Rusiya elitası çətin durumda -Dadaş Əhmədli
Həftəsonu Rusiya Prezidenti Vladimir Putin müalicə olunarkən (dərmanlar və lazımi tibbi prosedurlar aparılarkən) və istirahət edərkən onun yaxın ətrafı çətin bir problemin həllini tapmağa çalışırdı - rus auditoriyasının diqqətini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Putinə vurduğu sillədən (Azov komandirlərinin Ukraynaya təhvil verilməsi, Ukraynanın NATO-ya daxil olma ehtimalının tanınması, Ukraynaya əlavə həcmdə silahların verilməsi) necə və hansı istiqamətdə yayındırmaq. Tapşırıq o qədər çətin olub ki, heç bir həll tapılmayıb və gündəmdə olan bu məsələnin sadəcə olaraq, inkar edilməsi qərara alınıb. “Xəyanət”ə görə Ərdoğan üzərinə qəzəblə getmək variant deyil. Rusiyaya məhsul idxalında əsas pay sahibi olmaq Türkiyə prezidentinin şəxsi qərarıdır, üstəlik “dost” Rəcəb Suriya, Liviya, Ermənistan və başqa yerlərdə çoxlu problemlər yarada bilər ki, bu da mübaliğəsiz, Rusiyadakı hakim rejim üçün fəlakətə çevrilə bilər.
Ona görə də Putinin ətrafı ümumi rəyə gəlib ki, prezident üzündəki tüpürcəyi silsin və özünü elə aparsın ki, elə bil, xüsusi heç nə baş vermir. Üstəlik, çoxsaylı daxili problemlər də var ki, onların da həlli mümkünsüzdür. Vaqner ÖHŞ və şəxsən Yevgeni Priqojinlə məsələ açıq qalır və müəyyən irəliləyiş olsa da, yaxın günlərdə onu həll etmək mümkün deyil, hələ ki, ilkin danışıqlar mərhələsindədir. Priqojini “Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Xüsusi Hərbi Əməliyyatın rəhbərliyindən uzaqlaşdırılması” informasiyasını gündəminə atmaqla qane etmək heç də uğur gətirməyəcək. ÖHŞ rəhbəri o qədər də axmaq deyil və Gerasimovun işdən çıxarılmasını hələ "qiyam"dan əvvəl bilirdi. Priqojinin indi ehtiyac duyduğu, sadəcə, simasını qorumaq deyil, o, Putin deyil ki, üzünə tüpürməyə dözsün, o, Rusiya rəhbərliyinin hərbi üsyana son qoymaq üçün danışıqlar zamanı üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb edir - təkcə Gerasimov və Şoyqunun işdən çıxarılmasını deyil, eləcə də, onların məsuliyyətə cəlb edilmələrini istəyir. Üstəlik, Priqojin Sergey Surovikinə qarşı hər cür məhdudiyyətin götürülməsini TƏLƏB EDİR. ÖHŞ-nin inadkar rəhbərini necə sakitləşdirmək olar, Putinin ətrafı hələlik yalnız həll yollarını arayır.
Putin özü ağır xəstədir və sual yaranır ki, onun oxşarı xarici səfərlər zamanı prezidenti layiqincə əvəz edə bilərmi? Prezidentin ətrafına daxil olan insayderlərin əksəriyyəti hesab edir ki, belə bir əvəzetmə mümkündür və risk etməyə dəyər. Yekun qərar isə Putinindir. Prezidentin oxşarı artıq bir neçə mümkün səfər üçün hazırlıqlara başlayıb. Ən yaxşı mütəxəssislərin və ən yaxşı dərmanların müalicəsinə baxmayaraq, prezidentin səhhəti pisləşməkdə davam edir. Son pisləşmədən, o, sol gözü ilə daha pis görməyə başlayıb və gözün zəifləməsi və ağrı demək olar ki, keçmir.
"Paralel.az"