Mədəniyyət və incəsənətimizin «palatkası»

Mədəniyyət və incəsənətimizin «palatkası»
 

Ona belə deyəndə çoxunun xətrinə dəyir. Deyirlər ki, palatka yox, çadır. Amma çadır desək, bu, toy deyil, yas anlamı ifadə edər. Zatən, sözün mənasına ilk diqqətdə nədənsə, toy deyil, əksi ağla gəlir.

Ağlına gələni dilinə gətirənlərin, ya da yazılı ədəbiyyata sırıyanların zəmanəsində yaşayırıq. Çox az adam dilinin təmizliyinin qayğısına qalır. Dil özü isə belə sanaq, saf bir uşaqdır, onu necə, nəyə öyrətsək, elə var olacaq. Dilin təmizliyi əxlaq məsələsidir.

Şifahi danışıqdan daha vacibinin yazı dili olduğunu unudanların zəmanəsində yaşayırıq. Bu uzun cümlə birbaşa hədəfə keçməmək demək deyil. Dilin ağırlığının insanı necə halsız vəziyyətə saldığını göstərmək üçün belə yazdım. Amma o cümlənin mənasıdır digər məqsədim. Doğrudan da, niyə inkişaf, sürət s.əsrində bir neçə addım irəli getməkdənsə, biryolluq geri düşməliyik?

Dilimizdən bəlaya düşməyin analoqu olmayan gündəmində çabalayırıq. Keçənlərdə, ötənlərdə dilin qrammatikasını elmi şəkildə bilməyən az adam vardı. Onlara da nədənsə savadsız adam deyilirdi. Həmin adamların haqqına girənlər indi bilirsiniz kimlərdir? Ən azı bir universitet bitirib, bir neçə yerdə çalışan, lakin dilin qayda-qanununu yeri gəkdikcə pozan "savadlı"lar. "Lar" dedim, bəli, onlar çoxdu, hər addımda səhv edə-edə, kobud ambisiyaları ilə zərifdən-zərif olan dilimizə qənim kəsiliblər.

Ən pisi odur ki, səhvi edən, səhv yazan hansısa kənar sahənin deyil, elə dilçidir, alimdir, filoloqdur...

Bir neçə məşhur həmkarımın yazısında tapdığım müxtəlif səpkili səhvləri sadalasam, onda gərək oxumağa düz-əməlli bir cümləsi qalmasın. Amma çox ambisiyalıdılar, el arasında deyildiyi kimi "adı qulağına çatıb". Qulağındakı da gözü örtəndə baxmağa yer qalmır. Elə ona görə sıravi bir şəxsin düzgün yazdığı sözdən nəticə çıxarmır, qələm əhlinin dilə yabançılığının demək olduğunun məsuliyyətini dərk etmir. Dərk etməyənlərin bolluğundandır ki, bağlayıcı ilə ədatın, qoşasaitli samitli sözlərin s.fərqi görünmür, bilinmir. Hədd gözlənmir, sərhəd yoxdur. Hər şeyin sərhədi pozulduğundan, kim istəyir edir, deyir, danışır, yazır...

Bu barədə başqa bir vaxt geniş yazaram. O vaxt ki, kimsə öyrənmək istəsin, düzgünü tətbiq etsin. Doğrusu, əziyyətimizin bəhrəsinin min il sonra da olmayacağı təəssüfünü yaşamaq istəməzdim. Səhvlərlə dolu həyatdan səhv nəticə çıxaranlar da özünü sığortalamasın. İrəli getmiş kimi özünü göstərməkdənsə, hərdən geriyə çevrilsinlər. Geridəqalmış zənn etdikləri dövrdən nümunə götürsünlər. Ya da ibrət...

Etməsələr, sivil cəmiyyətlərin onlara verəcəyi qiymət yalnız bu olacaq - töhmət.

 Nigar Orucova

0.015093088150024