"Hər dövranda bir gərdiş var..."

 

"Kimlər gəldi, kimlər getdi
Bu dünyadan, bu dünyadan!..
Arif olan nakam getməz
Bu dünyadan, bu dünyadan…"

Ey, gidi dünya! Bir vaxtlar deyib gülər, yeyib içər, gəzib-dolanardı. İndi isə şəkli başdaşından bizə boylanır...

Deyirdi ki;- “Atamı on yaşım olanda itirmişdim. Ailənin kiçiyi olduğum üçün anam da, bacım da mənim inkişafım üçün bütün şəraiti yaratmışdılar. İncəsənət sahəsini seçdiyim üçün heç vaxt heç bir qadağa, sərhəd qoymurdular. Əksinə, həmişə fəxr edirdilər mənimlə. Çünki o vaxt televiziya yenicə yaranmışdı Azərbaycanda, mən də bu yeniliyin içində idim, hamı məni teleekrandan görüb tanıyırdı. Bu, doğmalarıma sonsuz qürur verirdi. Birinci dəfədir ki, özüm haqqında bu qədər danışıram. Heç vaxt uğurlarımı sadalamamışam, istedadlı, bacarıqlı olduğumu deməmişəm. Həmişə demişəm ki, mənim silahım mənim sadəliyim, səmimiyyətimdir. İndi xatırlayanda görürəm ki, uşaqlığım çox gur keçib. Televiziyadakı, kinostudiyadakı işimdən əlavə, "Bənövşə" uşaq xorunun, 26-lar adına Mədəniyyət Evində, Qaqarin adına Pionerlər Sarayında, Fioletov adına Tibb İşçilərinin Mədəniyyət Evində fəaliyyət göstərən dram dərnəklərinin üzvü olmuşam.”

Bəli, bu dünyada Ramiz Əzizbəyli adında bir aktyor var idi. Gəldi, gördü və getdi. Özündən sonra övladları, bir də canlandırdığı obrazlar qaldı. O, 1948-ci il iyul ayının 20-də Bakı şəhərində anadan olmuşdu. M.A.Əliyev adına İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirəndən sonra aktyor və rejissor kimi fəaliyyət göstərirdi. 1987-ci ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının "Debüt" studiyasında çəkdiyi "Pirverdinin xoruzu" qısametrajlı bədii filmi ilə özünü rejissor kimi təsdiqlədi. Bu film bir neçə beynəlxalq festivalda Azərbaycan kino sənətini uğurla təmsil edib, Kiyev şəhərində keçirilən Ümumittifaq Kinofestivalda "ən yaxşı rejissor debütünə görə" nominasiyasının qalibi olub. Onun 1992-ci ildə çəkdiyi "Bəxt üzüyü" tammetrajlı bədii filmi isə müasir kino tariximizə yüksək bədii keyfiyyətli və ən yüksək kassa gəliri gətirən film kimi daxil olub. Film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin ənənəvi kinofestivalında xüsusi diploma layiq görülüb. Rejissorun 2006-cı ildə çəkdiyi "Yalan" bədii filmi Qarabağ müharibəsi mövzusunun ən uğurlu ekran həllindən biri hesab oluna bilər. Ramiz Əzizbəyli aktyor kimi "Dərviş Parisi partladır", "Şeytan göz qabağında", "Gümüşgöl əfsanəsi", "Kişiləri qoruyun", "Bağ mövsümü", "Bəxt üzüyü", "Bəyin oğurlanması" filmlərində rol alıb. "Hacı Zeynalabdin Tağıyev", "Qızıl Buta" mükafatları laureatı idi.
Sağlığında müəllimlikdən tutmuş, Azərbaycan radiosunda "Gəl, səhərim" verilişinin aparıcılarından biri olmuşdu. Bütün bunlardan savayı, ictimai işlərlə də məşğul idi, çoxlu sayda ictimai təşkilatın üzvü olmuşdu.

“Mənim bu sənətdəki fəaliyyətim 1957-ci ilin fevralından başlayır. O vaxt doqquz yaşım olmasına baxmayaraq, AzTV-nin uşaq redaksiyasında adıma hətta müvəqqəti əmək kitabçası da açılmışdı. Əmək kitabçası müvəqqəti olsa da, redaksiyanın daimi üzvü idim. Azyaşlı olduğum üçün maaşımı özümə vermirdilər, poçta göndərirdilər, valideynlərim gedib götürürdülər. O illərdə verilişlər, teletamaşalar lentə yazılmırdı. Bir tamaşanı aylarla hazırlayıb bir dəfə canlı oynayırdıq. 1959-cu ildə kinostudiyanın dublyaj redaksiyasına cəlb olundum. O vaxta qədər uşaq rollarını da böyüklər səsləndirirdilər. İlk dəfə uşaq obrazlarını səsləndirməyi mənə həvalə etdilər.”- söyləyirdi.

Ramiz Əzizbəylinin adı gələndə, onu bir neçə keyfiyyəti ilə xarakterizə etmək olar- bacarıqlı kinorejissor, teatrda və kinoda müxtəlif xarakterli rolların mahir ifaçısı olmaqdan əlavə, həm də mahnıları qulağayatımlı avazla ifa eləyən duyğusal bir sənətkar kimi. O, teatr və kino sənətimizin ən yaxşı ənənələrini özündə daşıyan incəsənət xadimi idi...

Deyirdi ki;- “Aktyor nə qədər az bilsə, bir o qədər rahatdı. Rejissor kimi həmişə ümumi söhbət etmişəm, yalnız istiqamət vermişəm. Yerdə qalanlarını aktyorlar özləri ediblər. Nadir rejissorlardan idim ki, aktyoru nəyəsə məcbur etmirdim. O özü istiqaməti müəyyənləşdirib yola çıxırdı.”

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti, 1 avqust 2008-ci ildə isə Azərbaycanın xalq artisti fəxri adlarına layiq görülmüşdü. 1 avqust 2018-ci ildə “Şöhrət” ordeni ilə təltif olunmuşdu. Yaşasaydı, iyulun 20-də 75 yaşı tamam olacaqdı. 2021-ci ilin 9 iyun tarixi onun ömür təqvimində sonuncu gün oldu. Ruhu şad olsun!

"Hər dövranda bir gərdiş var,
Min rəng çalır bu rüzigar,
Hünər göstər- bir şey apar
Bu dünyadan, bu dünyadan.

Zeynal gəzər el-obanı,
Gözəllərdir din-imanı,
Bir gün çəkər öz kərvanın
Bu dünyadan, bu dünyadan…"

Elman Eldaroğlu, "Paralel.az"

 

0.026933908462524