İstedada kim gün ağlamalıdır? - Firuz Mustafa yazır...

İstedada kim gün ağlamalıdır? - Firuz Mustafa yazır...
 

Son vaxtlar imkan tapdıqca ədəbiyyatımızın, mədəniyyətimizin, jurnalistikamızın, elmimizin bir çox nümayəndələri haqqında kiçik qeydlərimi paylaşmaqdayam. Bu adamların bir çoxu sağ ikən az qala “unudulub”. Niyə gizlədim, mən onların madda vəziyyətinin gündəmə gəlməsinə çalışıram. Yaxın-uzaq dost-tanışların bir çoxu mənə öz iradlarını bildirərək deyirlər: “Sən həmin adamların fəxri adlarla, təqaüdlərlə, mənzillərlə təmin olunmasını istəyirsən?” Düzü, cavab verməyə çətinlik çəkirəm. Və düşünürəm ki, bu adamlara başqa hansı yolla, hansı vasitə və vəsaitlə dəstək vermək olar? Axı bizdə mətbuatda reklam bazarı formalaşmayıb ki, jurnalist yüksək maaş alsın. Axı bizdə oxucu auditoriyası elə də geniş deyil ki, yazıçı qonorarla dolana bilsin. Axı bizdə, məsələn, teatrlar o qədər “gəlirli” deyil ki, bəstəkara simfonik və ya klassik üslubda musiqi yazmagı sifariş etsin. (Yeri gəlmişkən, böyük bəstəkarımız Arif Məlikovun dünyanın onlarla ölkəsindəki teatrlarda anşlaqla oynanılan “Məhəbbət əfsanəsi” baleti, səhv etmirəmsə, indiyəcən bizim milli oprera və balet teatrında tamaşaya qoyulmayıb. Nə yaxşı ki, bu dünyada Yuri Qriqoroviç (xoreoqraf) və Niyazi (dirijor), Maya Plisetskaya (balerina) varmış…)
Hə, yuxarıda jurnalistlərin vəziyyətinə toxundum. Əlbəttə, mən istərdim ki, jurnalistlər tam azad və sərbəst olsunlar. Onlar, məsələn, öz halal qonorar və maaşları, bir sözlə, şəxsi gəlirləri ilə dolansınlar, öz pulları ilə özlərinə mənzil alsınlar. Amma gəlin görək bizdə belə jurnalistlər çoxdurmu? Zənnimcə, yox. Deyə bilərsiz ki, axı dövlətimiz jurnalistlər üçün ev tikib, özü də mənzillər (pulsuz-parasız) bağışlayıb. Bəli, doğrudur. Elə isə düşünmək olar: bu mənzillər kimlərə verilməlidir? Təbii ki, istedadlı, təcrübəli, bir az gurultulu çıxsa da, vicdanlı jurnalistlərə. Əlbəttə, mənzil alanlar sırasında bu cür jurnalistlərə də təsadüf olunur. Amma nə yazıqlar ki, həmin mənzillərin böyük əksəriyyəti jurnalistikaya dəxli olmayan, iki cümləni ard-arda qoşa bilməyən, hələ “latın dilində” oxuyub-yazmağı bacarmayan “jurnalistlərə” verilib, “bağışlanıb”. Mən hələ bu “jurnalistlər” arasında səlahiyyətli adamların ev qulluqçusunun, sürücüsünün, katibəsinin… qısası, “yaxın adamlarının” olduğunu demək istəməzdim. Demək istəməzdim ona görə ki, bu, biabırçılıqdır. Hələ həmin binaların tikintisinə xərclənən pulların necə “yeyildiyini” də demək istəmirəm. Bu, əsl faciədir.
Bəli, haqqı olanların əksəriyyəti qaldı kənarda. Məsələn, Yusif Kərimov, Məzahir Süleymanzadə, Nəsir Əhmədli, Amil Avey… kimi tanınmış qələm adamları. Onlar müxtəlif tədbirlərdə görüşlərimiz zamanı mənzil “bölgüsü” sahəsində yol verilmiş nöqsanlar barədə öz narazılıqlarını bildirirdilər. Və hər biri jurnalistlərə örnək olan bu adamlar, səhv etmirəmsə, mənzilə-evə həsrət qaldılar. İndi onlar həyatda yoxdur. Əli ətəyindən uzun olanlar hər cür əxlaqi dəyərləri tapdayaraq ürəklərinin deyil, mədələrinin hokum ilə qərar çıxardılar. Düzdür, indi onların bir çoxu öz cəzalarını çəkməkdədir.
Sözün qısası, əgər dövlət təmənnasız mənzil və ya mükafat verirsə, niyə bunlar istedadlı adamlara qismət olmasın? Amma və lakin… İstedadsızlar bu cür məsələlərdə öz “istedadlarını” çox gözəl nümayiş etdirə bilirlər. İstedadlılar isə həmişə abırlı olur və “arxada” qalır.
"Paralel.az"

0.016793966293335