“Yükləri Laçın yolundan keçirməyə nail olsalar, davamı gələcək” - Elxan Şahinoğlu

“Yükləri Laçın yolundan keçirməyə nail olsalar, davamı gələcək” - Elxan Şahinoğlu
 

“Bu, ölkəmizə qarşı psixoloji və informasiya savaşının tərkib hissəsidir”

Son günlər Laçın yolu ilə bağlı Azərbaycana qarşı təzyiqlər xeyli dərəcədə güclənib. Humanitar bəhanələr gətirilsə də, bütünlükdə siyasi spekulyasiyalardan ibarət olan bu təzyiqlərə Qərbdəki məlum dairələr də qoşulub. Bu dairələrin ikiüzlülüyü və riyakarlığı o həddə çatıb ki, Ukrayna başda olmaqla, az qala dünyanın hər bir nöqtəsində Rusiya və İranla kəskin qarşıdurma yaşamalarına, bu dövlətləri cinayətkar, terrorçu kimi təqdim etmələrinə baxmayaraq, məhz Azərbaycanın suveren ərazilərilə bağlı məsələdə onlarla əməkdaşlığa gedir, eyni mövqedən çıxış edirlər.

Hazırda Ermənistan və onun himayədarları Azərbaycana qarşı növbəti təzyiq vasitəsi kimi ərzaq və digər yüklərdən ibarət yük avtomobillərini Azərbaycanla sərhəddə toplayaraq, Laçın yolundan keçmələrinə icazə tələb edirlər. Onların bu təxribatına isə Avropa İttifaqının baş diplomatı Jozef Borrel səviyyəsində dəstək verilir.

“Paralel.az” xəbər verir ki, politoloq Elxan Şahinoğlu Laçın yolu ilə bağlı yaranan situasiyanı şərh edib:  “Ermənistan hakimiyyətinin humanitar yüklərlə dolu maşın karvanını Laçın istiqamətinə yönəltməsi hiyləgər plandır və üzərində müxtəlif mərkəzlər çalışıblar. Rusiya və İran Qərblə çəkişsələr də, bu məsələdə ortaq mövqedən çıxış edir, bir qrupu Qarabağ separatçılarına açıq, digər qrupu gizli dəstək verdiyini nümayiş etdirir. Azərbaycana qarşı müxtəlif güclər birləşiblər. 

Bu, ölkəmizə qarşı psixoloji və informasiya savaşının tərkib hissəsidir. Beynəlxalq aləmin diqqətini Rusiya-Ukrayna müharibəsindən Qarabağa çəkmək istəyirlər. Nə planlaşdırdıqlarından asılı olmayaraq yükləri Laçın yolundan keçirməyə nail olsalar davamı gələcək. Ona görə də Ağdam istiqamətindən geri addım atmamalıyıq. Kimin nə deməsindən asılı olmayaraq, xarici ölkədən yük məmləkətimizə Azərbaycanın müəyyənləşdirdiyi məntəqədən keçirilməlidir”.

 

0.016264915466309