Ərəb pulları Türkiyə iqtisadiyyatını xilas edəcəkmi? - Ərdoğan səfərinin nəticələri

Ərəb pulları Türkiyə iqtisadiyyatını xilas edəcəkmi? - Ərdoğan səfərinin nəticələri
 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 16-19 iyulda Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərə səfərinin əsas məqsədi nağd pul olub. İndi pul Türkiyə iqtisadiyyatını xilas etmək üçün lazımdır. Qərb fondları pul vermir, bu mənada ümid ancaq ərəb şeyxlərinədir və deyəsən Türkiyə prezidenti öz məqsədinə nail olub.

Paralel.az xatırladır ki, Türkiyə hökumətindəki mənbə səfərdən əvvəl Reuters agentliyinə müsahibə vermiş və bildirmişdi ki, Ankara iki həftə ərzində Fars körfəzinin şeyxlərindən 10 milyard dollar nağd pul gözləyir.

Səfər artıq başa çatıb və məlumata görə, Türkiyə ilə Səudiyyə Ərəbistanı Krallığı arasında iyun ayında başlayan danışıqlarda krallığın neft korporasiyası ARAMCO ilə 80 fərqli türk şirkəti növbəti dövr üçün müxtəlif layihələrə 5 il ərzində 50 milyard dollar sərmayə qoymağı müzakirə ediblər. Bildirilir ki, Ərdoğanın Ər-Riyada səfəri zamanı Türkiyə və Ərəb şirkətləri arasında enerji, infrastruktur və müdafiə sənayesi sahələrində 30 milyard dollarlıq investisiya müqaviləsi imzalanıb.

Ərdoğanın Səudiyyə Ərəbistanından sonra gəldiyi BƏƏ-də enerji, nəqliyyat, infrastruktur, təchizat, e-ticarət, maliyyə, səhiyyə, qida, turizm, daşınmaz əmlak, tikinti, müdafiə, süni intellekt və qabaqcıl texnologiya sahələrini
əhatə edən 13 sənəd imzalanıb və müqavilələrin ümumi dəyərinin 50,7 milyard dollar olduğu açıqlanıb.

Türkiyənin Fars körfəzindəki ən yaxın müttəfiqi Qətərlə də oxşar müqavilələr imzalanıb. Rəqəmlər hazırda açıqlanmasa da, Türkiyə rəsmilərinin nikbin açıqlamalarından anlamaq olar. Ankara yaxın vaxtlarda lazım olan “qaynar pul” (nağd pul) əldə edib.

Ancaq burada riskin bir neçə kiçik elementi var. Birincisi, Fars körfəzinin ərəbləri vəd etdikləri məbləğləri heç də həmişə tam ödəmirlər. Məsələn, Türkiyənin ən yaxın dostu Qətərin 2018-ci ildə Branson böhranı zamanı Türkiyə Mərkəzi Bankını xilas etmək üçün 15 milyard dollar sərmayə yatıracağına dair vədlərinə baxmayaraq, son 5 ildə faktiki olaraq cəmi 1,4 milyard dollar sərmayə qoyub.

İkinci risk bu investisiyaların qiymətindədir. Türkiyədəki müstəqil ekspertlər və müxalif siyasətçilər iddia edirlər ki, ərəb şeyxləri Türkiyəyə yerli şirkətlər və bizneslər, eləcə də vəd verən mülklər müqabilində nağd pul verirlər. Yəni Fars körfəzindən gələn pul müqabilində türk dövlətinə məxsus ərazilər, müəssisələr ərəblərə verilir. Son illər ərəb investorlarının Türkiyədə bir sıra fabrik və daşınmaz əmlak alması faktları artıq müşahidə olunub.

Təbii ki, Türkiyə hakimiyyəti də bu riskləri görür. Lakin mövcud maliyyə-iqtisadi böhran Ankaranı müəyyən güzəştlərə getməyə məcbur edir.

Paralel.az

0.014756202697754