və Marketing meneceri vəzifəsində çalışıb. 2008-ci ildə Zirvə Motors (İsuzu) Şirkətinin direktoru işləyib. 2005-ci ildən 2014-cü ilə kimi paralel olaraq restoran və otelcilik fəaliyyəti ilə məşğul olub. Bakının tanınmış karaoke klublarının (Z CLUB) əsasını qoyub. Bir müddət də müxtəlif tədbirlərin təşkilatçı kimi fəaliyyət göstərib.
2009-cu ildən etibarən aktyorluq fəaliyyətinə başlayıb. İlk olaraq bir sıra reklam və kliplərdə çəkilən Azər Aydəmir 2010-cu ildən mütəmadi olaraq filmlərə, seriallara çəkilir. O, 2012-ci ildə "Xoca" filmində Yuri Kovalyov obrazı ilə tanınıb. Buna baxmayaraq, aktyor fəaliyyətini ilk olaraq İctimai Televiziyada yayımlanan "Döngələr" serialı ilə başlayıb. Və bu günədək 40-dan çox filmdə çəkilib.

"Fikrimcə, mədəniyyət sahəsində- kino, teatr, serial sektorunda əsas problem imic məsələsidir. Biz xalq olaraq ya çox ucuza, ya çox bahalıya qaçırıq. Biz dəyər verməyi sevirik, amma tez bezirik və əgər imkanımız varsa, özümüzə ən yaxşısını qıyırıq. Orta statistikliyi çox da sevən deyilik. İndi incəsənət sahəmiz çox kasıb, çox aşağı səviyyədədir. Ümumən, xalqın düşüncəsi budur ki, aktyor yazıqdır, kasıbdır, dolana bilmir. İmic formalaşmalıdır. Kübarlığın, nəcibliyin okeanı kimi yanaşmalıdırlar aktyora. Bu imici formalaşdırmaq üçün deyəcəksiniz ki, pul lazımdır. Xeyr. İmici yalandan formalaşdırıb maliyyə cəlb etmək olar. Bunun gözəl nümunəsi instaqram fenomenləri, bloggerlərimizdir. Məsələn, onlar həmin o imici fotolar, bahalı məkanlarda şəkil çəkdirməkləri ilə, guya, gözəl həyat tərənnüm etməklə yalandan qazanıblar. Onlara heç belə reklam lazım deyildi, amma ediblər. Görün buna incəsənətimizin necə ehtiyacı var. Xalq hazırda mədəniyyətimizə yuxarıdan aşağı baxır. Teatrlarda 8 manatlıq biletlər yığışdırılmalıdır. Qiyməti 50-80 manat olmalıdır. Qoy zal boş olsun, 30 nəfər bahalı geyimlərdə adam gəlsin, şəkil çəksinlər, paylaşsınlar. Madam aldanmağı sevirlər, qoy elə belə olsun. Yəni bütün bu sahəni süni şəkildə bahalaşdırmaq, kübarlaşdırmaq, nəcibləşdirmək lazımdır. Bunu bu gün bir sıra fərdlər bacarır”.- söyləyir.

Ali təhsilini yarımçıq qoyan Azərin istedadı fitrətdən gəlir. 2018-ci ildən etibarən bir sıra film və serialların, ssenari müəllifi kimi də çıxış edir. 2019-cu ildən “Azercell” şirkətinin uğurlu rebrendinqindən sonra, o, “Azercell” Telekomun rəsmi səsi seçilib. Aktyorluq fəaliyyəti ilə paralel, hal-hazırda İctimai Televiziyanın rəsmi səsi və simalarından biridir. Gündəlik sosial-analitik “Sabaha Saxlamayaq” axşam tok-şousunun aparıcısı olub. Hal-hazırda (Discovery Science) tv kanalının "How the universe is works" lisenziyalı layihəsinin İctimai TV də yayımlanan "Kainat necə qurulub" verilişinin Azərbaycan versiyasının siması, aparıcısıdır. Bundan əlavə hər həftə “AvtoFm 107.7” dalğasında dinləyicilərlə "Qarışıq Fəlsəfə" layihəsində ezoterik fəlsəfi söhbətlər edir…

Deyir ki;- “Teatr məbəddir” deyirlər. İstəyirəm bu, təkcə aktyorlar üçün yox, hamı üçün belə olsun. Repertuarı qoyaq bir tərəfə. Hətta marketin də sosial şəbəkələrdə səhifəsi var. Düzdür, indi teatrların səhifəsi var, amma kreativ, cəlbedici, maraqlı olması sual doğurur. Teatrların sosial şəbəkələrdə rəqəmsallaşması ilə yanaşı, orda da PR işləri görülməlidir.
Yanvarın 1-i Moskvada axşam saat 11-in yarısında teatrlar olan küçədə gəzişirdik. Teatrların qarşısında 30-35 nəfərdən ibarət növbə vardı. Həmçinin də gözəl geyimli, gözəgəlimli xanımlar – küçədə bir-bir yaxınlaşıb gecə seanslarına dəvət edirdilər. Bayram günləri idi deyə, teatr gecə də işləyirdi. Orda bu mədəniyyət çox yüksək səviyyədədir. Bundan başqa, bizdə teatrların xarici görünüşündə də problem var. Məncə, teatr binası şən, rəngarəng, seçilən olmalıdır.”

Dediyim kimi, Azər qırxdan çox filmə çəkilib və ona daha çox şöhrət gətirən “Əqrəb mövsümü” olub.

“Sözün düzü bu qədər gözləmirdik. Biz bilirdik ki, intellektual, film və serialları izləyən tamaşaçıları cəlb edə bilərik. Emil Quliyevin, Hikmət Rəhimovun və mənim yaradıcılığımı sevən və orada çəkilən digər aktyor və aktrisaların hər birinin öz filmoqrafiyası var. Bununla yanaşı İTV televiziyasının öz auditoriyası var. Amma gələcəkdə filmin Yutub kanalına da yerləşdirilməsi bizə vəd edir ki, daha çox izlənəcək və seviləcək. "Əqrəb mövsümü"nün dördüncü seriyadan bu qədər səs-küy yaratmasını gözləmirdik. Hətta Hikmət Rəhimovla və mən iki gün telefonları söndürdük və kənara qoyduq. Deyəsən Hikmət Rəhimov telefonu indiyə qədər də telefonu əlinə almır. Çünki o, baş qəhrəmandır. Mənim isə İnstaqram və feysbuk səhifəm çöküb. Yavaş-yavaş heç kimin xətrinə dəyməmək üçün çalışıram ki, sualları cavablandırım. Amma hər şey möhtəşəm oldu. Hələ də davam edir…”

İyulun 24-ü Azər Aydəmirin 37 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram…

Elman Eldaroğlu

"Paralel.az"

0.023437976837158