Ədil İsgəndərov harada doğulub?
Firuz Mustafa
Gəncə-Şəmkir magistralının (köhnə yolun) sol tərədində salınmış Quşqara kəndi Göygöl (keçmiş Xanlar) ərazisində yerləşir. Bu kəndin yuxarı başında Balçılı kəndidir. Bu, çox böyük, səliqəli, abad, yaşıllıqlar içində qərarlaşmış bir yaşayış məskənidir.
Bir dəfə kiçik qardaşım Ayazla Balçılının içindən keçirdik. Ayaz məndən soruşdu ki, heç bilirsən, SSRİ xalq artisti Ədil İsgəndərov harada doğulub?
Gülüb dedim ki, bax bu kənddə-Balçılıda.
Qardaşım dedi ki, bunu çox dam bilmir, həm də bu böyük rejissora aid bütün mənbələrdə onun Gəncədə doğulduğu qeyd olunur.
-Elədir, -dedim.-Əslində Burada bir böyük xəta da yoxdur, çünki vaxtilə bütün bu ərazilər, o cümlədən Qazax, Şəmkir, Tovuz, Ağstafa, Samux, Göygöl Gəncə quberniyasına daxil idi.
-Amma bütün Balçılı camaatı öz məşhur həmyerlilərinin tərcümeyi-halında doğulduğu yerin dəqiq göstərilməsini istəyir.
Mən soruşdum:
-Görəsən indi o kənddə Ədil İsgəndərovun qohum-əqrabası qalıbmı?
Qardaşım dedi:
-Rejissorun nəslindən sağ qalanlar, indinin özündə də bu kənddə yaşayanlar çoxdur. Onlara burada “İsgəndərbəylilər” deyirlər. Bir neçəsini mən şəxsən tanıyıram. Dostluq etdiyim tay-tuşlar da var. Ədil müəllim bəy nəslindən olub, repressiyanın bəylərə divan tuduğunu görən adamlar, o cümlədən böyük sənətkar, soyadlarının sonundakı titul bildirən “bəy” kəlməsindən imtina etməli olublar.
Orasını da deyim ki, Bakıda nəhəng Ədil İsgəndərovun adını daşıyan kiçicik bir küçə var...
Yaxşı olardı ki, Balçılının girişindəki parka bu böyük sənətkarın adı veriləydi.
"Paralel.az"