Tullantıları mənzil və ya həyətimizdə çeşidləyək

Tullantıları mənzil və ya həyətimizdə çeşidləyək
 

İyul ayının 1-dən etibarən "Liberal İqtisadçılar Mərkəzi" İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Təbiətdə zibil yox, tullantı - xammal var" layihəsinin icrasına başlanılıb. 

"Liberal İqtisadçılar Mərkəzi" İctimai Birliyinin sədri Akif Nəsirli bildirib ki, könüllü əməkdaşların dəstəyi ilə eyni zamanda bir neçə məntəqədə monitorinqlar həyata keçirilir: 

“Layihə cəmiyyət üçün çox böyük maraq kəsb edən sloqan altında həyata keçirilir. Belə ki, layihənin adı həm də onun hədəf şüarı seçilib - "Təbiətdə zibil yox, tullantı - xammal var".  

Səbail rayonunun Badamdar qəsəbəsində apardığımız monitorinqlər nəticəsində müəyyən etdik ki, tullantı-toplanıs məntəqəsinə tullantı gətirən sakinlərin cəmi 18 faizi tullantını evində çeşidləyir.

Digər tərəfdən, monitorinq zamanı rəyi soruşulan sakinlarin böyük əksəriyyət - 93 faizi tullantı konteynerlərinin nə üçün müxtəlif rənglərdə olduğunun fərqində belə deyil. Konteynerlərin nə üçün narıncı və bənövşəyi rəngdə olduğunu soruşduqda, əksəriyyət cavab tapmaqda çətinlik çəkir. Çoxları bunu gözəllik və rəngarənglik məqsədi ilə edildiyini dışünür.

Hörmətli Bakı şəhərinin sakinləri, hər hansı bir işə cəmiyyət kütləvi dəstək verərsə, bununla biz cəmiyyət olaraq onlarla zavod və fabrikin istehsal etdiyi məhsuldan dəfələrlə çox dəyər yarada bilərik. Çünki ən böyük zavodun uzağı bir neçə min işçisi və mexanizmləri ola bilər. Amma Bakı şəhərinin əhalisi milyonlarladır. Həmin milyonların ən azı hər gün dörddə biri tullantı-toplanış məntəqəsinə tullantı daşıyır. Bu isə o deməkdir ki, paytaxtımızda bərk məişət tullantılarının toplanmasında ən azı bir milyon şəhər sakini iştirak edir. Hərə günaşırı bir karton qutunu seçərək, qarısıq tullantıdan xilas etsə, biz hər gün yarım milyon karton qutuya qənaət - onlara yeni həyat bəxş etmiş olarıq. Digər tullantılar üzrə göstəricilər də təxminən eyni olacaq.
 
Bakı şəhər sakini olaraq, biz hər birimiz həyatımızda yaranan tullantıları çeşidləməklə ətrafda əl-ayağınıza dolaşan, lazımsız bildiyimiz karton, plastmas, şüşəyə və ya dəmir parçasına yeni həyat bəxş edə bilərik. Hər gün Bakı şəhərində minlərlə kondisioner, soyuducu, ütü, televizor, paltaryuyan və s. qablaşdırılmış məişət əşyası satılır. Həmin mal alıcının mənzilinə daxil olan kimi artıq qablaşdırma materialları alıcı üçün lazımsız əşyaya çevrilir.

Çünki bütün qablaşdırma materialları məhsulu alıcının mənzilinə sağ-salamat çatdırmaq üçün nəzərdə tutulur. Xırdalıqlara varsaq, biz əslində o "lazımsız" əşyaya çevrilmiş qablaşdırma mteriallarının da dəyərini ödəmişik, ona xərc çəkmişik. Bundan sonra biz həmin qablaşdırma materiallarını aparıb qarışıq tullantı konteynerini atırıqsa, xərcini çəkib aldığımız bu materialları doğrudan da heç nəyə yaramayan zibilə çeviririk. Həm də bir müsəlman cəmiyyəti olaraq israfa yol veririk - dəyərini ödədiyimiz bu materialları dəyərsizləşdiririk. Lakin biz qeyd etdiyimiz materialları təyinatı üzrə konteynerə yerləşdiririksə, bununla tullantıya yeni həyat veririk. Bu materiallar yenidən istehsal prosesinə qayıdır, xammal və ya yarımfabrikant kimi iqtisadiyyatımıza öz töhfəsini verməkdə davam edir.

Həm də bu addımla Allahın bizə verdiyi nemətlərə qənaət etməklə, savab iş görmüş oluruq. Çoxlarımız bu barədə heç düşünmürük də, amma diqqət etsəniz, düşünməyə və ağılli sakin olmağa dəyər. Bu həm şəhərimizin gözəlləşməsinə, təmizliyinə və iqtisadi qüdrətimizin artmasına xidmət edən əməldir. Ona görə də hamınızı həyətınızda və mənzilinizdə yaranan tullantıları seçməyə, çeşidləməyə - tullantını xammala çevirməyə çağırırıq. 

Hörmətli Bakı şəhərinin sakinləri, bir daha diqqətinizə çatdırmaq istərdik ki, tullantı-toplanış məntəqələrində qoyulmuş bənövşəyi konteynerlər qarışık tullantı, narıncı konteynerlər isə kağız-karton, plastmas, şüşə və dəmir tullantılar üçün nəzərdə tutulub”.

Dəniz Nəsirli, "Paralel.az"

Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə, "Təbiətdə zibil yox, tullantı - xammal var" layihəsi çərçivəsində hazırlanıb

0.019093990325928